05 Aprel 2025 08:40
520
Mədəniyyət
A- A+
Musiqi ilə keçən ömür

Musiqi ilə keçən ömür


Ömrün hər anı o zaman mənalı, ürəyəyatımlı olur ki, aydın məqsəd yolunda inamlı addımlar atırsan, necə deyərlər, yerişinə-duruşuna, əməllərinə fikir verirsən, niyyətin saf, əməllərin sözlərinə uyğun olur. Bu cəhətə fikir verənlər həyat yollarında həmişə uğur qazanır, yaxınların, doğmaların, dost-tanışların sevimlisinə çevrilirlər. 

Anadan olmasının 75, pedaqoji-elmi fəaliyyətinin 55 illiyi bu günlərdə tamam olan Əməkdar incəsənət xadimi, professor Nazim Kazım oğlu Kazımov da hamının sevimlisi, qadir Allahın xalqımıza bəxş etdiyi qənimət insanlardandır.

Professor Nazim Kazımov və sadiq dostları üçün əlamətdar olan bu günlərdə onun keçdiyi mənalı ömür yoluna nəzər salarkən iftixar hissi ilə bu qənaətə gəldik ki, o, öz işini mükəmməl bilən, musiqi təhsili aləmində dəst-xəti, dəyərli fəaliyyət istiqamətləri ilə tanınan, sayılıb-seçilən pedaqoq alimdir.

Xalqına, Vətəninə sədaqətlə xidmət edən bu zəhmətsevər insanın ülviyyətindən, peşə məharətindən hər yerdə ağızdolusu danışırlar. Onun ömür yolu dahilər, görkəmli sənətkarlar diyarı olan Naxçıvandan başlanıb. 1950-ci il aprelin 4-də dünyaya gələndə  müdrik insan titulunu daşıyan Kazım kişiyə, qohum-əqrəbaların istəklisi Həcər anaya gözaydınlığı verənlər çox oldu. Həcər ananın həzin laylaları ilə dünyanı dərk etməyə başlayan Nazimin körpəlik-uşaqlıq illəri də bir-birindən maraqlı keçdi.

Görkəmli pedaqoq-psixoloq alimlərin gəldiyi qənaətə görə, insanın məktəbəqədər dövrdəki təəssüratlarının, həyat müşahidələrinin və qabiliyyətlərinin zənginliyi sonrakı həyat mərhələlərinin mənalı keçməsi üçün möhkəm zəmin yaradır. Bəlkə, elə buna görədir ki, o dövrdə iti hafizəsi, bədii maraq və qabiliyyəti ilə yaşıdlarından fərqlənən Nazim ədəbiyyata, musiqiyə könül verdi. 1956-cı ildə ayaq açdığı Naxçıvan şəhər Üzeyir bəy Hacıbəyli adına 1 nömrəli orta məktəbdə və bir neçə il sonra Naxçıvan şəhər musiqi məktəbinin tar sinfində oxuyarkən fəallığı ilə seçildi. Onda ədəbiyyata, musiqiyə güclü həvəs vardı. Ona görə də orta təhsilini başa vurarkən iki yolun ayrıcında qaldı. Lakin çox düşünmədən ədəbiyyatı da, musiqini də özünə "yol yoldaşı" etdi. 1966-cı ildə mötəbər musiqi təhsili ocaqlarından sayılan Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil oldi. 1967-ci ildən isə qiyabi yolla Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almağa başladı.  

1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib təyinatla  Əli Bayramlı şəhər musiqi məktəbində tar müəllimi kimi pedaqoji fəaliyyətə başlayanda universitet təhsilini qiyabi yolla davam etdirdi və 1973-cü ildə universiteti filoloq ixtisası üzrə bitirdi. Musiqi təhsilini artırmaq üçün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil oldu. İxtisas müəllimləri - Xalq artistləri, Dövlət mükafatı laureatları, professorlar Səid Rüstəmov (tar ixtisası üzrə), Süleyman Ələsgərov (dirijorluq ixtisası üzrə) yetirmələrinin uğurlarından fərəhlənir, ifaçılıq qabiliyyətini yüksək qiymətləndirirdilər. 

"Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıq və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm". Bu sözlər görkəmli bəstəkarımız, professor Səid Rüstəmova aiddir. O, hələ 50 il bundan əvvəl öz yetirməsi haqqında təəssüratını böyük iftixar hissi ilə bildirmişdi.

N.Kazımovun 55 illik əmək fəaliyyətinin 16 ili Əli Bayramlı şəhər musiqi məktəbi ilə bağlıdır. O, bu məktəbdə 1970-ci ildən tar müəllimi, tədris işləri üzrə direktor müavini, direktor vəzifələrində çalışarkən məktəbin şöhrəti daha da artmışdı. Nazim müəllim o dövrdə şəhər sovetinin deputatı kimi uşaqların və məktəbli gənclərin estetik tərbiyəsi naminə bir sıra mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə, yeni musiqi kollektivlərinin - Xalq çalğı alətləri orkestrinin və ansamblının yaradılmasına nail oldu. Respublikada müxtəlif devizlərlə keçirilən baxışlarda, müsabiqələrdə məktəbin gənc istedadları həmişə fərqlənir, aldıqları fəxri fərmanların, diplomların sayı ilbəil artırdı. Həmin illərdə tələbələrdən Ariz Abdullayev, Fəxrəddin Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov musiqi məktəbi şagirdlərinin ifaçılığı üzrə respublika müsabiqələrində laureat adına layiq görüldülər. Əlbəttə, bunlar hər şeydən əvvəl pedaqoji kollektivin və bu kollektivə bacarıqla rəhbərlik edən Nazim müəllimin aydın məqsəd yolunda səylə çalışmasının real nəticələri idi. Onun yetirmələrindən bir çoxu indi də müstəqil respublikamızda musiqi təhsilinin inkişafı, müasir tələblər səviyyəsində qurulması naminə böyük həvəslə, səylə çalışırlar.

Çalışdığı, sevib-seçdiyi sahənin bilikli, səriştəli mütəxəssisi kimi tanınmaq, sayılıb-seçilmək həqiqətən böyük qabiliyyətdir. Nazim müəllim 1992-ci ildə Təhsil Nazirliyində mütəxəssis kimi fəaliyyət göstərməyə irəli çəkiləndə də, şübhəsiz, məhz bu cəhət nəzərə alınmışdı. Burada o, təxminən 10 il inspektor, aparıcı mütəxəssis, rəis müavini vəzifələrində çalışaraq təşəbbüskarlığı, səriştəliliyi ilə diqqəti cəlb edir. O, eyni zamanda 1997-ci ildən 2001-ci ilədək Təhsil Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini aparır, rəhbərlik etdiyi təşkilatın fəaliyyətini səmərəli qurmaqla həmkarlar ittifaqı üzvlərinə göstərdiyi diqqət və qayğısı, insaniliyi, ağır-ağayanalığı, hər  kəsin yerini, dilini bilmək qabiliyyəti  ilə bu mötəbər qurumun kollektiv üzvlərinin dərin rəğbətini qazanır.

Nazim müəllim nazirlikdə işlədiyi müddətdə də həmişə arayıb-axtarmağa səy göstərmişdir. 1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun  dissertantı olanda bu səyi, həvəsi daha parlaq şəkildə nəzərə çarpdı. Mətbuat səhifələrində bir-birindən maraqlı yazılarlarla çıxış etdi. 1997-ci ildə elmi araşdırmaların nəticəsində o, "Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi" mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq müvəffəqiyyətlə müdafiə etdi. N.Kazımovun çap etdirdiyi "Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı" (Bakı, 1998), "Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri" (Bakı, 1996, 2000), "Tar ilə fortepiano üçün pyeslər məcmuəsi" (Bakı, 1999) həm  Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin şagirdləri üçün dəyərli vəsaitlər kimi qiymətləndirilir.

