Bunu Xalq artisti Səidə Quliyeva deyir
Tamaşaçılar onu "Atayevlər ailəsi" tamaşasında yaratdığı Reyhan obrazı ilə tanıdılar. Ömrünün gənc çağlarında böyük ustalıqla yaratdığı Reyhan obrazı ilə yaddaşlara öz möhrünü vurdu. Teatrsevərlər Azərbaycan Teatr səhnəsinə gözəl səs tembri, səhnə mədəniyyəti, böyük yaradıcılıq məharəti ilə seçilən gənc sənət adamının gəlişini gördülər. Biliyi, bacarığı, xüsusi istedadı ilə fərqlənən gənc aktrisa qısa bir zamanda səhnə ustası kimi özünü təsdiq edərək tamaşaçıların sevimlisi oldu. Qızlarının aktyor olmasına mane olmaq istəyən atalara onu misal çəkdilər: "Səidə Quliyeva da aktrisadır, bir onun əxlaqına, davranışına baxın, nümunə götürüləsi xanımdır. Aktyorluq sənətində pis nə var ki?..." - dedilər.
Səidə Quliyeva 1957-ci il martın 5-də Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. 2000-ci ildə Əməkdar, 2012-ci ildə Xalq artisti fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb. 10 may 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
"Mən Ədil İsgəndərovun tələbəsi olmuşam. Elə bir zaman idi ki, Ədil müəllim kinostudiyadan çıxıb İncəsənət İnstitutunda dərs deyirdi. Yalnız bu işlə məşğul idi. Bir məsələni də qeyd etməyim vacibdir. Aktyor yetişdirilmir, ona istiqamət verilir. Ədil müəllim də bizə yaxşı aktyor olmağımız üçün istiqamət verirdi. Bilirsiniz necədir? İstedad tamam başqa şeydir. İstedad adamın canında olmalıdır. Bu, səndə yoxdursa, kənardan nə etsən mümkün deyil. Quyuya su tökməklə quyu sulu olmaz. Aktyor sənəti də belədir. Nə qədər kənardan desən də, öyrətsən də, "onu elə et, bunu belə elə" deməklə, istedad yoxdursa, alınmayacaq. İnsanın içindən gəlməlidir. Buna da Allah vergisimi deyək, istedadımı deyək, bilmirəm nə adlandıraq? Aktyorda o olmalıdır. Bunsuz aktyor olmaq mümkün deyil".
Xəyalları onu keçmişə, gənclik illərinə qaytarır. "Atayevlər ailəsi" televiziya tamaşasında yaratdığı Reyhan obrazını xatırlayır: "Tamaşaçılar məni Reyhan obrazı ilə tanıdı. 19 yaşında gənc qız idim. İnstitutu bitirib teatra gəlmişdim. Televiziya tamaşasında ilk rolum idi. Kamera nədir bilmirdim. Allah rəhmət etsin Lütvi Məmmədbəyova, bircə dəfə Lütvi müəllim dedi ki, "Səidə, sən kameraya baxma, sənin kamera ilə işin yoxdur, diqqətini obrazın daxili aləminə ver. Elə etməlisən ki, tamaşaçılar Reyhanın sən olduğuna inansınlar".
Əsas rolları Məlik Dadaşov, Zərnigar Ağakişiyeva, Kamal Xudaverdiyev, Vəfa Fətullayeva, Fuad Poladov, Əliabbas Qədirov ifa edirdilər. Faud çox istedadlı sənətkar idi... Əliabbas Qədirov bilirsiniz necə aktyor idi? Onun səs tembrini Allah elə yaratmışdı ki, o, bir cümlə ilə romantikanı, ülvi hissləri tamaşaçıya çatdırmağı bacarırdı. Allah Azərbaycana çox istedadlı aktyorlar bəxş etmişdi. Təəssüf ki, bəzilərinin ömürləri qısa oldu. İndi baxıram, ətrafımda belə sənətkarlar yoxdur. Meydan getdikcə boşalır. Mənim bu gün oynamamağımın bir səbəbi də budur. Kiminlə oynayacağam? Boş simalar, daxili aləmi boş insanlara nə qədər gülmək olar?"
