26 Avqust 2026 08:00
5956
SİYASƏT
A- A+
Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq


Azərbaycan-Özbəkistan əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geosiyasi və geoiqtisadi bağlantısı üçün əhəmiyyətli rol oynayır


"Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır".

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistandan səsləndirdiyi bu bəyanat Bakı və Daşkənd arasında formalaşan yeni reallığın mahiyyətini dəqiq əks etdirir. Bu gün Azərbaycan və Özbəkistan münasibətləri, sadəcə, iki dövlətin ikitərəfli əməkdaşlığı çərçivəsindən çıxaraq Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi inteqrasiyasını təmin edən əsas hərəkətverici qüvvəyə çevrilib.


Dərinləşən əlaqələr, gerçəkləşən hədəflər 


Ölkələrimiz arasında əsrlərdən bəri mövcud olan tarixi, mədəni və mənəvi bağlar bu gün, sadəcə, bəyanatlarla deyil, konkret hüquqi mexanizmlər, iqtisadi layihələr və institutlaşmış strateji tərəfdaşlıqla möhkəmlənir. Bakı və Daşkənd arasında inkişaf edən münasibətlər strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq məntiqi üzrə uğurla irəliləyir. 2024-cü ilin avqustunda Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında müqavilədən sonra bu ilin 23 avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" əlaqələrin keyfiyyətcə yeni və ən yüksək mərhələsini özündə ehtiva edir. 

Müqavilə iki dövlətin beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini rəhbər tutaraq münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad və müttəfiqlik əsasında qurduğunu təsbit edir. Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı blok və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr və ya qruplar tərəfindən digər tərəfin dövlət maraqlarına qarşı istifadəsinə yol verməməyi öhdələrinə götürürlər. Bu sənəd böyük güclərin rəqabəti fonunda iki ölkənin regional sabitlik amili kimi çıxış etməsini təmin edir. Özbəkistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası zamanı bu xüsusi məqama diqqətçəkən ölkəmizin başçısı qeyd edib ki, biz ikitərəfli formatda, iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik: "Bu, avtomatik rejimdə baş verir".

Əbədi dostluq haqqında müqavilədə təkcə təhlükəsizlik sahəsi ilə bağlı deyil, ölkələrimizin siyasi, iqtisadi, mədəni əlaqələri barədə də mühüm məsələlər əksini tapıb. 

İki ölkə nəqliyyat sistemlərinin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət ayırır. Sənəddə əks olunub ki, yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar.

Urgenç-Xankəndi, Urgenç-Naxçıvan və Buxara-Laçın kimi şəhərlərarası tərəfdaşlıq razılaşmaları regionlararası əməkdaşlığı gücləndirir.

Prezident İlham Əliyev və Özbəkistan rəhbəri Şavkat Mirziyoyev arasında formalaşmış yüksək şəxsi etimad dövlətlərarası münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Liderlərin həyata keçirdiyi genişmiqyaslı islahatlar hər iki ölkənin iqtisadi potensialını və beynəlxalq nüfuzunu artırıb.

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi tərəfdaşlıq konkret rəqəmlər və mexanizmlərlə möhkəmlənir. İki dövlət ticarət dövriyyəsini 2030-cu ilədək 1 milyard dollara çatdırmağı hədəfləyir.  


Vahid geosiyasi və geoiqtisadi məkan


Özbəkistan Qarabağın bərpası prosesinə praktiki dəstək verən ilk ölkələrdən biri kimi öz qardaşlıq mövqeyini nümayiş etdirib.

Ölkəmizin rəhbəri Daşkənddə mətbuata bəyanatında ölkələrimiz arasındakı bu səmimi əlaqələr barədə deyib: "Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub". 

Azərbaycan və Özbəkistanın yaxınlaşması Xəzərin iki sahilini bir-birinə bağlayaraq vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırır. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyaya da güclü impuls verir.

Azərbaycan Xəzərdən Qərbə, Özbəkistan isə Mərkəzi Asiyadan Xəzərə çıxış imkanlarını birləşdirərək Orta dəhlizin əsas aktorlarına çevriliblər.

İki liderin sarsılmaz siyasi iradəsi, Ali Dövlətlərarası Şura və Birgə İnvestisiya Fondu kimi institusional mexanizmlərin effektiv fəaliyyəti, habelə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi göstərir ki, bu tərəfdaşlıq kağız üzərində deyil, reallıqda dərinləşir. Azərbaycan və Özbəkistanın həm Orta dəhliz kimi nəqliyyat-logistika layihələrində, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində artan birgə rolu Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geosiyasi bağlantısını və sabitliyini təmin edən əsas amilə çevrilib. Bu strateji ittifaq təkcə iki dövlətin deyil, bütövlükdə geniş Avrasiya coğrafiyasının təhlükəsizliyinə, iqtisadi tərəqqisinə və xalqlarımızın rifahına xidmət edən davamlı inkişaf modelidir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!