O, eyni zamanda ali musiqi tədrisi müəssisəsində pedaqoji fəaliyyətini davam etdirərək musiqiçilərin hazırlanmasında yaxından iştirak edir. Azərbaycan Dövlət Konservatoriyasında 1981-84-cü illərdə müəllim, 1993-1998-ci illərdə baş müəllim, 1998-2006-cı illərdə dosent vəzifələrində çalışır. 2006-cı ilin fevral ayında Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında professor vəzifəsinə seçilir. Böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 2001-ci ildə N.Kazımovu Milli Konservatoriyanın nəzdindəki Musiqi kollecinə direktor təyin etdilər. Onun məqsədyönlü fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta ixtisas musiqi təhsili müəssisəsinə çevrilmişdir. Musiqi təhsili sahəsindəki səmərəli fəaliyyəti layiqincə qiymətləndirilən N.Kazımov müxtəlif vaxtlarda fəxri fərmanlara, "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görüldü. 2006-cı ildə isə Nazim Kazımova ölkəmizdə musiqi təhsilinin, musiqi mədəniyyətinin inkişafına böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adı verildi.

Prezident İlham Əliyevin görkəmli bəstəkar və musiqi xadimi, Dövlət mükafatı laureatı Səid Rüstəmovun 100 illik yubileyinin keçirilməsi haqqında 24 yanvar 2007-ci il tarixli sərəncamı bu ölməz bəstəkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü idi. Unudulmaz müəlliminə, onun irsinə göstərilən bu diqqət, verilən qiymət onu daha çox sevindirirdi. Üzərində işlədiyi "Səid Rüstəmov" monoqrafiyası tezliklə işıq üzü gördü.

Professor Nazim Kazımovun Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyanlardan biri olan, cəmi 23 il ömür sürən (1909-1932) Asəf Zeynallının anadan olmasının 100 illiyinə həsr etdiyi dəyərli monoqrafiyası isə 2009-cu ildə "Elm və təhsil"  nəşriyyatı tərəfindən çap olundu və dərs vəsaiti səviyyəsində dəyərləndirilidi.

Nazim müəllimin rəhbərlik etdiyi möhtəşəm təhsil ocağının - Musiqi kollecinin 110 illiyinə həsr etdiyi və 2008-ci ildə çapdan buraxılmış kitab da maraqla qarşılandı. Musiqi təhsili işçiləri, sənətşünas alimlər, müəllimlər, tələbələr və geniş musiqi ictimaiyyəti üçün nəzərdə tutulan  vəsaitdə bu müqəddəs sənət - təhsil ocağının keçdiyi inkişaf yolu tarixi mərhələlərlə nəzərə çatdırılır.

Onun ölkəmizdə musiqi təhsilinin, bütövlükdə musiqi mədəniyyətinin inkişafı sahəsində pedaqoq, bəstəkar kimi  öz dəst-xəti ilə tanınan Adil Gəray Məmmədbəyliyə həsr etdiyi monoqrafiyası da diqqətə layiqdir. 2015-ci ildə "Nərgiz" nəşriyyatı tərəfindən nəşr olunan vəsaitdə görkəmli musiqi xadiminin geniş, hərtərəfli bəstəkarlıq və pedaqoji fəaliyyəti işıqlandırılır.

N.Kazımov geniş diapazona malik musiqi pedaqoqudur. Bu ali keyfiyyət onun həyata, ətraf aləmə baxışı, dünya görüşü ilə bağlıdır. Professor Nazim Kazımov yaxşı bilir ki, milli şüurun, vətənpərvərlik tərbiyəsinin inkişafında, formalaşmasında musiqinin çox böyük rolu, təsir imkanları var. Bax elə buna görə də o, ali və orta ixtisas musiqi məktəblərində, habelə ümumtəhsil məktəblərində musiqi fənlərinin müasir tələblər səviyyəsində tədrisinə, pedaqoji, metodik təminatına müsbət təsir göstərən tədris vasitələrinin hazırlanmasında yaxından iştirak edir. O, tədrisi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin 2, 5, 7, 8-ci sinifləri üçün son illərdə nəşr edilən "Musiqi",  "Muzıka" dərsliklərinin həmmüəlliflərindən biridir.