Aktrisanın böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olub. Tamaşaçılara Heronu uğurla təqdim edən Səidə Quliyeva sonralar müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaradıb. Xalq artisti Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş.Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaradıb.
Dünyanın səhnəsində ölüm, qan, qırğın görünür
Xalq artisti Səidə Quliyeva deyir ki, teatr cəmiyyətin bir parçasıdır. Teatrın bugünkü vəziyyətindən, mədəniyyət sahəsində baş verən proseslərdən danışarkən mütləq dünyada və cəmiyyətdə gedən prosesləri gözdən keçirməliyik. İstəsək də, istəməsək də, dünyada baş verən proseslər bu və ya digər formada bütün sahələrə təsirini göstərir. Planetimizdə baş verən hadisələrin Azərbaycana da təsiri var. Böyük dövlətlərin dünyanı yenidən bölüşdürmək cəhdləri göz qabağındadır. Əgər Yer kürəsində baş verənləri bir teatr tamaşasına bənzətsək, səhnədə daha çox ölümə, göz yaşına, qanlı qırğınlara rast gəlmiş olarıq. Dünyanın belə bir vəziyyətində yaradıcı insanlar yaxalarını çəkib kənarda durmamalıdırlar. Mədəniyyət xadimləri önə çıxmalı, müharibənin eybəcərliklərini göstərən, "dünya mənimdir" deyib qamarlamaq istəyən insan kimilərini ifşa edən əsərlər yaratmalıdırlar.
Belə bir zamanda aktyorun vəzifəsi istedadının gücü və imkanları çərçivəsində ona tapşırılan rolu tamaşaçıya çatdırmaqdır. Tamaşaçı onu nə cür qəbul edəcək, nə cür dəyərləndirəcək, bu, artıq təkcə tamaşaçının deyil, hamımızın problemidir. Həm də bu gün oynanılan tamaşalar teatrsevərlərin zövqünə, intellekt səviyyəsinə uyğun olmalıdır. Tamaşa hazırlananda da bütün bunlar nəzərə alınmalıdır.
Teatrda olan problemləri həll etmək aktyorun işi deyil. Məsələn, zamanın tələbinə uyğun səhnə dekorasiyasını qurmaq, aktyorları geyimlə təmin etmək və digər təchizat məsələləri aktyorun fəaliyyətinə daxil olmur.
Teatrlara maraq çoxdur
Teatrların bugünkü vəziyyətindən söz açan aktrisa deyir: "Bu gün "teatra maraq azalıb, tamaşaçı azdır, adamlar teatrlara gəlmirlər" deyənlər yanılırlar. Və yaxud teatrdan xəbəri olmayan adamlar belə danışırlar. Pandemiyadan əvvəl həqiqətən də teatra az adam gəlirdi. Maraq "yox" dərəcəsində idi. Pandemiya zamanı bizi də ən çox düşündürən bu idi ki, teatr işə başlayanda tamaşaçımız olacaq, ya yox? Akademik Milli Dram Teatrının açılışında biz tamaşaçıların sayının çoxluğunu görəndə özümüz də təəccübləndik. Zalda boş yer tapmaq mümkün deyildi... Elə bu gün də bu templə teatrlara tamaşaçı marağı davam etməkdədir".
Obrazın böyüyü-kiçiyi olmur
Səidə xanım deyir ki, aktyor üçün obrazın böyüyü-kiçiyi olmur. Əsas məsələ odur ki, aktyor o obrazı yaşaya bilsin. Bu gün Saqarellinin "Xanuma" tamaşasında nənə obrazını oynayıram. Balaca bir epizoddur. Orada aktyora lazım olan hər şey var. Rəqs, səs tembri. Bir sözlə, aktyora imkanını açmaq üçün hər şey var. Açıq deyəcəm, hətta Xalq artisti fəxri adına təqdimata verilməyim də bu rolla bağlıdır. Yaratdığım bu obrazı gördükdən sonra mədəniyyət naziri mənə Xalq artisti fəxri adının verilməsi barədə təqdimat verdi.
