Bu, adında şükür, ürəyində Vətən olan Şükür Səfərlidi
44 günlük Vətən müharibəsindən əvvəl savaş olmasını istəmirdim, onun qan-qada qoxusunu oğullarımıza yaxın buraxmamaq hissindən yaxa qurtara bilmirdim. Anayam, axı! Analar müharibə istəmir. Analar övlad itkisinə dözə bilmir. İllərlə oğul yolu gözləməkdən bağrı çatlayan, ürəyi dayanan analar olub. Oğlu İkinci Dünya müharibəsindən dönməyən 105 yaşlı ana var ki, hələ də qulağı səsdədi.
Müharibə istəməməyimin ikinci bir səbəbi də var idi. Cəmiyyətdə kök salmış təsəvvürlərdən biri də bu idi ki, müharibənin ağır yükünü kasıb ailələrin oğulları daşıyır, imkanlı ailələrin övladları isə döyüşdən kənarda qalır. 44 günlük müharibə bu qənaəti alt-üst edən çoxsaylı həyat hekayələri ilə yadda qaldı. Bu hekayələr göstərdi ki, Vətən sevgisinin nə ölçüsü var, nə də maddi imkanla müəyyənləşən sərhədi. İmkanlı ailədə böyümək insanın Vətən qarşısındakı borcunu azaltmır. Həmin ailələrin övladları da ən ağır sınağın qarşısına çıxaraq öz seçimlərini bütün cəmiyyətə nümayiş etdirirlər. Belə oğullardan biri də Şükür Səfərlidir. Onunla bağlı düşüncələrimi, hörmətli və diqqətli oxucu, səninlə bölüşmək istəyirəm.
Şükür imkanlı ailədə doğulub. Evin əzizi, ailənin kiçiyidir. Ananın gözünün işığı, atanın arxa-dayaq saydığı bir oğuldur. Odlu ürəyi, möhkəm, əyilməz biləyi var. Məhz həmin ürək onu Vətən müharibəsi başlayanda cəbhənin ən odlu nöqtəsinə apardı. Atası Allahverdi Səfərov uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb, bir neçə rayonun prokuroru olub. Baş ədliyyə müşaviri kimi fəaliyyət göstərib, bu gün isə təqaüddədir. Belə bir ailədə böyüyən övlad haqqında kənardan müəyyən təsəvvür yaranması təbiidir. Elə düşünmək olar ki, atasının tutduğu mövqe, ailənin nüfuzu ona bir az ərköyünlük, bir az da özündənrazılıq gətirib.
Amma Şükürə baxanda bu təsəvvürün nə qədər yanlış olduğunu anlayırsan. O, atasının adının kölgəsində böyüyən övlad deyil, öz adı, davranışı və xarakteri ilə seçilən bir oğuldur. Böyük-kiçik yerini bilən, aldığı tərbiyəni hər addımında yaşadan, ailəsinin adına yük deyil, şərəf gətirməyə çalışan gəncdir. Adında daşıdığı şükranlıq borcunun haqqını hər nəfəsində verən oğlandır Şükür.
Təbii ki, heç kim ailəsini seçmir. Hərə bir ailədə dünyaya göz açır və onun sonrakı taleyi aldığı tərbiyəyə, təhsilə, ətraf mühitə bağlıdır. Şükürün ailəsi bu Vətənin, bu torpağın hər qarışını sevən, canını, qanını Vətənə qurban verməyə hazır olan övladlar tərbiyə edib. "Şükür həmin tərbiyənin bəhrəsidir", - desəm, səhv etmərəm. Hələ Tovuz döyüşləri zamanı çox həyəcanlı, evə-eşiyə sığmayan düşüncələrlə gününü başa vururdu, döyüşə can atırdı. Məhz o günlərdə ürəyi ilə gözünün arasındakı məsafədə yuva quran Vətən sevgisi daha da böyüdü. Düşmənə nifrət hissi alovlandı. Azərbaycanlı gənclər müharibəyə getmək üçün "yarış"a durdular. Hərbi komissarlıqların qarşısında hətta gecələyən oğlanlar vardı. Hər kəs düşməni diz çökdürməyin həzzini yaşamaq istəyirdi.
Bir gün atası sözarası ondan cəbhəyə getmək haqqında müraciət edib-etmədiyini soruşur. "Əlbəttə, kimdən əskiyəm?" deyə zarafatqarışıq cavab alan atanın ürəyi dağa dönür, oğlundan dolayı qürur hissi keçirir. Əmin olur ki, əgər müharibə başlayarsa, oğlunu kimsə yolundan döndərə bilməyəcək. Bu əminlik qəlbinin bir guşəsində ən qiymətli sirr kimi gizlənir.
