Bu seçkidən ötən 2 il ərzində ölkəmizin əldə etdiyi uğurların
müəllifi İlham Əliyevdir
Prezident
İlham Əliyevin ölkənin bütün strateji inkişaf
məsələləri ilə bağlı konkret mövqeyi var. Bu mövqe ilk növbədə Azərbaycanın
milli maraqlarıdır. Ölkəmizdə, regionda, ümumən dünyada sülh və inkişafın təmin
olunması üçün formalaşan və həyata keçirilən strateji baxışlar sistemidir,
qarşıya qoyulmuş böyük hədəflərdir.
Dövlətimizin başçısı tərəfindən görülən işlərin, əməli
addımların müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə
uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın təməl əsaslarını
təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurlu tətbiqi və hədəflənən nəticələrin
əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi,
qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin
inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən
ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər
sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın
gerçəklikləridir.
2024-cü ilin 7 fevral tarixi milli dövlətçilik salnaməmizdə
mühüm və əlamətdar əhəmiyyətə malik bir
gündür. Həmin gün ölkəmizdə növdəbənkənar prezident seçkisi keçirilmiş və cənab
İlham Əliyev səsvermədə iştirak edən seçicilərin 92,12 faizinin səsini
qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Bu Prezident seçkisinin əlamətdar məqamı onun Zəfər seçkisi
olmasıdır. Müstəqillik və ümumilikdə milli dövlətçilik tariximizdə ilk dəfə idi
ki, prezident seçkisi ərazi bütövlüyü və suverenliyi təmin edilən Azərbaycanda
keçirilirdi. Səsvermə məntəqələri respublikanın bütün ərazisində təşkil
olunmuşdu. Mahiyyət etibarı ilə bunu xalq sevgisinin, qürurunun ifadəsi də
saymaq olardı. Səsvermə prosesində yüksək fəallıq göstərən Azərbaycan xalqı ölkəmizin
ərazi bütövlüyünü, suverenliyini təmin etmiş, əsrlərin problemini yoluna
qoymuş, millətin qəddini dikəltmiş, milli qürurunu yüksəltmiş, Azərbaycanı tarixinin ən qüdrətli
mərhələsinə gətirib çıxarmış Liderə - İlham Heydər oğlu Əliyevə səs vermişdir.
Bu həm də Azərbaycanın və regionumuzun sabahına verilən səs, cənab İlham
Əliyevin strateji baxışı ilə formalaşan gələcəyə göstərilən yüksək etimad idi.
Gələcəyə göstərilən etimad
2024-cü ilin 7 fevralından keçən müddət Azərbaycan dövlətinin
tarixi nailiyyətlərinin davamında növbəti möhtəşəm bir mərhələyə çevrildi. Bu mərhələdə
dövlətimizin başçısının xarici siyasət istiqamətində qazandığı nailiyyətlər
xüsusilə müstəsna əhəmiyyət kəsb edir. Çünki müasir dünyamızda, qlobal
çağırışlar mühitində, regionla bağlı yeni prioritetlərin müəyyənləşdiyi çağda
xarici siyasət sahəsində qazanılmış hər uğur Azərbaycanın və bölgəmizin hərtərəfli
yüksəlişi, insanların rifahına, xoşbəxtliyinə qoyulan sərmayə deməkdir.
2024-cü ilin fevralında keçirilən prezident seçkilərindən
sonra Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin xarici siyasəti yeni
bir mərhələyə qədəm qoydu. Pespublikanın beynəlxalq mövqeyi və strateji əlaqələri
son iki ildə əhəmiyyətli dərəcədə gücləndi, bu da Azərbaycanın regionda və
dünyada nüfuzunu daha da artırdı. Tarixi Zəfərimiz nəticəsində ölkəmizin ərazi
bütövlüyünün, suverenliyinin bərpasından sonra sülh gündəliyini irəli sürərək
uğurla həyata keçirən Azərbaycan Prezidentinin əzmkarlığı, mahir diplomatiyası
sayəsində bölgədə əbədi sülh, təhlükəsizlik, insanların gələcək xoşbəxt həyatı
üçün möhkən təməllərin formalaşdırılmasına başlandı.
