17 Dekabr 2025 08:55
245
CƏMİYYƏT
A- A+
Ağcabədi bələdiyyəsi nümunə göstərir

Ağcabədi bələdiyyəsi nümunə göstərir


Bu yerli özünüidarəetmə qurumu vergi daxilolmaları üzrə kənd rayonları sırasında birincidir


Ölkədə aqrar sektorun inkişafında örnəyə çevrilən Ağcabədi  sosial-iqtisadi həyatın digər sahələrində də uğurlara imza atır, mütərəqqi texnologiyaların, qabaqcıl təcrübənin, elmi yeniliklərin tətbiqini yaradıcılıqla təmin edərək Azərbaycandakı yüksəlişdən geri qalmır. 

Rayon mərkəzi, kəndlər, qəsəbələr abad görkəmi ilə diqqət çəkir, məmnunluq  doğurur. Şəhərin ən ucqar küçələrinə, kənd yollarına asfalt örtük salınır. Rayon sakinləri daha qazdan, sudan, işıqdan  gileyli deyillər. Çünki dövlətin böyük və davamlı qayğısından hər evə, hər ailəyə pay düşür. 

Son günlərini yaşadığımız 2025-ci il tarixə çevrilir. Bu il də Ağcabədinin sosial-iqtisadi həyatında qazanılmış nailiyyətlərlə yadda qalacaq. Cari il təsərrüfat, abadlıq-quruculuq işləri həyata keçirilmiş, əhalinin güzəranı yaxşılaşmış, məqsədyönlü qaydada yaradılmış sağlam  mənəvi-psixoloji mühit sayəsində vətəndaş məmnunluğu təmin edilmişdir. 

Rayonun ictimai-siyasi həyatında ən əlamətdar hadisələrdən biri haqqında söhbət açmaq istəyirik. İnkaredilməz reallıqdır ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətsizliyi çox zaman tənqid hədəfi olur. Dövlət səviyyəsində bələdiyyələrin işini canlandırmaq, onların səmərəli fəaliyyəti üçün münbit şərait yaratmaq, onlara zəruri qayğı və diqqət göstərmək Ağcabədi rayonunun timsalında öz gözləntilərini verir. Bələdiyyə idarəetməsində təmərküzləşmə, əvvəlki dövrə nisbətən iri bələdiyyələrin yaradılması real müsbət  nəticələr verir. Əgər əvvəlki dönəmdən Ağcabədidə 41 bələdiyyə vardısa, ötən seçkilərdən sonra onların sayı 15-ə enmişdir. Əvəzində bələdiyyə qurumları vasitəsilə əhaliyə göstərilən  müxtəlif xidmətlərin keyfiyyəti xeyli yaxşılaşmışdır.

Ağcabədi bələdiyyəsi rayon mərkəzi ilə yanaşı, Şənlik, Nəcəfqulubəyli və Aşağı Avşar kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrində 52 min nəfər yaşayır. Az deyil, ölkəmizdə bəzi rayonların əhalisi təxminən bu qədərdir. 

Müdriklər "elin gözü tərəzidir" deyiblər. Ötən  il bələdiyyə seçkilərində Ağcabədi bələdiyyəsinə namizədlər haqqında səslənən bəzi fikirlərin qərəzli və subyektiv  olduğunu ən böyük hakim olan zaman təsdiqlədi. O vaxt müxalif mövqedən çıxış edənlər  bu gün elin-obanın məmnunluğunu görüb səhvlərini etiraf edir, xalqın seçiminə hörmətlə yanaşırlar. Sıradan sadə bir faktı xatırlamaq yerinə düşər. Ötən bələdiyyə seçkiləri ərəfəsində Şənlik kəndindən şəhid atası Qənbər Ağayev də namizədliyini irəli sürmüşdü. Hər zaman ara qarışdırıb bulanıq suda balıq tutmağa adət etmiş bir qrup bələdiyyə sədri olmağın məhz onun haqqı olduğunu ictimai yerlərdə, sosial şəbəkələrdə uca səslə, həm də israrla bildirir, seçkilərdə guya demokratik prinsiplərin pozulduğunu dönə-dönə vurğulayırdı. Amma həyata sərraf gözü ilə baxan el-oba seçimində yanılmadı. Sonda bu vəzifəyə layiq olan namizəd qazandı. Bu yaxınlarda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının ərazidə keçirdiyi səyyar qəbulda söz alıb danışan Şənlik kənd sakini şəhid atası Qənbər Ağayev dedi ki, camaatımız Ağcabədi bələdiyyəsinin işindən çox razıdır. Sağ olsunlar, hər sözümüzə qayğı ilə yanaşırlar.

