Yəqin ki, COP29-dək bu problemlər də həllini tapacaqdır
Noyabr ayında Bakıda dünya əhəmiyyətli qlobal tədbir - COP29 keçiriləcək. Artıq neçə vaxtdır bütün Azərbaycan, xüsusən paytaxt bu tədbirə köklənib. Çünki bu, ölkəmizə göstərilən böyük etimaddır. Sıravi vətəndaş kimi bizim də öhdəmizə düşən onun, xalq arasında deyildiyi kimi, "adımıza-sanımıza" layiq keçirilməsinə dəstək verməkdir.
Ölkəmizdə belə bir beynəlxalq əhəmiyyətli toplantının keçirilməsi təsadüfi və ya bizim istəyimizlə bağlı deyil. Azərbaycana göstərilən bu etimad Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. O siyasətin ki, neft və qaz yataqları ilə zəngin olan ölkəmiz dünyada ətraf mühitə zərər vurmayan "yaşıl enerji"yə keçid edən ilk ölkələrdən biri kimi tanınır və qəbul edilir. Bu, ədalətli mövqe isə boş yerdən yaranmayıb. Həm Heydər Əliyev, həm də İlham Əliyev dövlət başçıları olaraq ekologiyanın mühafizəsi sarıdan xüsusilə Bakıda böyük işlər görüblər. Neftlə çirklənmiş torpaqların təmizlənməsi və həmin ərazilərin yaşıllıqlara bürünməsi dövlətin ekoloji siyasətinin əsas istiqamətinə çevrilib. Üstəlik, Azərbaycan "yaşıl enerji"yə keçidlə bağlı mühüm işlər görməyə başlayıb.
Bu mövzudan danışarkən 30 illik işğal dövründə ermənilər tərəfindən təbii sərvətlərimizin heç bir ekoloji normalara riayət olunmadan vəhşicəsinə istismar edilməsini, meşələrin qırılmasını, çayların və torpaqların çirkləndirilməsini unutmaq olmaz. İşğaldan sonra həmin vandalizm bütün dünyaya nümayiş etdirildi. Amma təkcə bununla kifayətlənmədik, fəsadların aradan qaldırılması ilə məşğul olmağa başladıq. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru ekoloji cəhətdən dünyanın ən təmiz guşəsinə çevirmək barədə göstəriş verdi. Ardınca "ağıllı kənd", "yaşıl region" layihələrinin icrasına start verildi. İndi bu region bərpaolunan enerji mərkəzinə çevrilir. Bir-birinin ardınca istifadəyə verilən su, günəş, külək-elektrik stansiyaları bölgəni işığa qərq edir. Üstəlik, bu ərazilərdə istehsal olunan "yaşıl enerji"nin Avropaya ixrac edilməsi də nəzərdə tutulur.
Ancaq COP29-un əsas ağırlığı Bakının üzərinə düşür. O üzdən paytaxtda neçə zamandır xüsusi hazırlıq işləri görülür. Şəhərin küçə və meydanlarının asfalt örtüyü yenilənir, yollara beynəlxalq standartlara uyğun yol nişanları qoyulur, parklarda, xiyabanlarda abadlıq işləri aparılır və s. Bunlar o deməkdir ki, COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün qurumlar üzərinə düşən vəzifələri yerinə yetirmək üçün səylə çalışırlar.
Belə qurumlardan biri də paytaxtın təmizliyinə birbaşa cavabdeh olan "Təmiz şəhər" ASC-dir. Beynəlxalq tədbirlə bağlı müxtəlif tədbirlər keçirən ASC bu möhtəşəm aksiyaya geniş kütlələrin dəstəyini də təmin etmək istəyir və bu istiqamətdə maarifləndirmə işləri aparır. Çünki ətraf mühitin qorunmasında insanların davranışları önəmli rol oynayır. Hər kəs anlamalıdır ki, ətraf mühitin qorunmasına həssaslıqla yanaşmaq lazımdır. Əks halda təbiətin "qisas"ı ilə qarşılaşmalı olacağıq.
Etiraf edək ki, bu istiqamətdə hələ görüləcək işlər çoxdur. Hələ də şəhərdə elə ərazilər var ki, zibil dizə çıxır. Xüsusən bəzi mağazalar və ticarət mərkəzlərinin əraziləri zibil poliqonuna bənzəyir. Şəhərdə zibil qablarının sayı da kifayət qədər deyil. Odur ki, bunu bəhanə edib istifadə etdikləri sellofan torbaları, su içdikləri plastmas, şüşə və dəmir qabları, siqaret kötüklərini hara gəldi atanların sayı kifayət qədərdir. Görünür, bununla bağlı təkcə maarifləndirici tədbirlərin görülməsi yetərincə deyil, inzibati tədbirlər də görülməlidir.
Narahatedici məsələlərdən biri də ictimai nəqliyyatla bağlıdır. Paytaxtda hələ də dizel yanacağı ilə işləyən köhnə sərnişin avtobusları fəaliyyət göstərir. Unutmayaq ki, şəhərimizə gələnlərin hamısı xoşniyyətli olmayacaq. Onların arasında əyər-əskiyimizi axtararaq bu möhtəşəm tədbirə kölgə salmaq istəyənlər də tapılacaq. Dizellə işləyən sərnişin avtobuslarından çıxan qara tüstünü görən qonağa gəl Azərbaycanın atmosferi zərərli tullantılardan qorumasından danış görüm, necə danışırsan?!
Digər problem şəhərdəki sahibsiz itlərdir. İnanmırıq ki, həmin heyvanların şəhərdə "meydan sulamalarını" COP iştirakçıları normal qarşılasınlar. Biz hələ Orta əsrlərdən xalqımıza "miras" qalmış küçə ticarətini demirik. Ekologiyadan, ərzaq təhlükəsizliyindən ağızdolusu danışan bizlərin tozun içindən meyvə-tərəvəz almasına xüsusən inkişaf etmiş ölkələrdən gələn qonaqlar necə baxarlar? Yəqin ki, təəccüblənərlər. Ona görə də müvafiq dövlət qurumları bu məsələlərə indidən əncam çəkməlidirlər.
COP29 bizə dünyaya özümüzü mədəni və sivil bir xalq kimi təqdim etmək üçün də tarixi fürsətdir. Biz bu imkanı yaxşı dəyərləndirməliyik. Buna görə hər bir şəhər sakini və dövlət qurumu öz məsuliyyətini dərk etməlidir.
Rüstəm KAMAL,
"Azərbaycan"