Salyan rayonunun Sarvan kəndindən olan fermer Mərdan Cəlilov yetişdirdiyi 150 hektar sahənin məhsulunu 100 faiz maşınlarla toplamağı qərara alıb. Fermer Mərdan Cəlilov "Niva"sını torpaq yolla sürür. Yolun hər iki tərəfi ağ örpəyə bürünmüş pambıq tarlalarıdır. Sanki axşam bu yerlərə güclü qar yağmışdır. Yol yoldaşım ətrafa diqqətlə baxdığımı görüb:
"Fermerlərin, kənd camaatının aylardan bəri çəkdiyi zəhmətin bəhrəsidir bunlar" deyir. Mən də onun sözünə qüvvət verərək "O zəhmətin ki, bəhrəsi dönüb "ağ qızıl" olub" deyirəm. Fermer gülümsünüb. "Nəyə hansı sözün yaraşdığını siz bilirsiniz" deyir. Mən onu bilirəm ki, qızıl dəyərlərin, qiymətlərin alisidir. Bildiyimə görə, pambıqdan çoxlu sayda dəyərli məmulatlar hazırlanır".
Sonra o, sakini olduğu Sarvan kəndinin bol pambıqlı bu sahələrinin sovetlər birliyi zamanında buradakı "Nizami", sonra isə Qüdrət Səmədovun adını daşıyan kolxoza mənsub olduğundan danışır. Deyir ki, bu kəndə şan-şöhrət gətirən Qüdrət Səmədov olub. "Savadsız olmasına baxmayaraq, təsərrüfatı, kolxoz işini yaxşı bilib. Əl ilə pambıq yığmaqda ad çıxarıb, buna görə Sosialist Əməyi Qəhrəmanı adını qazanıb. Bacarığını, zəhmətsevərliyini nəzərə alan kolxozçular onu özlərinə sədr seçiblər. Təsərrüfat bundan sonra daha sürətlə inkişaf edib. O zaman kolxozu "Lenin" ordeni ilə təltif ediblər. Qüdrət özü isə SSRİ Ali Sovetinə deputat seçilib. Yaşlı nəsildən olan adamlar danışırlar ki, Qüdrət kişi ədalətli, prinsipal insan olub. İşdə heç bir qohumbazlığa yol verməyib. Ən yaxın adamı belə işə xor baxsaymış, onu cəzalandırarmış. Xalqın malını göz bəbəyi kimi qoruyarmış. Onun nüfuzu o qədər güclü imiş ki, bir nəfər də olsun milis işçisi kolxozun həndəvərində görünməzmiş. Qüdrət Səmədov haqqında neçə-neçə şeir, oçerk, məqalə yazılıb. Deyilənə görə, Xalq yazıçısı Mirzə İbrahimov hərdənbir Qüdrət Səmədova baş çəkərmiş. Yazıçının qələmə aldığı "Böyük dayaq" romanındakı hadisələr bu təsərrüfatda baş verib. Deyirlər Qüdrət kişi gecə-gündüz yorulmaq bilmədən işləyər, canının qədrini bilməzmiş. Odur ki, ağır xəstələnib və həyatdan tez köçüb. Ölümündən sonra təsərrüfata onun adı verilib, kolxoz idarə heyəti binasının qarşısında heykəli ucaldılıb".
Müsahibim söhbətinə davam edir: "Sovet hökuməti dağılandan sonra kolxoz quruluşu da ləğv olub getdi. Onu da qeyd edim ki, atam Xudaqulu kişi də Qüdrət Səmədovun sədr olduğu təsərrüfatda sıravi kolxozçu olub. Zamandır, dəyişir. Yatsaydıq, yuxumuza girməzdi. Kim deyərdi ki, o böyüklükdə sovetlər ittifaqı dağılacaq? Mən Qüdrət kişini uşaqlıq illərimdə bir dəfə görmüşdüm. Bəstə boyu, ağ saçları, alnının qırışları yaddaşımda bu gün də yaşayır. Bunları ona görə demirəm ki, sovet quruluşunun xiffətini çəkirəm. Yox, ona görə deyirəm ki, bizlər - indiki nəsil, eləcə də məktəblilər keçmişi bilməlidirlər. Bunlar Sarvan kəndinin tarixində unudulmayan məsələlərdir. Məktəb müəllimləri yeri gəldikcə şagirdləri kəndin tarixi, onun qəhrəman övladları ilə tanış etməlidirlər. Kəndimiz elə indi də qəhrəmanlar yurdudur. Birinci Qarabağ və Vətən müharibələri zamanı 10 nəfər şəhid vermişik. Allah ruhlarını şad eləsin".