Ata bilirdi... bilirdi ki, bir gün müharibə başlayacaq. Bir gün bu xalq ayağa qalxıb torpaqlarını geri alacaq, qoyub gəldiyi yuvasına dönəcək. Şükür də tərəddüd etmədən əlinə silah alıb döyüşə yollanacaq. Çox şükür ki, onun Şükür balası həyatın ən ağır sınağından üzüağ, alnıaçıq çıxdı. Müharibə meydanında zenit-raket artilleriya batareyasının tərkibində cəsarətlə, qorxmadan döyüşdü, düşmən üzərinə yeridi. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının düşməndən azad edilməsində bu igid oğlanın da payı var. İndi sinəsində bir neçə medal daşıyır. "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları. Hər biri bir döyüşün, bir yolun, bir gecənin, bir təhlükənin səssiz şahididir. Onlara baxanda sadəcə metal parçası kimi görmək doğru deyil. Hər medalın arxasında səngərin soyuğu, döyüşün gurultusu, silahdaşların nəfəsi, Vətən torpağının uğrunda yaşanan həyəcan və məsuliyyət dayanır.
Şükür o günləri xatırlayanda özündən çox döyüş yoldaşlarından, birlikdə keçdikləri yollardan, azad olunan torpaqlardan bu gün qürurla danışır. Çünki əsl döyüşçü üçün qəhrəmanlıq haqqında danışmaqdan daha vacib olan onu yaşamaqdır. Və illər keçsə də, sinəsində daşıdığı həmin medallar ona bir həqiqəti xatırladır: bir vaxtlar Vətən çağırdı, o da öz yerini bildi, silahını götürdü və Vətən torpağının azadlığı uğrunda döyüşdü.
Əslində, qarabağlı olmayan, hətta o tərəflərdə heç bir qohum-əqrəbası yaşamayan Şükür üçün dövlətimizin başçısının "Qarabağ Azərbaycandır!" deyimi Vətən şüarı idi. Beynində, zehnində kök atan bu sözlər onu döyüşdən döyüşə apardı, qələbədən qələbəyə ruhlandırdı. Bu gün böyükdən-kiçiyə - hər kəsin dilində əzbər olan bu şüardakı "Qarabağ" və "Azərbaycan" sözlərindən qiymətli, sevimli, gözəl bir söz varmı? Dünyanın bütün nöqtələrində yaşayan soydaşlarımız belə həmin günlərdə bu iki kəlmənin sehrində idilər. Nə qədər möcüzəli, cazibəli sözlərdir, deyilmi?! Şükür də bu sözlərin cazibəsi, Vətən sevgisi və düşmənə nifrət hissindən doğan bir gücün təsiri ilə qorxmaz, cəsarətli, döyüşkən ruhlu Azərbaycan oğlu olaraq, mənfur düşməni torpaqlarımızdan qovanlardandır. Müzəffər Azərbaycan Ordusunun əsgəri olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, cəsarətindən və mərdliyindən ilhamlanan Şükür Səfərli öz adını Vətən müharibəsi tarixinə yazan minlərlə Azərbaycan oğlundan biridir.
Torpaqlarımız işğal olunanda Şükür anadan olmamışdı. İşğal tarixindən kiçik olan bu oğlanın çox böyük ürəyi və ruhu Vətən sevdasına, Azərbaycan eşqinə bağlıdı. Elə olmasaydı döyüşə yollananda yataq xəstəsi olan anasına müqəddəs yalan söyləməzdi: "Ana, dövlət qulluqçusu olmaq üçün təlimlərə gedirəm, sən narahat olma". Zatən ananın ağır xəstəliyi imkan vermirdi ki, ətrafda baş verən hadisələrin nə olduğunu anlaya bilsin. Bəlkə də uzunmüddətli müalicələrin, ağır dərmanların təsiri ilə oğlunun nə dərəcədə doğru dediyini, nə söylədiyini dəqiqliyi ilə anlaya bilməmişdi. Yoxsa ana ürəyi 44 gündə oğlundan dolayı nigarançılığın həsrətində parçalanmazdımı?
Müharibə varlı-kasıb tanımır. Avtomat gülləsi, top mərmisi, əl bombası, ən müasir silahlar prokuror övladı, ya da fəhlə, əkinçi oğlu tanımır. Savaşdan sağ çıxmaq Allahın lütfüdür. Şəhid, ya da qazi olmaq isə bir başqa duyğudur. Çox şükür ki, Şükür yüngül yara ilə "kifayətləndi", xəsarət aldı. Qürur hissi, fəxr duyğusu ilə "yüklənərək" qalib ordunun qalib əsgəri kimi evə döndü, yolunu gözləyən ailənin həsrətinə son qoydu. Atası onu küçədə hərbi salamla qarşıladı, qarşısında diz çökdü. Ağır vəziyyətdən çıxaraq xeyli sağalmış anası sevinc göz yaşları içində oğlunu bağrına basdı, silah qoxusu verən ətrini içinə çəkdi. Bu qoxunu daşıyan Şükür və onun kimi oğullar çox xoşbəxtdirlər.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"