Aİ ilə rəsmi İrəvan arasında imzalanan sənəd sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edir
Aİ ilə Ermənistan arasında imzalanan "Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik" göstərir ki, bu təşkilat mandatından kənar, keçmiş münaqişə ilə bağlı narrativlərə qayıdıb. Avropa İttifaqı-Ermənistan sənədində Ermənistan-Azərbaycan ikitərəfli məsələlərinə dair istinadların olması haqlı olaraq ölkəmizin narazılığına səbəb olub.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, sənədin bu şəkildə razılaşdırılması həm də Ermənistanın sülh niyyətinə şübhə yaradır, hər fürsətdə Azərbaycana qarşı addım ata biləcəyini göstərir: "Sənəddə Azərbaycan-Ermənistan normallaşma prosesində dönüş nöqtəsi olan Vaşinqton razılaşmalarına istinad edilməməsi Avropa İttifaqının ABŞ görüşünün nəticələri ilə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını, rəsmi İrəvanın isə üzərinə götürdüyü öhdəlikləri unutmağa meyilli oldugunu göstərir. Sənəddə "Qarabağ erməniləri" ifadəsinin işlənməsi, könüllü getmiş bu insanların qaçqın adlandırılması bu statusun təhrif olunmuş formasıdır. Könüllü olaraq Azərbaycanın suverenliyi, qanunvericiliyi altında yaşamağa razı olmayaraq, inteqrasiyadan imtina etmiş ermənilər Ermənistana köç etmək qərarına gəliblər. Azərbaycan hökuməti tərəfindən hazırlanmış inteqrasiya proqramı BMT-nin Qaçqınlar üzrə Proqramına da məlumdur. Onların ərazidəki monitorinqi heç bir zorakılıq olmamasını və könüllü köçü təsdiqləmişdi. Sənəddə Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın düşmüş insanlar ifadəsi işlədilməsi faktları təhrif etməkdir".
Deputat qeyd edib ki, sənəddə Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinin davam etdirilməsinin vacibliyinin vurğulanması "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in 7-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, bu maddədə qeyd edilir ki, tərəflər qarşılıqlı olaraq sərhəd boyunca hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Sülh müqaviləsinin digər mühüm bəndlərindən biri də delimitasiya və demarkasiya prosesi başa çatana qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması üçün qarşılıqlı razılaşdırılmış, hərbi sahə də daxil olmaqla, təhlükəsizlik və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin tərəflər üzərlərinə götürürlər ki, üçüncü tərəflərlə mövcud beynəlxalq razılaşmalar onların bu Saziş üzrə öhdəliklərinə xələl gətirməyəcək. Növbəti 7 il üçün Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəd bu müddəanın əksini göstərir.
P.Vəliyeva deyib ki, Aİ-Ermənistan sənədində, həmçinin Beynəlxalq Ədalət Məhkəməsində mövcud iddiaların dərhal, effektiv və tam şəkildə icrası da qeyd olunur: "Bu da sözügedən sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edir. Unutmaq olmaz ki, Azərbaycan da sübutlar əsasında Ermənistana qarşı bu məhkəmədə iddia qaldırıb. İşğaldan azad olunmuş ərazilərimizə vurulan ziyanın təzminat məbləği 150 milyard ABŞ dolları təşkil edir. Bir daha xatırladırıq ki, Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməni əsilli hərbçilərə münasibətdə humanizm nümayiş etdirərək onları azad edib. Sənəddə "əsir" kimi istinad edilən şəxslər müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər. 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işğəncələr verərək, insanlıq adına bütün vəhşilikləri törədərək yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan və etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə və məhkəmə predmeti olan məsələ etimad-quruculuğu tədbirlərinin bir hissəsi ola bilməz".
Deputat vurğulayıb ki, sənəddə Vaşinqton razılaşmalarına heç bir aidiyyatı olmayan Paşinyan hakimiyyətinin irəli sürdüyü "Sülh kəsişməsi" təşəbbüsü də TRİPP yolundan kənardakı əraziləri əhatə edir və bu layihə faktiki olaraq Azərbaycanın təqdim etdiyi real layihələrə alternativ olaraq, prosesi uzatmaq məqsədilə ortaya atılmış layihədir. Azərbaycanın haqlı gözləntisi odur ki, sözügedən sənədə dəyişikliklər olunmalı, ölkəmizin mövqeyi nəzərə alınmalıdır. Avropa İttifaqı hər vasitə ilə Paşinyan hökumətinin gücləndirilməsi üçün addımlar atır. Məhz o səbəbdən bu gün Ermənistandakı kütləvi həbslərə, kobud insan haqları pozuntularına göz yumur. Eyni zamanda sanksiyalara məruz qalan malların Ermənistan vasitəsilə Rusiyaya göndərilməsi Qərb ölkələrinə məlum olsa da, susmağa üstünlük verirlər.
Pərvanə Vəliyeva yekunda vurğulayıb ki, Ermənistanda seçkilər yaxınlaşdıqca, Avropa İttifaqı-Rusiya rəqabətinin daha da qızışacağını, gərginliyin artacağını proqnozlaşdırmaq çətin deyil.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"