Prezident İlham Əliyevin bu il yerli televiziya kanallarına
verdiyi müsahibədə xarici siyasət məsələləri ilə bağlı bölüşdüyü məqamlar son dərəcə
mühüm əhəmiyyət kəsb edirdi. Cənab İlham Əliyev bu müsahibədə qlobal və
regional proseslərin sistemli təhlilini apardı, nəticə etibarilə regionun gələcək
mənzərəsini ictimaiyyətə açıq şəkildə təqdim etdi. Azərbaycanın xarici siyasətində
əsas prioritetlərdən biri məhz güc və məsuliyyət balansının qorunması xüsusi
qeyd olundu. Prezident bildirdi ki, hərbi gücdən yalnız müdafiə və təhlükəsizliyin
təminatı üçün istifadə olunur. Məlumdur ki, 2020-ci və 2023-cü illərdə
regiondakı hərbi üstünlüyünə baxmayaraq, Azərbaycan öz gücünü yalnız strateji və
diplomatik məqsədlər üçün tətbiq etdi. Prezident İlham Əliyev müsahibədə bu məsələ
barədə dedi: "…Öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq
hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq
var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin
olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir,
heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir.
Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda məsuliyyətimiz göz önündədir".
Belə bir mövqe isə həm regionda sabitliyin qorunmasına, həm də Azərbaycanın
beynəlxalq nüfuzunun güclənməsinə xidmət göstərir.
Azərbaycanın xarici siyasət strategiyasında eyni zamanda
çoxqütblülük və balans mühüm yer tutur. Prezident İlham Əliyev 2025-ci ilin ölkəmiz
və xalqımız üçün uğurlu, tarixi bir il olduğunu xüsusi qeyd etdi: "Çünki məhz
keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən
son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində
yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta
ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır.
Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm
müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi,
antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin
avqustunda son qoyuldu".
Sülh gündəliyi
Prezident İlham Əliyevin son iki ildə tarixi nəticələr verən
sülh gündəliyinin region və beynəlxalq aləm üçün çox böyük əhəmiyyəti var,
çünki o, Azərbaycanın xarici siyasətinin əsasını təşkil etməklə bir çox
geosiyasi məsələlərdə sülhün bərqərar olunması üçün mühüm təşəbbüslər təqdim
edir. Bu gündəlik, həmçinin regionda sabitlik və təhlükəsizliyin təmin
olunmasına, münaqişə, təxribat niyyətlərinin qarşısının alınmasına, qarşılıqlı əməkdaşlığın
inkişafına yönəlib.
Cənubi Qafqazın sabitliyi naminə regionda sülh və təhlükəsizliyin
möhkəmləndirilməsi üçün daimi təşəbbüslərin irəli sürülməsi də Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu, həm də
regionun gələcək inkişafını və sabitliyini təmin etmək məqsədi daşıyır.
Azərbaycan sülh gündəliyini irəli sürməklə, qonşu ölkələrlə əməkdaşlığın
daha da dərinləşməsinə, müxtəlif regional təşkilatlarda birgə aktiv iştiraka zəmin
yaradır. Bu, iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsi, həmçinin regional
təhlükəsizliyin artırılması baxımından vacibdir.
Sülh və təhlükəsizlik mühiti iqtisadi inkişaf üçün əsasdır.