Səidə xanım deyir ki, bu gün cəmiyyətdə həm aktyorların, həm də valideynlərin üzərinə çox böyük yük düşür. Valideynlər övladlarının peşə seçiminə fikir verməli, onları düzgün istiqamətləndirməlidirlər. Balaca uşaqdan soruşursan nə olmaq istəyirsən, deyir ki, polis, prokuror... Peşələrin çətinliyini, işin ağırlığını uşaq dərk etmir. Valideyn də sevinir ki, mənim oğlum polis olacaq, mənim qızım həkim olacaq... Bütün peşələri uşaqlara sevdirmək lazımdır. Bizim dövrdə hamı kosmonavt olmaq istəyirdi. Niyə? Çünki Yuri Qaqarin kosmosa uçaraq insanların qəhrəmanı olmuşdu. İnsanlar özlərini qəhrəman kimi görmək istəyirlər. Bu, gözəl haldır. Amma bu, mümkün olası şey də deyil.
Hansı valideyndən soruşsan qızının aktrisa olmasını istəyərsən? "Yox" deyəcək, bunun da müəyyən səbəbləri var. Düzdür, aktyorluğu gözdən salan oyunbazlar var. İnsan namusunu kimə görəsə qorumur. Bunu başqa cür ifadə etsək, deməliyik ki, insanı damğalamaq olmaz. Bütün peşələrin içində namuslu, özünün və ailəsinin şərəfini hər şeydən üstün tutan ləyaqətli insanlar var. Hamımız adi həyatda insanıq. Aktyor da, müğənni də səhnədə sənət adamıdır. Səhnəni tərk etdi, atadır, anadır, valideyndir, övladdır, bacıdır, qardaşdır...
Kütlə psixologiyası ilə düşünənlər elə zənn edirlər ki, bunlar sənətdədirlərsə, onların həyatı qeyri-səmimi, tamam başqa cür olmalıdır. Onu da deyim ki, insanlarda bu düşüncəni formalaşdıran da bəzən sənət adamlarının özləri olub. İstedadı kasad olanlar, tez məşhurlaşmaq istəyənlər, sənətinin gücü ilə insanların yaddaşında yer ala bilməyənlər, abırsız və əxlaqsız hərəkətləri ilə tanınmaqla yadda qalırlar. Aktyorluq mənim peşəmdir. Mənim çox gözəl ailəm var. Azərbaycanda özüməməxsus nüfuzum var. Bunu deməkdə məqsədim odur ki, oxucular da anlayırlar ki, normal həyat tərzi ilə yaşaya-yaşaya bunları əldə etmək mümkündür.
47 ildir bu sənətdəyəm. Mənim çəkildiyim filmlər Qran-prilər alıb. Özü də haralarda? Almaniyada, Fransada Amerikada... Mən o səviyyəni heç zaman endirmərəm.
"İnsan gərək öz peşəsini sevsin"
Xalq artisti Səidə Quliyeva deyir ki, insan gərək öz peşəsini sevsin, sənətinin kamil bilicisi olsun. Nizami Gəncəvi əbəs deməyib: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Mən peşəmi çox sevirəm. Hər səhnəyə çıxmazdan əvvəl mənə elə gəlir ki, ilk dəfə səhnəyə çıxacam. Bütün rollarımı sevə-sevə oynamışam. Xoşuma gəlməyən, sevmədiyim rollarım da olub. Amma şükürlər olsun ki, bu gün xoşum gəlməyən, ürəyimə yatmayan rollara "yox" deyə bilirəm. Nüfuzumu qorumaq üçün bunu etməyə borcluyam. Öz üzərimdə ciddi çalışıram. Şıxəli Qurbanovun "Sənsiz" tamaşasında baş rolu - Sevinci oynayırdım. Ayda iki-üç dəfə tamaşa olurdu. Mənim bu günə kimi şakərimdir, bu, bütün aktyorlarda belə olur. Axşam tamaşadırsa, iki-üç gün əvvəl rolu təkrarlayırıq ki, tamaşaçı qarşısında sözləri unutmayaq. Mən yalnız "Sənsiz"də yox, bütün tamaşalarımda rolu həyatımla, ruhumla yaşayıram. Onun taleyini özümünkü hesab edib ağlayıram. Mən ağlamasam, tamaşaçıya təsir edə bilmərəm. Tuncer Cücenoğlunun "Uçqun" tamaşasında mənim bir monoloqum var. Hər dəfə o monoloqu göz yaşıma boğularaq söyləyirəm. Görürəm ki, mən ağlayan zaman tamaşaçı da ağlayır. Sən insanın daxilinə bağlanıb onu düşündürməlisən. Əgər yaratdığın obrazla bunları edə bilsən, sən sənətkarsan. Bu gün aktyorlarımızın çoxunda bu çatışmır.
