"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün Ağdam rayonunda zəruri tədbirlər görülür.
Ağdam respublikanın böyük iqtisadi potensiala malik rayonlarındandır. Burada torpaq münbit, su ehtiyatları bol, işçi qüvvəsi yetərincədir. Hələ sovet dönəmində Ağdam kəndlisi istehsal etdiyi bol taxıl, pambıq, üzüm, heyvandarlıq məhsulları ilə ölkə iqtisadiyyatına sanballı töhfələr verir, halal zəhməti ilə bolluq yaradır, eyni zamanda öz ailəsinin firavan həyatını təmin edirdi. Güclü maddi-texniki bazaya malik təsərrüfatlar aqrar sektorun dinamik inkişafında etibarlı bünövrə, əsas amil idi. Azərbaycana rəhbərliyinin birinci mərhələsində xalqımızın Ümummilli Lideri Heydər Əliyev dəfələrlə Ağdama səfər etmiş, güclü iqtisadi potensiala, yetərli əmək ehtiyatlarına malik rayonun yüksəlişinə qayğısını əsirgəməmişdir. Davamlı qayğı hesabına Ağdam sürətlə inkişaf edir, rayon mərkəzi, kəndlər ildən-ilə abadlaşır, əhali xoşbəxt və firavan həyat sürürdü. Faşist xislətli nankor qonşularımız erməni millətçilərinin əsassız ərazi iddiaları nəticəsində Azərbaycanın tərkib hissəsi olan Qarabağ odlara qalandı. Ermənistan silahlı qüvvələri kəndləri, şəhərləri darmadağın edib xarabaya çevirdi. Azğın düşmən Ağdamda daş üstə daş qoymadı. Günahsız insanları, uşaqları, qadınları, qocaları sadəcə azərbaycanlı olduqlarına görə acımasızca qətlə yetirdilər. Ruhlar şəhərinə çevrilən Ağdamla otuz il ərzində xəyallarda, yuxularda görüşdük. Bu ağrılı xatirələri ona görə yada salırıq ki, 44 günlük müharibədə şanlı ordumuzun qazandığı qələbənin möhtəşəmliyi daha aydın olsun. Silahlı Qüvvələrin Ali Baş Komandanı, müzəffər sərkərdə İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri dövlətçilik tariximizə Zəfər sözünü qızıl hərflərlə yazdı. İndi bütöv Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri vüsət alıb. Müharibənin vurduğu yaraları ən qısa zamanda sağaltmaq üçün dövlət maliyyə imkanlarını, xəyalları gerçəkləşən, bütün varlığı ilə bu yurda bağlı insanlar isə gücünü, qüvvəsini, ürəklərinin hərarətini əsirgəmirlər. Yaxın keçmişdə daş üstə daşı qalmayan Ağdam indi minbir həvəslə yenidən qurulur. Müasir tələblərə cavab verən yollar çəkilir, yeni kəndlər, şəhərlər inşa edilir, möhtəşəm infrastruktur layihələri uğurla həyata keçirilir. Yaraşığı, rahatlığı, müasir standartlara cavab verməsi ilə diqqət çəkən Ağdam şəhərində yeni yaşayış məhəllələrində artıq yüzlərlə ailə məskunlaşıb. Böyük təsəllidir, çox qürurvericidir ki, Ağdam öz ağrı-acılarını, dözülməz sarsıntılarını arxada qoyub yenidən şöhrətli günlərinə qayıdır.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq prosesi ilə paralel, kənd təsərrüfatı işləri də geniş vüsət alıb. Otuz il ərzində bar-bəhərə həsrət qalmış, sinəsi çat-çat olmuş torpaqlar doğma sahiblərinin ilıq nəfəsi, hərarətli əlləri ilə yenidən canlanıb üzə gülür. Onu da unutmayaq ki, otuz il ərzində rayon ərazisinin dörddəüç hissəsi erməni işğalı altında qalıb. İşğaldan azad edilən ərazilərdə indi sözün həqiqi mənasında həyat qaynayır. Ərazilər mənfur düşmənlərin "səxavət"lə basdırdıqları minalardan diqqətlə təmizlənib yenidən istifadəyə qaytarılır. Təmizlənmiş ərazilərdə tikinti-quruculuq işləri ilə yanaşı, əkin-biçin işləri də genişlənir.
Ağdam kəndlisi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələri qarşıdakı dövr üçün özlərinin konkret fəaliyyət proqramı kimi qəbul ediblər. Bu məqsədlə rayonda geniş tədbirlər planı hazırlanıb, əsas hədəflər müəyyən edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov söhbət zamanı kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramının əhəmiyyətini dönə-dönə vurğuladı:
- Ölkənin aqrar sektorunda yeni və dinamik inkişafa təkan verəcək dövlət proqramı Ağdam rayonu üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, rayon ərazisinin təxminən 75 faizi otuz il ərzində işğal altında, yad əllərdə qaldığından bərbad hala düşüb. Uzun illər boyu suya, suvarmaya həsrət qalan, kotan dəyməyən, toxum səpilməyən, əkinçinin alın təri qarışmayan qiymətli torpaqlarımızın böyük fasilədən sonra, obrazlı desəm, könlünü almaq, əkib-becərmək üçün yeni dövlət proqramı Ağdam kəndlisinə geniş imkanlar yaradıb. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qüdrətli sərkərdə bacarığı, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə azadlığa qovuşan torpaqlarımız indi rahat nəfəs alır. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı bu torpağın əsl sahiblərinə qol-qanad verir. Ağdam kəndlisi proqramda göstərilən hədəflərə çatmaqda israrlıdır. Kürəyindəki əlin yenilməz gücünə güvənir. İnanır ki, müharibənin xarabalıqları üzərində yaraşıqlı kəndlər, şəhərlər tikən, dağları yarıb yollar çəkən, tunellər inşa edən, sözün həqiqi mənasında möcüzələr yaradan, dünyaya günəş kimi doğan bir dövlət doğma torpaqlarını əkib-becərməkdə, bolluq, firəvanlıq yaratmaq kimi nəcib bir işdə onların etibarlı və təmənnasız yardımçısı olacaqdır. Niyyət aydın, hədəf məlumdur. Dövlət istifadə edilən torpaqların hər qarışından maksimum səmərə əldə etməkdə maraqlıdır. Bu məqsədlə ölkəmizə dünyanın qabaqcıl təcrübəsi, mütərəqqi texnologiyası, ən yeni və ən məhsuldar texnikası gətirlir, torpaq istifadəçilərinə maddi dəstək məqsədilə subsidiyalar nəzərdə tutulur. Rayonumuzda əmək ehtiyatı da yetərincədir. İndi əsas məsələ yerlərdə işləri bacarıqla təşkil etməkdir. Bu istiqamətdə atılan ilk addımlar uğurludur. Cari ilin arxada qalan dövründə qazanılan nəticələr qənaətbəxşdir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün qüvvələr səfərbərdir.