Azərbaycanın təşəbbüsçüsü olduğu iqtisadi layihələr, xüsusən enerji və nəqliyyat
sahələrindəki fəaliyyəti həm regional, həm də beynəlxalq səviyyədə iqtisadi əməkdaşlığa
müsbət təsir göstərir. Azərbaycan beynəlxalq təşkilatlarla, dünyanın aparıcı
ölkələri ilə fəal əməkdaşlıq edərək, ölkəmizin sülh və təhlükəsizlik məsələlərindəki
mövqeyini daha da gücləndirir. Bu baxımdan, Birləşmiş Ərəb Əmirliklərinin
nüfuzlu Şeyx Zayed Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi
"Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görməsi təkcə Azərbaycan
Prezidentinin fəaliyyətinə verilən ali qiymət deyil, eyni zamanda ölkəmizin son
illər yürütdüyü sülh, dialoq və humanizm siyasətinə beynəlxalq səviyyədə dəstəyin
təzahürüdür.
Şeyx Zayed Fondunun mükafatı Prezident İlham Əliyevin
ardıcıl şəkildə formalaşdıraraq həyata keçirdiyi sülh gündəliyinin artıq
regional çərçivələri aşaraq qlobal mənəvi platformaya çevrildiyini nümayiş
etdirir. Bu gün Azərbaycanın sülh modeli artıq təkcə regional hadisə olmayıb,
dünyadakı digər münaqişələrin həlli üzrə də nümunəvi təcrübə kimi diqqət çəkir.
Azərbaycan modeli beynəlxalq hüquqa əsaslanan ardıcıl, prinsipial mövqeyini, hərbi
qələbənin siyasi nəticəyə çevrilməsini, qalib tərəfin sülh təşəbbüskarı olması
faktını, revanşizmin vaxtında neytrallaşdırılması əzmini, sabitlik və inkişafın
prioritet seçilməsi və s. bu kimi əhəmiyyətli amilləri özündə ehtiva edərək
mütləq qələbənin tam formulu kimi görünür.
Azərbaycan cənab
İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində öz haqqını bərpa etdi, nəinki
özünün, ümumən Cənubi Qafqaz regionunun da gələcəyini qurmağa başladı. Bu mənada
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş qələbə təkcə
Azərbaycanın deyil, həmin bölgənin sabahı naminə qazanılmış qələbədir, Azərbaycan
Prezidentinin sülh gündəliyi regionumuzun xoşbəxtliyi, sabitlik və daim
inkişafda olması üçün addım-addım irəli aparılan prosesdir.
Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun Azərbaycan
Prezidentinə təqdim etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı" isə ölkəmizin
sülh təşəbbüslərinin legitimliyini artırır, cənab İlham Əliyevin regional
liderlik statusunu daha da möhkəmləndirir, ölkəmizin beynəlxalq humanitar
imicinə yeni məzmun qazandırır, dövlətimizin islam dünyası ilə mənəvi bağlarını
gücləndirir. Bu mükafat sülhə, əmin-amanlığa, inkişafa verilən beynəlxalq qiymətdir.
Ona görə də bu mükafat son dərəcə dəyərlidir və mühüm tarixi əhəmiyyət daşıyır.
Bu həm də diplomatik üstünlüyün açıq göstəricisidir.
Müstəqil siyasətin təntənəsi
Ötən ilin 8 avqustunda Vaşinqtonda - Ağ Evdə ABŞ Prezidenti
Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
paraflanması, görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması ölkəmizin
son illərdəki ən böyük xarici siyasət uğurlarındandır. Bu, dövlətimizin həm
regionda, həm beynəlxalq arenada yürütdüyü balanslı, müstəqil siyasətin təntənəsidir
və Azərbaycanın beynəlxalq güc mərkəzləri ilə əlaqələrinin hansı səviyyəyə qədər
yüksəldiyini göstərir. Uzun illər ərzində münaqişənin həlli, regionda sülhün əldə
olunması istiqamətində ciddi bir iş görə bilməmiş ATƏT-in Minsk qrupu Vaşinqton
görüşü ilə tarixin arxivinə göndərildi. Azərbaycan regionun lideri kimi Cənubi
Qafqazın gələcəyinə görə üzərinə daha bir tarixi missiya götürmüş oldu.