"Mən anayam, Azərbaycan xanımıyam, mənim içim doludur"
Son zamanlar mənə az rol verilir. Vaxtilə mən həddindən artıq çox işləmişəm. Həm teatr tamaşalarında, həm də filmlərdə kifayət qədər sanballı rollarım olub. İndi mənə sual verəndə mən keçmişimə qayıdıram. Sözün düzü, hazırda işim yox dərəcəsindədir. Çəkilən filmlərə çəkilmirəm. Ssenarini oxuyuram, xoşuma gəlmir imtina edirəm. Teatrda da hələ ki mənə uyğun rol yoxdur. Gələcəkdə uyğun rol olarsa, böyük məmnuniyyətlə iştirak edərəm...
Mən Azərbaycan xanımıyam, içim doludur. Aktrisa kimi səhnədə olmaq istəyirəm. Yeni obrazlar yaratmaq istəyirəm. Çox istərdim ki, şəhid anası obrazını yazsınlar, onu yaradım. Yoxdur! Təzə mövzulara, yeni əsərlərə müraciət edilməlidir. Qarabağda böyük zəfər qazanmışıq. Oğullarımız oz qəhrəmanlıqları ilə dünyaya səs saldılar. Məgər onların göstərdikləri qəhrəmanlıqları əks etdirən pyes yazmaq olmaz? Məmnuniyyətlə doqquz ay bətnində övladını bəsləyib ömrünün ən yaxşı çağında onu itirən ananın obrazını yaradardım. Müqəddəs şəhid anasının. Bilirsiniz, həm də necə yaradardım?
Fikir vermisiniz, yaralı əsgər qarın altından başını qaldırıb son sözünü - "Qarabağ Azərbaycandır", - deyib. Bunun səhnə obrazını yaratmaq olmazmı? O oğulları yetişdirən, bu vətənə bəxş edən anaların obrazı yaradılmalıdır!
Nə yaxşı ki qəzetlər, saytlar bu qəhrəmanlıqları, belə oğulları müəyyən qədər təqdim edə bilirlər. Açığını demək lazımdır ki, mətbuat istisna olmaqla yaradıcı mühit belə bir qəhrəmanlıq mövzusunu təqdim edən hansısa dəyərli sənət əsərini hələ ortaya qoya bilməyib. "Fəryad" filminin gücünə, insanların şüuruna, pisixologiyasına təsirinə fikir verin. İnsanların mübarizə ruhuna təsiri nə qədər idi...
Bu gün sıravi əsgərdən tutmuş Ali Baş Komandana kimi bütün qəhrəmanların bədii obrazı yaradılmalıdır.
Bizim yazarların bir səhv cəhəti də bilirsiniz nədir? Aktyorların yaşına uyğun obrazlar yaratmırlar. Aktyor yaşlaşdı, hər şey bitir. Bu, belə olmamalıdır. Aktyor yaşlaşdıqca püxtələşir. Mənə bu gün yaşıma uyğun obraz versinlər, görün onu necə yaradıram. Bütün dünyada aktyorların yaşına uyğun rollar yazılır. Mən bunu arzulayıram. Yaxşı işlər görmək istəyirəm. Yaxşı nə varsa, xalqımıza da onu arzulayıram.
Elşən QƏNİYEV,
"Azərbaycan"