İcra başçısının söhbətindən öyrəndik ki, cari ilin altı ayında kənd təsərrüfatında ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 113,1 milyon manat olmuşdur. Bunun 54,8 faizi bitkiçilikdən, 45,2 faizi isə heyvandarlıqdan qazanılmışdır. Cari ilin məhsulu üçün 30.332 hektar sahədə əkin aparılmışdır. Bu il 48115 ton taxıl istehsal edilmiş, hər hektarın orta məhsuldarlığı 43,6 sentner yüksəlmişdir. Bu, ötənilki məhsuldarlıq səviyyəsindən xeyli yüksəkdir.
Rayonda pambıqçılığın inkişafına böyük önəm verilir. Cari ildə 516 nəfər torpaq istifadəçisi ilə müqavilə bağlanaraq 2609 hektar sahədə pambıq əkilmişdir. "MTK-İK" MMC-nin, "P-Aqro" MMC-nin və "Azərpambıq ASK-MMC-nin rayonda fəaliyyət göstərən nümayəndəliklərinin torpaq mülkiyyətçiləri ilə qurduğu işgüzar münasibət yaxşı nəticələr verir. Bu gün Ağdam kəndlisində pambıqçılığa böyük maraq var. Çəkilən zəhmətin, becərmədə aqrotexniki tələblərə ciddi əməl edilməsinin nəticəsidir ki, geniş tarlalar başdan-başa ağ örpəyə bürünüb. Artıq təsərrüfatlarda məhsul yığımına start verilib. İlk günlərin uğurlu nəticələri deməyə əsas verir ki, rayonun tarla bahadırları bu il yüksək məhsuldarlığa nail olacaq, yeni hədəflərə çatacaqlar.
Ağdamda heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artırılaraq təxminən 50 min başa, qoyun və keçilərin sayı isə 1,2 faiz artırılaraq 105.500 başa çatdırılmışdır. Mal-qaranın baş sayının artması təbii olaraq heyvandarlıq məhsullarının istehsalında əhəmiyyətli artımı təmin edir. Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarısında diri çəkidə ət istehsalı 3,2 faiz, fiziki çəkidə süd istehsalı 3,6 faiz, yumurta istehsalı 2,6 faiz, yun istehsalı 3,1 faiz artmışdır.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya sərvətlərində dəyişikliklər təsdiq edilib. Ağdam kəndlisi bu yenilikləri dövlətin qayğı və diqqəti kimi qəbul edir və minnətdarlıqla qarşılayır. Heç şübhəsiz tətbiq olunacaq yeni subsidiya güzəştləri kənd əməkçilərinin fəallığına əhəmiyyətli təsir göstərəcək, taleyini halal zəhmətə, mənalı əməyə bağlayan sadə kənd adamlarında məmnunluq doğuracaq.
Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədov bizimlə söhbətində rayonun təsərrüfatlarında real durumu, kənd əməkçilərinin əhvali-ruhiyyəsini belə ifadə edir:
- Otuz ilin həsrətindən sonra doğma torpağına qovuşan Ağdam kəndlisinin işləmək, bolluq yaratmaq, dövlətin qayğısına yeni əmək töhfələri ilə cavab vermək həvəsi, istəyi böyükdür. Tam əminliklə deyə bilərəm ki, rayonumuzdakı mövcud sağlam mənəvi-psixoloji və işgüzar mühit yeni hədəflərə çatmağımızın etibarlı təminatıdır.
Bar-bərəkət fəsli olan payız cənnət Qarabağda səxavətlə geniş bir süfrə açıb. Azad Ağdam ağ örpəkli tarlaları, geniş meyvə bağları, bol məhsullu bostanları ilə üzə gülür. İndi bu yerlərdə top mərmilərinin gurultusu eşidilmir. Bu gün bərəkətli çöllərin sükutunu tanklar yox, əkin-biçin işləri görən traktorların səsi pozur. Azad elin bəxtəvər övladları vətəninə, xalqına, ailəsinə fayda vermək üçün çalışır, əllərinin hərarətini, nəzarətini, ürəyinin odunu əsirgəmirlər. Atdıqları hər addım inamlıdır. Əmindilər ki, kürəklərindəki əl, söykəndikləri dağ güclüdür.
Bu yenilməz güc, bu alınmaz qala dövlətdir. Adı Zəfərlə, Qələbəylə qoşa çəkilən Azərbaycan dövləti!
Lazım QULİYEV,
"Azərbaycan"