Üçrəngli bayrağımız müstəmləkə zülmündən qurtulmaq üçün ayağa qalxan xalqların azadlıq rəmzinə çevrilib
Azərbaycan kolonializmdən əziyyət çəkən milyonlarla insanın azadlıq mübarizəsinə öndərlik edir. Ölkəmiz XXI əsrdə hələ də sürdürülən müstəmləkəçi siyasətə dünyada son qoyulması üçün fəal iş aparır.
Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev vurğuladı ki, müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır və yeni dünya nizamında bu məsələ də nəzərə alınacaq.
Öz gücü sayəsində suverenliyini bərpa edərək torpaqlarında separatizmə son qoyan Azərbaycanın Fransanın müstəmləkəçilik siyasətini bütün beynəlxalq platformalarda ifşa etməsi, bu ölkənin "demokratiya" adı altında gizlətdiyi çirkin simasını açıb göstərməsi azadlıq istəkləri qanla boğulan həmin xalqlarda böyük ümid yaradıb.
İlk konqres
Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Artıq bir ildən çoxdur ki, qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. BTQ tərəfindən beynəlxalq konfranslar təşkil olunub, memorandumlar imzalanıb.
Bu il yanvarın 21-də "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" Müstəqillik Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.
BTQ-nin dəstəyi ilə ötən ilin iyulunda Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb.
Bu il yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib.
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin konqresində Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyaların liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak ediblər. Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə online qatılıb. Bu xüsusda BTQ-nin rəhbəri Abbas Abbasov konqresdə videoformatda çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.
Müstəmləkəçilik siyasətinə son
Azərbaycanın hər zaman müstəmləkə altında olan xalqlara dəstək olacağını bəyan edən Prezident İlham Əliyev yuxarıda sözügedən müsahibəsində də bildirib ki, bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır: "Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, - hər halda özlərini belə sayan, - üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir..."
Dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan dünyada neokolonializm siyasətinə son qoyulması üçün səylərini əsirgəməyəcək. Belə ki, Bakı Təşəbbüs Qrupu ətrafında birləşən xalqların üzləşdiyi haqsızlıqların dünyaya çatdırılmasına öndərlik edəcək.
Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresinin keçirilməsi də bu baxımdan böyük əhəmiyyət daşıyırdı. Eyni zamanda Kanak xalqının minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaltması mühüm hadisə oldu.
Bu həm də göstərdi ki, müstəmləkə zülmü altında inləyən xalqlar haqq mübarizələrinə qətiyyətlə dəstək verən Azərbaycanın bayrağını öz bayraqları ilə qoşa dalğalandırmaqdan qürur duyurlar. Bununla onlar ölkəmizə tükənməz minnətdarlıqlarını ifadə edirlər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"