Dünya bazarlarında vəziyyət hələ də qeyri-müəyyəndir. ABŞ-dəki inflyasiya, gömrük rüsumları və texnologiya səhmlərinin enib-qalxması investorları ehtiyatlı olmağa məcbur edir.
Anadolu Agentliyinin məlumatına görə, süni intellekt sahəsinə yatırımların gəlirliliyi ilə bağlı şübhələr və borclanma xərclərinin artması “Nvidia”nın səhmlərini 3,9 faiz ucuzlaşdırıb. Buna “S&P Global” Agentliyinin şirkətin kredit reytinqini mənfi izləməyə alması da təsir edib. Nyu-York birjasında “Micron” və AMD səhmləri də dəyər itirib. Nəticədə “Dow Jones” indeksi 0,33 faiz artsa da, “S&P 500” 0,25 faiz, texnologiya yönümlü “Nasdaq” isə 0,62 faiz geriləyib.
Digər tərəfdən, ABŞ iqtisadiyyatının üçüncü rübdə 4,3 faiz böyüməsi və inflyasiyanın 3,3 faizə yüksəlməsi Mərkəzi Bankın dekabrda faizləri artıracağı ehtimalını gücləndirib. ABŞ-nin Çin və Avropa İttifaqı da daxil olmaqla 14 ölkəyə əlavə gömrük rüsumu tətbiq etmək planı isə bazarlarda gərginliyi artırıb.
Bundan başqa, ticarət narahatlıqları və Almaniya iqtisadiyyatının zəif göstəriciləri Avropa birjalarını mənfiyə salıb. Almaniyada DAX 40 indeksi 1,26 faiz, Fransada CAC 40 isə 0,75 faiz azalıb. Asiya bazarlarında isə ucuzlaşan texnologiya səhmlərinə marağın artması yüksəlişə səbəb olub. Yaponiyada “Nikkei 225” 1,6 faiz, Cənubi Koreyada “Kospi” 1,7 faiz, Honkonqda isə “Hang Seng” 1,9 faiz bahalaşıb. Cənubi Koreya Mərkəzi Bankı isə uçot dərəcəsini artıraraq 3,25 faizə çatdırıb.
Gərginlik və bazarlardakı qeyri-müəyyənlik əmtəə qiymətlərini artırıb. Qızılın unsiyası 0,6 faiz artaraq 3596 dollara, gümüş isə 2,1 faiz bahalaşaraq 42 dollara çatıb. Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumundan sonra “Brent” markalı neftin bareli 1,1 faiz artaraq 95,7 dollar olub. Dollar indeksi isə 103,8 səviyyəsində qərarlaşıb.
Təhminə VERDİYEVA,
“Azərbaycan”