29 Aprel 2023 09:10
559
Mədəniyyət
A- A+
Zərif ruhun güclü təcəssümü

Zərif ruhun güclü təcəssümü

 

XX əsrin görkəmli alimlərindən biri, öz sahəsində böyük yeniliklərə imza atmış, eyni zamanda zəriflik mücəssəməsi olan akademik Zərifə xanım Əliyeva aydın, işıqlı və nurlu bir şəxsiyyət idi.
Zərifə xanım Əliyevanın doğulduğu ailə ziyalı olmaqla yanaşı, həm də mübariz olub, öz arzusuna doğru cəsarətlə getməyi bacarıb. Bunu onun atası, görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Əliyevin həyat yolunda, bütün çətinliklərə baxmayaraq, öz xalqına, Vətəninə layiqli xidmətində görmək mümkündür. Təbii ki, bu ruh övlada da sirayət edib. 
Zərifə xanım bir alim, şəxsiyyət kimi nə qədər böyük əzmə malik idisə, onun bir o qədər də yüksək və zərif bir mənəviyyatı vardı. Tarixdə Şərqdə qadın ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində səs və söz hüququ qazanıb. Məsələyə daha geniş spektrdə baxanda belə məlum olur ki, əslində, bu, şəraitə baxmayaraq, öz üzərində işləyən, təhsil alan, savadlanan, ictimai vəziyyəti düzgün dəyərləndirməyi bacaran, hətta bu istiqamətdə müəyyən işlər görən qadınların hüquqlarının tanınması, inkişaf yollarının süni maneələrdən təmizlənməsi, gənc respublikanın quruculuğunda  onların da xidmətindən istifadə edilməsi idi. Başqa sözlə desək, Azərbaycan qadını hər zaman düşünməyi və düşündürməyi, öz şəxsiyyətinə hörməti qorumaqla yanaşı, sözünü ən yüksək kürsüdən deməyi bacarıb. Buna Zərifə Əliyevanın nümunəsində bir daha şahid oluruq. 
Görkəmli alim öz sahəsinin bacarıqlı və novator mütəxəssisi olmaqla yanaşı, həm də ictimai xadim idi, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü idi. Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdı. 
Zərifə xanım Əliyeva seçdiyi peşədə öz izini qoymuş, sözünü deyə bilmiş alim və həkim idi. Onun yazdığı monoqrafiyalar və məqalələr bu gün də aktualdır və oftalmoloqların stolüstü kitabıdır. Onu da vurğulayaq ki, bu, sadə bir elm yolu deyildi. Akademik Krasnovun yazdığına görə, "məktəb yaradan", tibb elminin, necə deyərlər, "xam sahələri"nə müraciət edən Zərifə xanım Əliyeva öz sahəsində ən cəsarətli, yeni addımlar atmaqdan çəkinmirdi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın, yaxud "sosial oftalmologiya"nın təməlini qurmuşdu.  "İridodiaqnostika", "Göz yaşının axmasının cərrahi müalicəsinin müasir üsulları", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və daha neçə fundamental tədqiqatı onun elmi cəsarətinin göstəricisi idi.
Həmkarlarının yazdığına görə, Zərifə xanım Əliyeva hər işinə yüksək diqqətlə və məsuliyyətlə yanaşırdı. Əhəmiyyətli bir məqamdır ki, o, hətta xəstə olanda da elmi tədqiqatını davam etdirirmiş. Tibb elmləri doktoru, professor Z.M. Skripniçenko yazır: "Beləcə, mənim üçün olduqca əziz və doğma olan Zərifə xanımın sonuncu xahişini - birgə başladığımız kitabı yazıb qurtarmağı vəzifə borcu hesab edirəm. Çünki onun zəhməti özündən sonra da işıq üzü görməli, onun fikirləri mütəxəssislərə gedib çatmalıdır". "Görmə orqanının peşə patalogiyası" adlı həmin kitab 1988-ci ildə işıq gördü və həmkarının dediyi kimi, Zərifə xanımın əməyinin, şəxsiyyətinin nuru parlamaqda davam etdi.