2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının 20 illik yubileyi çərçivəsində mükafatlandırılan professor müəllim heyəti arasında Nazim Kazımov II dərəcəli "Əmək" ordeni ilə təltif olunub. 

Nazim müəllim həyatının, yaradıcılığının müdrik çağında Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi kollecinə - burada çalışan yaradıcı kollektivə çox böyük diqqət və qayğı ilə rəhbərlik edir. Onu da deyək ki, uzun müddət qəza vəziyyətində olan binada yerləşmiş bu möhtəşəm təhsil ocağının yeni ünvanda, müasir tələblər səviyyəsində fəaliyyət göstərməsində də Nazim müəllimin böyük əməyi var. Bunu kollecin adlı-sanlı müəllimləri, tələbələri və təhsil ocağı ilə müntəzəm əlaqə saxlayan valideynlər də etiraf edirlər. Bu möhtəşəm təhsil ocağının nəyə qadir olması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam ifaçılığı müsabiqələrində də parlaq şəkildə nəzərə çarpdı. Müxtəlif illərdə keçirilən bu müsabiqələrdə Musiqi kollecinin tələbələri uğurla çıxış etmişlər.

Bütün bunlar böyük fəxrlə, ürək-qəlb genişliyi ilə belə fikir söyləməyə əsas verir ki, zəngin ənənəsi, tarixi olan bu möhtəşəm musiqi təhsili ocağının rəhbəri, professor Nazim Kazımov daha xoş günlərin, gələcək uğurların təməlini qoyur. Ömrünü müqəddəs musiqi sənətinə vurğunluqla aşılayan həmkarımıza 75 illik yubileyində möhkəm cansağlığı, uzun ömür, daha böyük uğurlar arzulayırıq! 


Vidadi XƏLİLOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ətirli smartfon istehsal

17:40
08 Aprel

Təyyarələr avtomatik şəkildə eniş edə biləcəklər

17:39
08 Aprel

Robot at təqdim edilib

17:38
08 Aprel

TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər  

17:37
08 Aprel

Zərdabda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

17:37
08 Aprel

Xankəndidə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilib  

17:34
08 Aprel

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanidən  

17:33
08 Aprel

Cəbrayılda növbəti əmək yarmarkası olub, 100-dən çox vakansiya təqdim edilib  

17:32
08 Aprel

Qarabağ Universitetində yeni dünya nizamı və rəqəmsal inqilabdan gözləntilər müzakirə olunub  

17:23
08 Aprel

Gimnaziada: Azərbaycan güləşçiləri daha 6 medal əldə ediblər

17:21
08 Aprel

Xəbərdarlıq: Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir

17:20
08 Aprel

İsrail şirkətləri ilə avtomobil və dəmiryolu nəqliyyatında əməkdaşlıq müzakirə olunub  

17:19
08 Aprel

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib

17:17
08 Aprel

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

17:16
08 Aprel

Xankəndidə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri məsələləri müzakirə edilib  

17:13
08 Aprel

Macarıstan hökuməti fərdi evlərdə günəş panellərinin quraşdırılmasına subsidiya ayırır  

17:12
08 Aprel

Şuşa və Ağdamda hotel işçiləri yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb  

17:10
08 Aprel

Media: ABŞ 10 minədək hərbçisini Şərqi Avropadan çıxara bilər  

17:09
08 Aprel

Azərbaycanda deflimpiyanın inkişafı müzakirə edilib

17:08
08 Aprel

Azərbaycan və Pakistan arasında əsas investisiya layihələri və memorandumlar müzakirə edilib

17:06
08 Aprel

Fərid Şəfiyev: BBC-nin Ruben Vardanyanla bağlı çağırışları qəbuledilməzdir  

16:56
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!