Ağcabədi bələdiyyəsi cari ili üz ağlığı ilə başa vurur. İl ərzində bələdiyyə fəaliyyətinin əsas istiqaməti şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə davamlı qayğını təmin etməkdən ibarət olmuşdur. Faktlara nəzər salaq. Qurban bayramı münasibətilə 20 şəhid ailəsinə ərzaq bağlaması çatdırılmışdır. İki aztəminatlı ailəyə yas mərasimi üçün maddi yardım edilmişdir. Ali məktəbə qəbul olmuş iki aztəminatlı ailənin övladının hər birinə 1000 manat hədiyyə edilmiş, yeni dərs ili ərəfəsində 25 aztəminatlı ailənin uşaqlarına məktəbli forması, ayaqqabı, çanta və digər məktəb ləvazimatları verilmişdir. 8 Noyabr - Zəfər Günü ərəfəsində isə 22 şəhid ailəsinə bayram sovqatı çatdırılmış, bələdiyyənin vəsaiti hesabına şəhid analarının Qəbələ şəhərinə səfəri təşkil olunmuş, Beynəlxalq Əlillər Günü münasibətilə 33 nəfər əlilə maddi yardım edilmişdir.

2025-ci ilin nəticələri sırasında abadlıq-quruculuq işləri də geniş yer alır. Şəhərdəki iki körpü əsaslı təmir edilmiş, əlavə bir körpü inşa edilib əhalinin istifadəsinə verilmişdir. Bələdiyyənin balansında olan 6 qəbiristanlıq il ərzində iki dəfə təmizlənmiş, əraziləri abadlaşdırılmışdır. Bu tədbirlər təbii ki, əhali tərəfindən minnətdarlıqla qarşılanmışdır. İl ərzində həmçinin yol infrastrukturunun yaxşılaşdırılması sahəsində də xeyli iş görülmüşdür. Şənlik kəndində və şəhər ərazisində bəzi ara yollara çınqıl döşənmişdir.

Cari ilin 11 ayı ərzində Ağcabədi bələdiyyəsi 800 nəfərdən çox vətəndaşı qəbul etmişdir. Onların təklif və müraciətlərinə həssaslıqla yanaşılmış, "Xalq üçün, xalqa xidmət naminə" prinsipi əsas götürülmüşdür.

Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov illərin ayrıcında fikirlərini bizimlə də bölüşdü: "Başa çatmaqda olan 2025-ci ilin uğurları çoxdur. Amma əsas odur ki, əhalinin böyük əksəriyyəti fəaliyyətimizdən razıdır. Çalışırıq ki, əhaliyə nümunəvi xidmət edək, onlarda məmnunluq yaratmağa nail olaq. Yadda qalan, minnətdarlıq doğuran işlərimiz çox olsa da, görüləsi işlərimiz də az deyil. Yeni ildə kommunal xidmətlərin təşkilində bir sıra yeniliklər etməyi nəzərdə tuturuq. Bir vacib məsələ isə bələdiyyə torpaqlarının alqı-satqısının təkmilləşdirilməsidir. Bu olarsa, büdcəmiz daha da böyüyər. Bu ilin 11 ayı ərzində ölkə üzrə şəhər bələdiyyələrinin (Bakı və Sumqayıt istisna olmaqla) vergi daxil olması üzrə artım göstəricilərində birinci yerdəyik. Keçən illə müqayisədə 6 dəfə artıma nail olmuşuq. Əsas hədəfimiz yeni ildə yeni istehsal sahələri yaratmaq, əhalinin faydalı məşğulluğunu təmin etməkdir".


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub YENİLƏNƏCƏK  

11:45
17 Dekabr

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

11:43
17 Dekabr

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!