29 Avqust 2026 10:30
775
Mədəniyyət
A- A+
Şuşanın ilk Bülbülü

Şuşanın ilk Bülbülü


Qədim Şuşa onun üçün yalnız dünyaya göz açdığı, boya-başa çatdığı yurd deyildi. Pünhan duyğularının, şirin xəyallarının ilk şahidi də bu şəhər idi. Bənzərsiz səsi ilə ifa etdiyi xalq mahnılarının, muğamların da ilk dinləyiciləri Şuşanın başıqarlı dağları, saf bulaqları, yamyaşıl yamacları idi.

Bu şəhərdə qeyri-adi səsi olanlar çox olub və bu çoxluğun içində istedadı olanın görünməməsi, diqqətdən kənarda qalması mümkünsüzdü. Çünki Şuşada musiqi duyumu olmayan, musiqidən baş çıxarmayan tapılmazdı. Odur ki, istedadı olanlar üçün bu bənzərsiz şəhərdə musiqiçi, xanəndə kimi tanınmaq və məşhurlaşmaq çətin deyildi. 

Şuşanın musiqi mühitində yetişən sənətkarların hər birinin taleyində bu şəhərin özünəməxsus bir izi var. Gözəl səsi ilə Bülbülcan kimi tanınan Əbdülbaqi Zülalovun sənət yolu da belə bir mühitdən başlayıb. 185 il öncə - 1841-ci ildə Şuşada dünyaya göz açan Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov da bütün şuşalılar kimi, xalq mahnılarımızı, muğamlarımızı mahir xanəndələrin ifasında dinləyə-dinləyə böyüyüb. Gözəl səsini və meylini görüb musiqi təhsili alması üçün onu xarrat Qulunun məktəbinə qoyublar. Məktəbi bitirdikdən sonra tarzən Sadıqcanla birgə yalnız Qarabağda deyil, Şəkidə, Şirvanda və Gəncədə məclislərdə, el şənliklərində çıxış edib.

Əbdülbaqi səsi və ifaçılıq qabiliyyəti ilə gənc yaşlarından seçilən xanəndələrdən idi. Xan qızı Natəvanın bağında qurulan məclislərdə, 1873-cü ilin avqustunda Şuşaya su çəkdirməsi  münasibətilə təşkil olunan şənlikdə o da iştirak edib. Musiqişünas Mahmud ağanın dəvəti ilə dəfələrlə Şamaxıya gedib, orada təşkil edilən musiqi müsabiqələrində iştirak edib və birincilik qazanıb. Beləcə, şöhrəti vətəninin hüdudlarını aşıb. Cavan yaşından Qafqazda və İranda bir çox məclislərdə iştirak edib. 

1875-ci ilin əvvəllərində Tiflisə köçən sənətkar ömrünün 30 ilini orada keçirib. Böyük tarzən Sadıqcanın müşayiəti ilə Tiflisdə ilk çıxışından sonra onun şöhrəti sürətlə yayılıb. Xanəndə kimi bütün Gürcüstanda tanınıb. Gürcü dilini öyrənən Əbdülbaqı Azərbaycan muğamlarını həm də gürcü dilində oxuyub. Bu dildən başqa, ləzgi, kumık dillərini də öyrənib, həmin dillərdə mahnılar oxuyub.

Gözəl səsi, mahir ifası ona Bülbülcan adını qazandırıb. Bu ad sonralar sənətkarın adı ilə elə qaynayıb-qarışıb ki, Əbdülbaqi Zülalov Azərbaycan musiqi tarixində daha çox Bülbülcan kimi tanınıb.

Tiflis o illərdə Cənubi Qafqazın mədəniyyət mərkəzlərindən idi. Burada keçirilən xeyriyyə konsertlərində yerli sənətçilərlə yanaşı, məşhur rus, italyan müğənniləri və musiqiçiləri də iştirak edirdilər. Bülbülcan belə tədbirlərin fəal iştirakçılarından olub. O, tarzən Sadıqcanla birlikdə Tiflisdə yaşayan yoxsul müsəlmanların xeyrinə təşkil olunan konsertlərdə də səhnəyə çıxıb. Ümumiyyətlə, sənətkarın şöhrəti o qədər böyük olub ki, Tiflisdə yüksəksəviyyəli məclislərin bir çoxu Bülbülcan və onun 6 nəfərdən ibarət dəstəsi olmadan keçirilməzdi. Teatr tamaşalarının fasilələrində, konsertlərdə və müxtəlif məclislərdə onun ifaları dinlənilərdi.

