Azərbaycan MDB-də ən iri Batareya Enerji Saxlanc Sistemlərinə sahib olur
Azərbaycanda enerji sisteminin modernləşdirilməsi və dayanıqlı inkişafının təmin olunması istiqamətində növbəti strateji layihə icra edilir. MDB məkanında gücünə və enerji tutumuna görə ən böyük Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) ölkəmizdə qurulması elektroenergetika sahəsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Paytaxta yaxın 500 kV-luq "Abşeron" və respublikanın mərkəzi hissəsində yerləşən 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində yaradılan bu müasir enerji obyektləri elektrik təchizatının etibarlılığını artırmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin şəbəkəyə daha səmərəli inteqrasiyasına və enerji balansının çevik idarə olunmasına geniş imkanlar açacaq, ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək, elektrik sisteminə çeviklik və dayanıqlılıq qazandıracaq. Müasir enerji mərkəzləri ölkənin gələcək enerji xəritəsində mühüm yer tutacaq. Bu da o deməkdir ki, Azərbaycanın enerji tarixində yeni bir səhifə açılır.
Nəhəng BESS-in ilk partiyası artıq son ünvana çatdırılıb və təyinatı üzrə sahələrə quraşdırılıb. Xüsusi sifariş əsasında Çinin "Great Power" zavodunda istehsal olunan avadanlıqlar minlərlə kilometrlik uzun və çətin yol qət edərək ölkəmizə gətirilib. Sakit və Hind okeanlarını, Süveyş kanalını, Aralıq və Egey dənizlərini arxada qoyan texnoloji karvan Türkiyənin Gemlik Limanına çatdıqdan sonra quru yolla Türkiyə və Gürcüstan üzərindən Azərbaycana istiqamət götürüb. Hər birinin çəkisi 36 ton olan BESS-in daşınması xüsusi diqqət və təhlükəsizlik tədbirləri tələb edib. Saxlanc sistemlərinin hələlik 15 faizi ölkəyə gətirilib, qalan 85 faizin isə aprel ayına qədər mərhələli şəkildə çatdırılması və istismara hazırlanması nəzərdə tutulur. Təbii ki, nəhəng enerji saxlanc sistemləri yalnız texniki qurğular deyil, onlar Azərbaycanın enerji müstəqilliyinə, "yaşıl gələcəy"inə və regionun aparıcı enerji mərkəzinə çevrilməsi yolunda atılan inamlı addımların təcəssümüdür.
Maraqlıdır ki, elektrik enerjisinin saxlanması və idarə olunması texnologiyaları XXI əsrin enerji inkişafında dönüş nöqtəsi hesab olunur. Amma bu ideya yeni deyil. İlk batareya saxlama sistemlərinin kökü 1960-cı illərdə ABŞ və Almaniyada elektrik şəbəkələrinin pik yüklərini tənzimləmək üçün quraşdırılmış eksperimental sistemlərə gedib çıxır. O zaman bu sistemlər əsasən nikel-kadmium batareyalardan ibarət idi və müasir litium-ion texnologiyaları kimi genişmiqyaslı deyildi. Müasir mənada sənaye tipli enerji saxlama sistemlərinin ilk kommersiya layihəsi isə 2011-ci ildə ABŞ-nin Kaliforniya ştatında AES Corporation tərəfindən həyata keçirilib. 30 meqavat gücündə və 120 meqavat-saat tutumunda olan bu nəhəng sistem pik enerji tələbatını tənzimləmək, elektrik şəbəkəsinin stabilliyini qorumaq və günəş kimi dəyişkən bərpaolunan enerji mənbələrini inteqrasiya etmək məqsədi daşıyırdı. Məhz həmin layihə dünya üzrə enerji saxlama texnologiyalarının sürətli inkişafına təkan verdi. Son illər isə Çin, Almaniya, Avstraliya və ABŞ-də 100 meqavatdan böyük enerji saxlama sistemləri qurulub.
Bu sistemlər ölkəmizin enerji təhlükəsizliyini artırmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdıracaq və elektrik təchizatında fasiləsizliyi təmin edəcək. Kiçik eksperimentlərdən müasir nəhəng saxlama sistemlərinə qədər uzanan bu yolu Azərbaycanın enerji infrastrukturunda yeni dövrün başlanğıcı hesab etmək olar. Təbii ki, yeni nəhəng enerji saxlanc mərkəzlərinin qurulması yalnız texniki layihə deyil. O, ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsini özündə ehtiva edir. Quraşdırılan hər batareya ölkənin sabit enerjiyə, dayanıqlı inkişafa və strateji gücə doğru irəliləyiş kimi tarixə yazılır.
Bu cür yüksəktutumlu saxlanc sistemlərinin tətbiqi enerji istehsalı ilə istehlakı arasında tarazlığın qorunmasında da mühüm rol oynayır. Günəş və külək kimi dəyişkən bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisi BESS-də saxlanılacaq. Sonra isə lazım olanda enerji tələbi çox olan vaxtlarda bu enerji şəbəkəyə veriləcək. Bu da enerji itkilərinin azaldılmasına və elektrik təchizatında fasiləsizliyin təmin olunmasına xidmət edəcək.
BESS-in "Abşeron" və "Ağdaş" yarımstansiyalarında quraşdırılması təsadüfi deyil. Bu yarımstansiyalar ölkənin əsas enerji qovşaqları sırasında yer almaqla, istehsal və paylama zəncirində strateji əhəmiyyət daşıyır. Saxlanc qurğularının məhz bu nöqtələrdə qurulması ölkə üzrə elektrik şəbəkəsinin sabitliyini gücləndirəcək, qəza risklərini minimuma endirəcək və operativ idarəetmə imkanlarını genişləndirəcək. Layihə eyni zamanda Azərbaycanın "yaşıl enerji" gündəliyinə uyğun olaraq karbon emissiyalarının azaldılmasına töhfə verəcək.
Enerji səmərəliliyinin yüksəldilməsi və ənənəvi yanacaq mənbələrindən asılılığın mərhələli şəkildə azaldılması baxımından bu cür müasir texnoloji məsələlər xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssislərin fikrincə, BESS-in tətbiqi yaxın illərdə ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə zəmin yaradacaq. Beləliklə, "Abşeron" və "Ağdaş" yarımstansiyalarında quraşdırılan BESS böyük texnoloji layihə olmaqla yanaşı, həm də Azərbaycanın enerji müstəqilliyinə və dayanıqlı inkişafına verilən strateji töhfədir. Bu nəhəng enerji mərkəzləri ölkəmizin elektrik şəbəkəsini daha çevik və etibarlı edəcək, bərpaolunan enerji mənbələrinin istifadəsini artıracaq və regionda Azərbaycanın enerji lideri kimi mövqeyini daha da gücləndirəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"