Azərbaycanda gedən quruculuq işlərində Zərifə xanım Əliyeva diqqətini məhz peşə xəstəliklərinə yönəldirdi. Böyük alim haqqında məlumatda deyildiyinə görə, "o, elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Başqa sözlə desək, Zərifə xanım Azərbaycanın inkişafına öz xidmətini göstərirdi və çalışırdı ki, əsasən yaddan çıxmış, sağlamlıq üçün ən təhlükəli sahələrin insanlarını ön plana çəksin, onlara qayğı göstərsin. Bu, yalnız bir mütəxəssis diqqəti deyildi, həm də vətəndaş borcu idi. Skripniçenkonun dediyinə görə, o, Moskvada, Vətənindən uzaqda olanda da, "yenə də özünəməxsus tərzdə maraqla Bakıda Məişət Kondisionerlər Zavodunda apardığı tədqiqatlardan - stirol və tetraxloretilen buxarının təsirinə məruz qalan fəhlələri necə müayinə etməsindən danışırdı. Öz yurdunun əsl övladı kimi Zərifə xanım yenə də Azərbaycanla yaşayır, xalq təsərrüfatının aparıcı sahələrində peşə oftalmopatologiyasına aid tədqiqatlar aparırdı".
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qadın cəmiyyətdə öz yerini tutmaq üçün kişi ilə mübarizə aparmayıb, buna ağlı, istedadı ilə nail olub. Hətta kənar qüvvələr süni şəkildə bu istəyi onda körükləməyə çalışsalar da, Azərbaycan qadınına xas müdriklik, xanımlıq tez bir zamanda hər şeyi təkrar öz axarına salıb. Maraqlıdır, çox vaxt dövlət xadimləri, şair və yazıçılar, filosof və alimlər arasında qadınların azlığı xüsusi arqument kimi gətirilir. Həqiqətən də, əksər hallarda qadın yüksək materiyalar haqqında düşünməyə, günlərlə elmi eksperimentlər üzərində çalışmağa, hər şeydən təcrid olunaraq yalnız öz yaradıcılığını gerçəkləşdirməyə vaxt tapmır, ancaq öz övladına milli-mənəvi dəyərləri çatdırmağa, ona yüksək əxlaq təlqin etməyə, onun çətinə düşmüş düşüncəsinin işıqlanmasına, öz həyat yoldaşına arxa durmağa onun vaxtı həmişə olur. Zərifə xanımın ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyev deyir: "Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər".
Kişilərdən fərqli olaraq qadınlar cəmiyyətə sanki içdən bələd olurlar. Axı yazılmamış bir qanunla ailə ocağını isti saxlamaq, cəmiyyətin bütün şərt və tələblərini bilib gələcək nəsli də o ruhda böyütmək, qorumaq və ya həvəsləndirmək onun öhdəliyindədir. Buna görə də, istənilən şəxsin ən yaxın ətrafı ilk növbədə qadındır - ana, həyat yoldaşı, bacı, övlad və sairə. Bir şəxsi tanımaq üçün onun ətrafındakı qadına baxmaq kifayət edir. 1995-ci ildə Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında deyir: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib". 
Bəli, cəmiyyəti sözsüz təqdim edən də qadın və ona münasibətdir. O, nə qədər işıqlı, yüksək intellekt və əxlaq sahibidirsə, deməli, həmin cəmiyyəti də təsvir edəcək sözlər məhz bunlar olacaq. Bir millət məhz qadına verdiyi dəyər qədər özünə hörmət edir, öz gələcəyini görür. Akademik Zərifə xanım Əliyevanın şəxsində Azərbaycan xalqı bir daha yüksək bir səviyyədə təqdim olunur, tanınır. 

Könül BÜNYADZADƏ,
fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib  

18:17
21 Dekabr

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!