ABŞ-nin Azərbaycanın irəli sürdüyü sülh gündəliyində fəal
iştirakı, Cənubi Qafqazda dayanıqlı sülhün yalnız regional əhəmiyyətini deyil,
qlobal enerji və ticarət marşrutlarının şaxələndirilməsi baxımından da önəmini
vurğulayır. Sülhün bu genişmiqyaslı strategiyanın bir hissəsi olduğunu göstərir
və təbii ki, bu strategiyada respublikamızın mövqeyini daha da gücləndirir.
Azərbaycanın xarici siyasətinin Vaşinqton uğurunun mühüm
elementlərindən biri də Zəngəzur dəhlizi, yeni adı ilə desək, TRIPP (Beynəlxalq
Sülh və Rifah üçün Tramp Marşrutu) təşəbbüsüdür. Bu marşrut, Ermənistanın ərazisindən
keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək
və mahiyyət etibarilə qlobal əhəmiyyətli regional bağlantı şəbəkəsinin
qurulmasına töhfə verəcək. Bütün bunlar Xəzər regionunun strateji mənzərəsinin
yenidən formalaşdırılması istiqamətində son illərdə atılan mühüm addımlardır.
Azərbaycan üçün bu proseslər həm Qərb, həm Şərq istiqamətində yeni imkanların
açılmasında, ölkənin Mərkəzi Asiya ilə əlaqələrdə əsas körpü rolunun daha da
gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Azərbaycan-Vaşinqton görüşündən sonra da bu dinamikanı
qorumaqla yalnız regional enerji və tranzit qovşağı olmaqla kifayətlənmir, həm
də sülh gündəliyinə əsaslanaraq daha geniş coğrafiyada oyun qaydalarını müəyyən
edən mühüm siyasi aktora çevrilir.
Azərbaycan ABŞ ilə münasibətləri getdikcə daha da inkişaf
etdirməkdədir. Eyni zamanda Türkiyə ilə strateji müttəfiqlik, əməkdaşlıq əlaqələri
qorunub saxlanılır və daha da dərinləşdirilir.
Rusiya, İran, Gürcüstan kimi qonşu dövlətlərlə, Çin kimi nəhəng
güc mərkəzləri ilə, Avropa, Ərəb ölkələri ilə münasibətlər də ölkəmizin xarici
siyasətinin mühüm tərkib hissələrindən biri kimi qarşılıqlı və faydalı şəkildə
davam etdirilir, birgə layihələr uğurla reallaşdırılır.
İqlim dəyişikliyinə qarşı mübarizənin önündə
Azərbaycan beynəlxalq ekoloji təşkilatlarla da əlaqələrini
daim genişləndirir. 7 fevral Prezident seçkisindən sonra 2024-cü ilin
noyabrında Azərbaycan "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası"na
(COP29) uğurla evsahibliyi etdi və bu, ölkəmizin son iki ildəki diplomatik
nailiyyətləri sırasında ən qürurverici faktlardan biri kimi öz yerini tutdu.
Azərbaycanın COP29 kimi əhəmiyyətli bir tədbirə evsahibliyi
etməsi və bunun nəticələri ölkəmizin mühüm strateji uğurudur. COP tədbirləri
qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı inkişaf və ətraf
mühitin qorunması məsələlərinin müzakirə olunduğu ən önəmli beynəlxalq
platformalardır. Azərbaycanın bu tədbirə evsahibliyi etməsi bir neçə vacib səbəbə
görə xarici siyasət baxımından da əhəmiyyət kəsb edir. İlk növbədə, bu, ölkəmizin
beynəlxalq iqlim ölkəsi kimi mövqeyini gücləndirdi, respublikamızı qlobal iqlim
dəyişiklikləri ilə mübarizəyə qatılmış dövlətlərdən biri kimi tanıtdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız enerji ixracatçısı
kimi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verən bir dövlət kimi
yüksək nüfuz qazandı.
