I və II Qarabağ müharibələrində olduğu kimi, 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatı zamanı da Masallı rayonundan xeyli döyüşçü iştirak edib və araşdırmalarıma görə, son döyüşdə onlardan 8 nəfəri şəhidlik zirvəsinə ucalıb. Onlar aşağıda adlarını qeyd etdiyimiz cəsur Vətən oğullarıdır: 1. Abbasov Mehdi Əmrah oğlu –sıravi əsgər; 2. Babayev Sahil Sarıbaba oğlu – MAHHXHQ hərbi xidmət qulluqçusu; 3. Əhədov Eltac Əjdər oğlu – sıravi əsgər; 4. Həmidli Mikayıl Vüqar oğlu – leytenant; 5. İsayev İsmayıl Çərkəz oğlu – leytenant; 6. Məmmədov Ramil Habil oğlu – sıravi əsgər; 7. Mirzəyev Sənan Vüqar oğlu – sıravi əsgər; 8. Yusifli Şəmistan Şikar oğlu – leytenant.
Onların hər birinin öz hekayəsi var. Bəzilərinin valideynləri ilə bərabər övladları bizə yadigar qalıb, bəziləri heç ailə qurmağa macal tapmayıblar. Amma onları birləşdirən tərəfləri də az deyil. Bu cəhətlər təkcə Masallı torpağının yetişdirməsi olmaqları deyil, cəsurluqları, Vətən yolunda canlarını sipər etmələri, bu yolda şəhadətə yüksəlmələridir. Ömrün baharında torpağı atadan-anadan, sevgilidən, gül qoxulu övladlarından da uca tutaraq şəhadəti seçdilər və indi də öz boyları boyda bir məzarda uyuyurlar. Məkanları cənnət olsun, qəbirləri nurla dolsu. Bu igidlərdən ikisi – Mikayıl Həmidli və İsmayıl İsayev Bakıda, II Fəxri Xiyabanda dəfn olunublar.
Leytenant Mikayıl Vüqar oğlu Həmidli 1998-ci ilin 28 dekabrında Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açsa da, təhsilini əsasən Bakıda alıb. Yaxşı idmançı idi, 2017-ci ildə Muay-Tay üzrə Bakı birincisi olmuşdu. II Qarabağ müharibəsində Suqovuşan, Talış kəndi, Ağdərə və Füzuli istiqamətində gedən döyüşlərdə igidlik göstərmiş, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
2023-cü il 19 sentyabrda başlayan lokal antiterror əməliyyatı zamanı Ağdərənin Paprəvənd kəndi istiqamətindəki döyüşdə böyük şücaət göstərib, lakin düşmən gülləsinə tuş gələrək qəhrəmançcasına şəhid olub. “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə” görə ordeninə layiq görülüb (ölümündən sonra). Yeganə övladı Davud atasının ölümündən sonra dünyaya gəlib.
Leytenant İsmayıl Çərkəz oğlu İsayev 24 aprel 2000-ci ildə Masallıda dünyaya göz açıb. Bakı İslam Universitetində təhsil alıb, 2021-ci ildə universiteti, eyni zamanda xüsusi atıcılıq kursunu uğurla bitirib. İdmanla xüsusi məşğul olurdu. Budo Döyüş Sənəti üzrə ikiqat dünya çempionu idi. İsmayıl İsayev çox istedadlı və çox cəsur bir gənc idi. “Vətəni sevmək imandandır” deyərmiş. Bu duyğular onu ordu sıralarına çəkmişdi. 2021-ci ilin 6 iyulunda ordu sıralarına yollanan İsmayıl 9 ay “N” saylı hərbi hissədə xüsusi xidmət keçərək post komandiri (çavuş rütbəsilə) təyin olunub. Sonra ona leytenant rütbəsi verdilər. Daha sonra XTQ-nin Komando mənsubu olaraq kəşfiyyat komandiri kimi xidmət edib. O da 2023-cü il sentyabrın 19-da Ağdərənin Paprəvənd kəndi uğrunda gedən qızğın döyüşdə qəhrəmanlıq göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv edib, lakin döyüşdən sağ çıxa bilməyib, cəmi 23 yaşında şəhidlik zirvəsinə qovuşub. Ailə qurmağa macal tapmayıb.
Masallıda Vətən müharibəsi iştirakçıları, qazilər, şəhidlər həmişə uca tutulur. Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin problemləri ilə həmişə maraqlanır, bu qəbildən olan vətəndaşların problərini həll edir, onların yanında dayanır. Şəhid məzarlarını tez-tez ziyarət etməyi isə özünə mənəvi borc sayır. 20 sentyabr tarixində icra başçısı Araz Əhmədov və Aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev Bakı şəhəri II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri qəhrəmanlıq Vətənə sədaqətin və milli iradənin parlaq nümunəsidir. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin olunub. Bu tarixi nailiyyət Azərbaycan Ordusunun şəxsi heyətinin, o cümlədən Masallıdan olan hərbçilərin göstərdiyi şücaət və fədakarlıqla sıx bağlıdır.
Ziyarət çərçivəsində şəhidlərin ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı şəhid ailələrinin müraciətləri və onları narahat edən məsələlər dinlənilib, ailələrin qayğıları ilə maraqlanılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri ilə söhbət zamanı onların problemlərinin diqqətdə saxlanıldığını, müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib.
Görüşdə şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların ailə üzvlərinin qayğı və problemlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, şəhid ailələri, müharibə iştirakçıları və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qarşılaşdıqları məsələlərin həlli istiqamətində işlərin aparılması diqqətdə saxlanılır. Ziyarə t bir daha göstərib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunur, onların ailələrinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Seyran CAVADOV,
“Azərbaycan”