Dövrün mətbuatı da Bülbülcanın sənət fəaliyyətinə biganə qalmayıb. Tiflisdə nəşr olunan "Ziya" qəzetində belə bir elan dərc edilmişdi: "Bu yaxın vaxtda füqəra və misginlərdən ötrü Tiflisdə bina olunan İran xəstəxanasının sərmayəsinə qüvvət və mənfəət vermək qəsdilə həmin ayın 8-də Tiflisin teatr imarətində ibrətnüma və fərəh-əfza, növbənöv görməli və eşitməli tamaşalar olacaqdır. Avropa və Şərq nəğmələrində xoşavaz xanəndələr vasitəsilə muğamat musiqi icra olunacaqdır və Tiflis əhlinin dildadəsi olan xanəndə və sazəndələrdən Əbdülbaqi və Sadıq dəxi hazır olacaqdır. Əvvəliminci dəfədir ki, Tiflis və İran müsəlmanları bu gün (bunun kimi) baisi-fəxr (fəxr eləməli) və tərəqqi olan payəyə (pilləyə) qədəm qoyacaqlar". "Qafqaz" qəzeti isə yazmışdı: "Bu gün 22 iyun 1886-cı ildə Arsurini teatrının binasında həvəskarlar tərəfindən tatar dilində M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası oynanılacaq. Tamaşanın fasilələrində Əbdülbaqinin sazəndə dəstəsi çalacaqdır".

Xanəndənin həyatının maraqlı məqamlarından biri də 1888-ci ildə III Aleksandrın Qafqaz səfəri şərəfinə Tiflisin Müctəhid bağında qurulan məclisdə çıxışı olub. Onun ifasından vəcdə gələn çar canişininə xanəndənin at üstündə Kovalenski prospekti ilə (hazırda Rustaveli prospekti) keçməsinə icazə verilməsini tapşırıb.   

Sənətkarın yüksəksəviyyəli məclislərdə çıxışı sonrakı illərdə də davam edib. 1900-cü ilin mayında bir neçə gün Tiflisdə qalan Müzəffərəddin şahın şərəfinə saray bağında təşkil olunan məclisdə çıxış edən xanəndələr arasında Bülbülcan da olub. Onun ifasından heyran qalan şah sənətkarı "Şiri-xurşid" ordeni ilə təltif edib. 1904-cü ildə isə I Nikolayın qardaşı knyaz Mixail Romanov Tiflisə səfəri zamanı "Edem" bağında təşkil edilən ziyafətdə Bülbülcanın ifasını dinləyib. Xanəndənin sənətindən heyrətlənən knyaz barmağındakı dörd karatlıq brilyant üzüyü çıxararaq ona bağışlayıb.

Bülbülcan 1905-ci ildə doğma Şuşaya qayıdıb. Yetim qalmış qardaşı uşaqları Əli və Qəmbərin qayğısına qalıb, onları boya-başa çatdırıb.

Böyük sənətkar 1920-ci ildə Bakıya köçüb. Bülbülcanı dahi bəstəkar Üzeyir bəy Hacıbəyli muğam ustası kimi dərs deməyə dəvət edib. Qocaman xanəndə müğənnilik fəaliyyətini davam etdirməklə yanaşı, gənc xanəndələr yetişdirib. O, əvvəlcə qısa müddət "Şərq musiqisi kursları"nda, 1923-cü ildən isə Azərbaycan Dövlət Türk Musiqi Məktəbində muğamdan dərs deyib. 

Bülbülcanın ifası, sənətkarlıq məharəti bir çox xanəndə üçün nümunə, məktəb olub. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid Şuşinski kimi istedadlı xanəndələr Bülbülcanın yaradıcılığından bəhrələniblər. Cabbar Qaryağdıoğlu zəngulə vurmağı Bülbülcandan öyrəndiyini etiraf edib.

Məşhur musiqişünaslar ustad xanəndə Bülbülcanın barəsində xoş sözlər yazıblar. Üzeyir bəy Hacıbəyli məqalələrinin birində Qafqaz millətləri arasında tanınmış və beynəlmiləl truppa düzəltmiş musiqiçilərdən bəhs edərkən onun da adını qeyd edib: "Tarzən Sadıqların, xanəndə Əbdülbaqilərin adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlar". Cabbar Qaryağdıoğlu isə "Keçmiş Azərbaycan musiqisi" adlı xatirələrində yazıb: "Xarrat Qulunun şagirdi, bütün Qafqazda məşhur olan xanəndələrdən Əbdülbaqi Zülalov, "Zabul" dəstgahını çox təmtəraqla oxuyardı. "Hasar"a keçəndə elə bir səda ilə oxuyardı ki, heç bir kəs bunu bacarmazdı. Çünki "hasar" zəngulə istəyən nəğmədir, Əbdülbaqi isə gözəl zənguləli səsə malik olduğundan bu muğamı layiqincə ifa edərdi".

Bülbülcan 86 yaşında - 1927-ci ilin avqustunda Bakıda vəfat edib. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:27
29 Avqust

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

10:26
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

09:50
29 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb

09:47
29 Avqust

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

09:22
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!