BTC-nin təməlinin qoyulduğu tarixdən 22 il keçir
Mübaliğəsiz demək olar ki, 2002-ci il sentyabrın 18-i Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan, Azərbaycanı beynəlxalq enerji aləminə qovuşduran, ölkəmizin möhtəşəm neft-qaz ixracı marşrutlarının başlanğıcında dayanan bir boru xəttinin təməli məhz həmin gün qoyulub. Bu, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməridir.
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" çərçivəsində 1997-ci ildə neft hasilatına başlandı. Hasilat getdikcə artırdı və yaxın illərdə daha çox neft əldə olunacağına şübhə yox idi. Odur ki, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə müəllifi Ümummilli Lider Heydər Əliyev olan BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in Zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Saziş Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.
Lakin vaxtilə "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun imzalanmasına mane olmaq istəyənlər yenidən baş qaldırdılar. İndi hədəfdə BTC idi. Ulu Öndərin gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində bu maneələr də aradan götürüldü.
Kəmərin təməli qoyuldu. Tədbirdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-nin energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri iştirak etdilər. Deməli, Bakı-Tbilisi-Ceyhan reallığa çevrilirdi. Artıq işə başlanmışdı, Azərbaycana və Gürcüstana - tikinti aparılacaq ərazilərə xaricdən alınan borular gətirilirdi. Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən səslərini qaldırdılar. Əvvəllər Azərbaycanda bu kəməri dolduracaq qədər neftin olmadığı barədə əsassız fikir yayanlar indi başqa uydurmaya əl atdılar. Belə ki, bir sıra qeyri-hökumət təşkilatları kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Onlar tikintini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq xəttin çəkilişinə etiraz edirdilər. Gürcüstan Respublikası dövlətinin və hökumətinin layihəni dəstəklədiyi, artıq işlərə start verildiyi bu məqamda sözügedən məsələ müəmma doğururdu. Demə, burada da erməni "əli" varmış.
O zaman AŞPA-nın sədr müavini olan İlham Əliyev məsələnin nədən və haradan qaynaqlandığını açıqladı. Belə ki, ermənilər BTC-nin reallaşma mərhələsinə qədəm qoyduğundan narahat olub internetdə sayt açmışdılar və Beynəlxalq Maliyyə Korporasiyasına, Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına layihə haqqında əks məlumat göndərirdilər.
Lakin Ümummilli Lider layihənin həyata keçirilməsinin bütün mərhələlərində olduğu kimi, yenə də "BTC olacaq, olacaq, olacaqdır!" deyirdi. Bu baxımdan 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da təsadüfi deyildi. Tədbirin keçirildiyi günlərdə Heydər Əliyev ABŞ-nin ovaxtkı Prezidenti və Vitse-prezidenti, ticarət naziri və energetika naziri ilə görüşdü. Azərbaycanın, Gürcüstanın və Türkiyənin səlahiyyətli nümayəndələri, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri Beynəlxalq Maliyyə Korporasiyasında oldular. BTC-nin maliyyələşdirilməsinə dair fikir mübadiləsi aparıldı. Sonra Ulu Öndər korporasiyanın rəhbərini qəbul etdi. Beləliklə, Heydər Əliyev dünyadakı hörmət və nüfuzu ilə BTC-ni bu dəfə də çətinlikdən çıxardı.
BTC qalib gəldi! Azərbaycanın bədxahları yenə də məqsədlərinə çatmadılar. Ümummilli Liderin daha bir şah əsəri tarixdə özünə yer aldı. 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan " sarayında Prezident
İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı.
Bu gün BTC təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər Azərbaycana və ərazisindən keçdiyi ölkələrə birbaşa gəlirlər gətirməklə yanaşı, marşrut boyu yerləşən yaşayış məntəqələrinin icmalarının həyatına sosial sərmayələri ilə də dəstək verir.
BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyev bu nəhəng qurğunun təməlini qoydu, Prezident İlham Əliyev bu işi uğurla davam etdirərək BTC-ni möhtəşəm dəhlizlərə qovuşdurdu. Dövlətimizin başçısının dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".
Xatırladaq ki, uzunluğu 1768 kilometr olan BTC Xəzər regionundan xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Əvvəlcə gündə bir milyon barel neft ötürmək gücündə layihələndirilən boru xəttinin gündəlik ötürücülük qabiliyyəti 2009-cu ilin yazından 1,2 milyon barelə çatdırılıb. Kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçalda yerləşir. İkinci stansiya da ölkəmizin ərazisində, Yevlax rayonundadır. Daha iki stansiya Gürcüstanda fəaliyyət göstərir. Qalan dörd stansiya Tükiyənin payına düşür. BTC-nin səhmdarları bunlardır: BP (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total-Energies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləri.
Hazırda kəmərlə əsasən Azərbaycandan" Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, xəttə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də vurulur. Ümumilikdə indiyədək BTC vasitəsilə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Layihənin əməliyyatçısı olan BP-nin məlumatına görə, bu ilin birinci yarısında BTC ilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənib və dünya bazarlarına yola salınıb.
BTC fəaliyyətini fasiləsiz və təhlükəsiz davam etdirir.
Flora SADIQLI,
"Azərbaycan"