Bu tədbirin yaratdığı imkanlarla ölkəmiz diplomatik əlaqələrini
daha da genişləndirdi. Azərbaycanın "yaşıl enerji" və dayanıqlı
inkişaf sahəsindəki təşəbbüsləri dünya birliyinə təqdim olundu. Ölkəmiz
regionda iqlim dəyişikliyinə qarşı mübarizənin lideri mövqeyini möhkəmləndirdi,
regional əməkdaşlıq imkanlarını artırdı. Bütün bunlardan əlavə, həm də yeni
iqtisadi imkanlar, investisiya cəlb etmək, bərpaolunan enerji sahəsində əməkdaşlıq
qurmaq və qlobal ekoloji təşəbbüslərə qatılmaq üçün yeni zəmin əldə edildi.
"Ailəmiz türk dünyasıdır"
Azərbaycanın son 2 ildəki xarici siyasət uğurlarının mühüm
bir qismi də Türk Dövlətləri Təşkilatının fəaliyyəti ilə bağlıdır. Prezident
İlham Əliyev 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki proqram
xarakterli çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı
illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir:
"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı
atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam
etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin
ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas
beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Bizim ailəmiz türk dünyasıdır".
Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) qurucularından
biri və mühüm aparıcı üzvü olaraq son iki ildə də bu beynəlxalq təşkilatın fəaliyyətində,
getdikcə güclənməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan təşkilatın əsas
prinsiplərinə sadiq qalaraq, həm regionda, həm də qlobal arenada türk
dünyasının maraqlarını müdafiə edir.
Ölkəmizin TDT-dəki əsas rolu onun regional və beynəlxalq təhlükəsizlik
məsələlərindəki aktiv iştirakı ilə də möhkəmlənir. Xüsusilə ərazi
bötüvlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin bölgədəki
sabitlik təşəbbüsləri TDT çərçivəsində də mühüm əhəmiyyət daşıyır. Bu təşkilat
daxilində fəaliyyət Azərbaycanın region ölkələri ilə sıx əlaqələrinin daha da gücləndirilməsində
mühüm və vacib platforma rolunu oynayır.
Azərbaycan türk dünyasının iqtisadi inkişafını dəstəkləyən
bir çox təşəbbüslərin öncülü rolunda da
çıxış edir. Xüsusilə nəqliyyat, enerji və ticarət sahələrindəki əməkdaşlıq Azərbaycanın
regionda iqtisadi cəhətdən güclənməsinə töhfə verir. Azərbaycan həmçinin TDT
ölkələri arasında mədəniyyət və təhsil sahələrində də əlaqələri gücləndirərək
türk dünyasının ortaq kimliyinin qorunmasına və inkişafına böyük dəstək göstərir.
Azərbaycanın TDT-dəki rolu, onun türk dünyasının birliyini
möhkəmləndirmək, regional və qlobal məsələlərdə birgə fəaliyyət istiqamətindəki
iradəsini bir daha göstərir. Ən mühüm məqamlardan biri isə bundan ibarətdir ki,
bu təşkilatın fəaliyyəti kimlərinsə maraqlarına qarşı yönəlməyib. Əksinə, Azərbaycan
TDT-yə qlobal məcrada bütün maraqlı tərəflər üçün böyük faydalar yaradan əməkdaşlıq
və inkişaf platforması kimi yanaşır və xarici siyasətində bu amili də nəzərə
alır.
Azərbaycan ötən 2 ildə BMT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı
kimi qlobal təşkilatlarla da əlaqələrini möhkəmləndirmiş, həyata keçirilən birgə
layihələr yeni uğurlara vəsilə olmuşdur. 7 fevral 2024-cü ildə cənab İlham
Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonrakı 2 il ölkəmizin
xarici siyasətində hər cəhətdən yeni bir inkişaf mərhələsi olmuşdur. Azərbaycan
bu mərhələdə əldə edilmiş strateji uğurlarla daha da qüdrətlənmiş, dünyadakı
nüfuzunu, qlobal proseslərə təsir imkanlarını artırmışdır.
İradə ƏLİYEVA,
"Azərbaycan"