Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Tağıyev Əli Azad oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunub.
Sentyabrın 21-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, daxili işlər orqanlarının əməkdaşları, din xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında şəhid Əli Tağıyevin məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Əli Tağıyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb. Şəhid Əli Tağıyevin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdiyi şücaətdən söz açan İlqar Abbasov bildirib ki, Azərbaycan xalqı Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, onların qəhrəmanlığı gələcək nəsillərə örnək kimi çatdırılır.
İlqar Abbasov qeyd edib ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi zəfərlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnib. Şəhər İcra Hakimiyyətinin başçısı çıxışında bu tarixi nailiyyətin əhəmiyyətindən söz açaraq, 27 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını və şəhər sakinlərini təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Sonra çıxış edənlər şəhid Əli Tağıyevin qəhrəmanlığından söz açaraq, onun əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər.
Şəhidin doğmaları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Əli Tağıyev Şirvan şəhər 16 nömrəli tam orta məktəbin məzunu olub. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. Komando hərbi birləşmələrində xidmət edib. 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyev 21 sentyabr 2023-cü ildə Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin müvafiq sərəncamları ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Seyran CAVADOV,
“Azərbaycan”