29 Yanvar 2025 08:25
194
SİYASƏT
A- A+
Tramp Administrasiyası praqmatizmi dəyərləndirir

Tramp Administrasiyası praqmatizmi dəyərləndirir


Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmək üçün böyük baza və real potensial var


ABŞ Prezidenti Donald Tramp inaqurasiyası zamanı etdiyi çıxışda həm müttəfiq, həm də rəqib dövlətlərə münasibətdə səsləndirdiyi "Öncə Amerika" prinsipini eyni sərtliklə nümayiş etdirməkdədir. Prezident Trampın Davos İqtisadi Forumunda onlayn formatda etdiyi çıxışda bu yanaşmanı beynəlxalq auditoriya üçün də təkrarlaması xarici siyasət sahəsində onun edəcəyi ciddi dəyişikliklərdən xəbər verir. 

ABŞ-nin yeni Dövlət katibi Mark Rubionun öz "X" sosial şəbəkə hesabındakı aşağıdakı açıqlaması da xarici siyasətdə çox məsələlərə yenidən baxılacağı müjdəsini verir: "Hər xərclənən dollar, hər maliyyələşdirilən layihə, həyata keçirilən siyasət ABŞ-ni daha təhlükəsiz, daha güclü və firavan etməsi nöqteyi-nəzərindən əsaslandırılmalıdır". 

Prezident Donald Tramp artıq xarici ölkələrə ABŞ-nin göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dair sərəncam imzalayıb. Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur (burada istisna yalnız iki dövlətə, İsrail və Misirə münasibətdə edilib). Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-nin xarici yardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir.

Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədə suallar həm də qəbul edən tərəflərdə yaranıb. Məsələn, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ötən həftə mətbuat konfransında deyib ki, "ABŞ-dən gələn pullar tez-tez digər ölkələrin suverenliyinə xələl gətirmək üçün proseslərin maliyyələşdirilməsinə istifadə olunurdu. Məlum oldu ki, Amerika pulları düzgün olmayan prosesləri maliyyələşdirmək üçün sərf olunurdu".

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Bayden-Blinken Administrasiyası dönəmində Ermənistana (texniki) yardımları faktiki iki dəfə artıraraq 250 milyon dollara çatdırıb. Bu xərclər hətta Ermənistanın iqtisadi və ya sosial inkişafına yönəldilsə də, həmin yardımlar təcavüzkar keçmişi olan, revanşist meyilli Ermənistana imkan verir ki, bunun sayəsində öz büdcəsində həmin sahələrə vəsait ayırmasın, qənaət etsin və bu vəsaiti hücum xarakterli silahlanmaya yönəltsin. Bu da göstərir ki, hətta humanitar xarakterli düşünülən yardımlar reallıqda başqa məqsədlər üçün sui-istifadə olunur. 

Diplomatiyada siyasi müdaxilə məqsədilə "yumşaq vasitə və ya alət" kimi istifadə edilən texniki yardım məsələsinə yenidən baxılması həm yeni Amerika administrasiyası tərəfindən, həm də qəbul edilən tərəfdən qaldırılırsa, deməli, islahat aparılası məqamlar çoxdur. Ermənistana edilən davamlı yardımlar aidiyyəti regiona münasibətdə sabitliyin və sülhün əldə edilməsində çoxsaylı suallar və narahatlıq yaradırsa, deməli, həmin yardımların təyinatına və effektivliynə yenidən baxılmalıdır. 

Ermənistan hökuməti xarici siyasətdəki "yelləncək siyasəti" ilə həm Rusiyadan yararlanmağa çalışır, həm də Qərbin yanında olmaq istəyir. Ermənistanın etibarsız tərəfdaş olması, xarici və iqtisadi siyasətdə müstəqil olmaması, alıcılıq qabiliyyətinin çox aşağı olması onun ciddi və etibarlı tərəfdaş kimi qəbul edilməsini çətinləşdirir. 

Bu gün Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi dairələri düşündürən məsələ yeni ABŞ Administrasiyasının Cənubi Qafqaz siyasətinin necə qurulacağıdır. Digər bir məqam isə Avropanın yeni təhlükəsizlik arxitekturasının gələcəyi və onun Cənubi Qafqaz regionuna təsiri ilə bağlı məsələlərdir. Hərbi büdcəsi 824 milyard dollardan çox olan ABŞ-nin yeni Prezident Administrasiyası NATO üzvü olan Avropa tərəfdaşlarından müdafiələrinin təşkili ilə bağlı xərclərini özlərinin təmin etməsi üçün hərbi xərclərini ÜDM-in 5 faiz həcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropa dövlətində bu xərc 2-3 faiz arasında dəyişir. Hərbi xərclərin artırılması NATO üzrə tərəfdaş kimi Birləşmiş Ştatları qane etsə də, Avropa İttifaqı üzvü dövlətləri arasında rəqabət və qısqanclığı gücləndirir. Məsələn, Almaniyanın hərbi xərclərinin artması qonşu Polşa və eləcə də İtaliya tərəfdən narahatlıqla qəbul edilir. 

Rusiya-Ukrayna müharibəsinin dayandırılması və bu problemin hərtərəfli həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri Avropanın ümumi təhlükəsizlik axritekturasının gələcəyi, Rusiya və NATO dövlətləri arasında təhlükəsizlik zəmanəti ilə bağlıdır. Xüsusilə birinci məsələ kontekstində Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi ilə bağlı məsələlər də hansısa formada və hansısa mərhələdə müzakirə predmetində yer ala bilər. 

Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşə hazırlıq istiqamətində regional və qlobal mövqelərini möhkəmləndirir. Kremldə İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması, Çinlə dövlət başçıları səviyyəsində onlayn formatda keçirilən görüşdə dostluq münasibətləri və çoxqütblü dünya düzəninin əhəmiyyətinin vurğulanması bunu təsdiq edir. Rusiya üçün prioritet məsələ ABŞ və Avropa dövlətləri ilə Ukraynaya dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çox siyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir. 

Azərbaycan ABŞ ilə enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uzunmüddətli səmərəli əməkdaşlıqdan çıxış edərək, münasibətlərə yeni məzmun verilməklə onu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-nin 47-ci Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda da bu faktor vurğulanmışdır: "Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər".

Müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləri ilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qaz ehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyata keçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühüm rol oynadı. Azərbaycan öz qazını "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya, neftini Bakı-Tbilissi-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Aralıq dənizi limanı olan Ceyhana ixrac etməklə ABŞ-nin Avropada NATO üzvü olan müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına sabit şəkildə töhfə verir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib komponentlərindən biridir. NATO üzvü olan dövlətlərin milli təhlükəsizliyinin təminində Azərbaycanın iştirakı isə həm də ölkəmizin dost və etibarlı tərəfdaş kimi beynəlxalq tərəfdaşlıqda mühüm rolunun və funksiyasının olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev Donald Trampa ünvanladığı təbrik məktubunda "ənənəvi sahələrdə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın qətiyyətlə davam etdirilməsi" ilə yanaşı, "yeni əməkdaşlıq sahələri üzrə də sıx işləmək" qətiyyətini və "əməkdaşlığın yeni məzmun kəsb edəcəyinə" inamını ifadə etdi. Cari il yanvar ayının əvvəlində Prezident İlham Əliyev yerli mətbuat nümayəndələrinə müsahibəsində Birləşmiş Ştatlarla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq ismarışını açıqlamışdı. Strateji tərəfdaşlıq isə əsasən təhlükəsizlik və hərbi-müdafiə sahələrində intensiv əməkdaşlığı ehtiva edir. Prezidentin təbrik məktubundan sitat bunu daha aydın təsdiqləyir: "İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir".

ABŞ-Azərbaycan münasibətlərində digər vacib bir komponent terrorizmlə mübarizədə birgə fəaliyyət və Birləşmiş Ştatlar hökumətinə hakimiyyətdə hansı partiyanın nümayəndəsinin olmasından asılı olmayaraq bu sahədə uzun illər məhdudiyyətsiz dəstəyin göstərilməsidir. Bu sahədə də Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğrultmuşdur. Əfqanıstanda həyata keçirilən uzunmüddətli birgə əməkdaşlıq və ABŞ-nin Əfqanıstana müxtəlif təyinatlı uçuşlarının həyata keçirilməsində Azərbaycanın verdiyi nəqliyyat-loqistik yardım ikitərəfli münasibətlərdə etibarlılığa və qarşılıqlı dəstəyin olmasına çox yaxşı nümunədir. Hətta bu səylərin dəstəklənməsi və genişləndirilməsi niyyəti ilə "Azadlığı Dəstəkləmə Aktı"na 1992-ci ildə edilən ədalətsiz 907-ci düzəliş dayandırılmışdır. Amma keçmiş administrasiyanın Əfqanıstandan qaçmasından və Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra Bayden Administrasiyası 2023-cü ildə 907-ci düzəlişin bərpasına qərar vermiş və Azərbaycana hərbi yardımların edilməsini dayandırmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə "Bayden-Blinken Administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət" göstərildiyini dedi. "907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken Administrasiyasının nankorluğunun təzahürü" kimi səciyyələndirən dövlətimizin başçısı "bunun da nəticəsində ikitərəfli əlaqələrin böhrana sürükləndiyini" bildirdi. 

İnaqurasiyası zamanı etdiyi çıxışda "Mən sülhməramlı olmaq, bütün müharibələri dayandırmaq istəyirəm" mesajını verən Donald Tramp dünyada sülhün bərqərar olmasını prioritet elan etdi. Azərbaycan və Ermənistan arasında müharibə yoxdur, çünki Azərbaycan dövləti Ermənistanın beynəlxalq hüquqa zidd işğalına son qoymuşdur. İki ölkə arasında de-fakto sülh və sabitlik var və onun davamlı sülhə çevrilməsi üçün sülh müqaviləsinin imzalanması və onun implementasiyası vacibdir. Bu istiqamətdə də Tramp Administrasiyasının sülhməramlı missiyası üçün imkanlar var. Sülh müqaviləsinin əksər müddəaları üzrə razılıq əldə edildiyindən bu, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstruktiv addımlar atması və Azərbaycanın məlum obyektiv şərtlərini qəbul etməsi prosesini sürətləndirə bilər. Praqmatizmi qiymətləndirən yeni ABŞ Administrasiyasının bu istiqamətdə Azərbaycanın sülh səylərini dəstəkləməsi və əldə ediləcək real nəticə Prezident Donald Trampın başqa regionlardakı sülh missiyası üçün də uğurlu nümunə ola bilər. 

Sadalanan faktorlar ABŞ Administrasiyasının Azərbaycanla münasibətləri nəticəyönümlü strateji tərəfdaşlıq səviyyəsində aparmaq və uğurlu perspektivlər əldə etmək üçün yaxşı bazadır.


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən ilin dekabrında bankların kredit portfeli artıb  

11:29
30 Yanvar

Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib  

11:21
30 Yanvar

DİN: Axtarışda olan 37 nəfər saxlanılıb  

10:56
30 Yanvar

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının internet informasiya ehtiyatı istifadəyə verilib  

10:51
30 Yanvar

Azərbaycanın iki universiteti ilk dəfə “Şanxay reytinqi”ndə TOP 500-də yer alıb  

10:48
30 Yanvar

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!