"Avropa İttifaqının yarımhərbiləşmiş missiyasının Ermənistandakı mövcudluğunun legitim əsası yoxdur. Digər tərəfdən, Aİ-nin "müşahidə missiyası"nın tərkibi, sayı, fəaliyyət müddəti və istiqamətləri ilə bağlı Praqada əldə olunmuş razılaşma Brüssel və İrəvan tərəfindən xeyli müddətdir ki, kobud şəkildə pozulur".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu da missiyanın təhrikçi davranışlarına son qoyacağına, öncədən elan olunmuş prinsiplər əsasında fəaliyyət göstərəcəyinə etimad bəslənilməsinə zəmin yaratmır. Nikol Paşinyanın, Avropa İttifaqının qondarma missiyasının Ermənistanla Azərbaycanın delimitasiya edilən sərhədlərindən çəkiləcəyi, lakin delimitasiya olunmayan şərti sərhədlərdə mövcudluğunu davam etdirəcəyi ilə bağlı açıqlamaları isə sübuta yetirir ki, rəsmi İrəvan Aİ-nin qondarma müşahidə missiyasına delimitasiya prosesində istifadə olunacaq təzyiq mexanizmi kimi yanaşır. Bu isə sözügedən missiyanın Ermənistandakı mövcudluğunun davam edəcəyi anlamına gəlir. Əgər sülh müqaviləsinin razılaşdırılmayan əsas müddəalarından birinin məhz üçüncü tərəfin regiona müdaxiləsi, yaxud bölgədə iştirakı ilə bağlı olduğunu nəzərə alsaq, Aİ-nin qondarma missiyasının Ermənistandakı mövcudluğunu davam etdirməsi o deməkdir ki, yekun sənədin imzalanması mümkün olmayacaq. Bu isə o anlama gəlir ki, Ermənistan sülh istəmir, yaxud Aİ-nin və ya başqa bir qütbün bununla bağlı sifarişlərini icra edir. Aİ isə sülhün baş tutmaması və Cənubi Qafqazda gərginliyin davam etdirilməsi prosesində açıq tərəf kimi iştirak edir.
Deputat qeyd edib ki, delimitasiya prosesinin, sərhədlərin keçdiyi coğrafi ərazilərin relyefi nəzərə alınarsa, uzunmüddətli bir proses olduğu reallığında Avropa İttifaqının qondarma missiyası Ermənistan-Azərbaycan sərhədlərindəki mövcudluğunu hələ uzun illər davam etdirəcək: "Təbii ki, belə vəziyyətdə sülh də uzun illər mümkün olmayacaq. Əgər Ermənistanın sürətlə hücum silahları ilə silahlandırıldığı da diqqətə alınarsa, o zaman rəsmi İrəvanın sülhə mane olan amillərin qorunub-saxlanılmasında maraqlı olduğunu deyə bilərik. Avropa İttifaqı missiyasının mövcudluğuna son qoyulması ilə bağlı Ermənistan tərəfinin təklif etdiyi "mexanizm" belə düşünməyə əsas verir ki, qondarma missiyanın bölgədən tez bir zamanda çəkilməsinin yeganə yolu delimitasiya prosesinin sürətlə aparılmasıdır. İndiki halda bu, delimitasiyanın Ermənistanın arzu və istəklərinə uyğun aparılması kimi qəbul oluna bilər ki, bu isə heç bir halda rəsmi Bakını qane etməyəcək".
E.Mirzəbəyli vurğulayıb ki, bütün bunlar Ermənsitanın təzyiq dilindən başqa bir üslub tanımadığını sübuta yetirir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"