Ürəyi dolu olan fermer sözünə davam edərək "Orta ixtisas təhsilim var. O vaxt Bakıdakı Maliyyə-Kredit Texnikumunu bitirmişəm" deyir. "Dünyanın get-gəlindən az da olsa məlumatlıyam. Yer üzündə heç bir dövlətdə ideal cəmiyyət yoxdur. Sevinirəm ki, indi biz azad, müstəqil ölkədə yaşayırıq. Prezident İlham Əliyev respublikamızın xarici siyasətini uğurla, cəsarətlə həyata keçirir. Ən böyük ölkələrin başçıları belə onunla razılaşır, fikirlərini bəyənirlər. Paytaxtımız Bakıda keçirilən beynəlxalq tədbirlər bunu bir daha sübut edir. Özünün dediyi kimi, onun nəyi nə vaxt, necə etməyi bilmək bacarığından irəli gələrək 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad oldu. Bu, Azərbaycan tarixində son 200 ildə heç vaxt görünməyən tarixi bir Zəfər oldu. Xalqımız, gələcək nəsillər bunu heç vaxt unutmayacaqlar. Bu və ya digər məsələlərlə bağlı Prezidentimiz bu günlərdə keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayında ətraflı danışdı. Biz fermerlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya gəldikdə isə deyə bilərəm ki, bu, öz nəticəsini verməkdədir. Son illər kənd təsərrüfatı sahəsində yaranan inkişaf göz qabağındadır. Kəndli çalışır ki, daha çox məhsul yetişdirsin və bunun nəticəsində yaxşı gəlir əldə etsin, ailəsini, övladlarını firavanlıq içində yaşatsın, imkanı daxilində elin-obanın xeyrinə-şərinə yarasın, imkansızlara əl tutsun".
Duzdan, şoranlıqdan təmizlənsin deyə sinəsi şahmat şəkildə doğranmış Muğan torpağı. Şor su kollektorlarının kənarlarında salınmış torpaq yolla təxminən 15 kilometr getdikdən sonra uzaqdan "Conder" (amerikanca "John Deere") pambıqyığanları görünür. "Maşınlar işləyən sahə yəqin ki, sizindir?" deyirəm. Diqqətini yoldan ayırmadan sözümü təsdiq edir. Bir azdan onların yanına çatırıq. Fermer M.Cəlilov "Niva"sını saxlayır. Pambıqdaşıyan lafetlərin yanında dayanıb "Conder"lərin bunkerinin dolmasını gözləyən və öz aralarında söhbət edən bir neçə adam bizə yaxınlaşır. Salamlaşıb hal-əhval tuturuq. Fermer onları bir-bir təqdim edir: "Bu, müqavilə bağladığım "P-Aqro" MMC-nin Salyandakı filialının sahə aqronomu Qafar Səfərovdur. Əkin və becərmə zamanı mənə köməkliyi çox dəyib. Şum, səpin, becərmə dövründə, demək olar ki, hər gün yanımızda olub, lazımi göstərişlərini, tövsiyələrini verib. Bu gün də yanımızdadır. Bunlar isə işçilər Əliqismət İbişovla Ehtiram Hüseynovdur". Sonra Mərdan Cəlilov onlardan birinə yaxınlaşaraq əlini işçinin çiyninə qoyur: "Tarlada gördüyünüz məhsulun yetişdirilməsində bu pəhləvanların xüsusi əməyi var. Sahələrin suvarılması kimi mühüm və məsuliyyətli bir işin öhdəsindən bacarıqla gəliblər" deyir. Sonra o, üzünü qaşlarına çal düşmüş ortayaşlı nurani kişiyə tutaraq "Bu da mexanizator Gülməmməd Hüseynovdur. Ailəliklə zəhmətkeşdirlər. Becərmə zamanı cərgələr arasına keyfiyyətli kultivasiya çəkib. İndi isə yığılan pambığı qoşqulu nəqliyyat traktoru ilə tədarük məntəqəsinə daşıyır. Bir sözlə, bu işçilərin hər birindən çox razıyam. Mən də çalışmışam ki, çəkdikləri zəhmətin haqqını vaxtında ödəyim. Onların xeyir-şərində iştirak etməyi həmişə özümə borc bilmişəm" deyir.
Söhbətin bu yerində pambıqyığan "Conder"in biri sahənin kənarına - qoşa lafetlərə tərəf yan alır. Öyrənirəm ki, onu idarə edən kombaynçı Ceyhun Səmədovdur. O da yığdığı "ağ qızıl"ı lafetlərə boşaltdıqdan sonra yanımıza gəlir. Fermer M.Cəlilov kollarda arabir quşbaşı (kiçik pambıq lifi) qaldığının səbəbini soruşur. Mexanizator bildirir ki, texnikanın şpindilində balaca nasazlıq var. Sahə aqronomu telefonla zəng edib filialın baş mühəndisinə xəbər verir, sonra sahibkara üzünü tutaraq "Mexanik gəlib yaranan nasazlığı aradan qaldıracaq" deyir.
Elə bu vaxt o biri "Conder" də təzə gələn digər qoşa lafetə yaxınlaşır, pambıq dolu bunkeri boşaltmağa başlayır. İşçilər əvvəlki lafetlərin üstünə yelkən çəkib yola salır, sonra cəld bu biri lafetlərə keçib bunkerdən tökülən pambığı yayaraq ayaqlayırlar. Saat 14 radələridir. İşçilər fermerin evində bişirilib gələn yeməklə nahar edir, yenidən iş başına keçirlər. "Conder"lər yenidən cərgələr arasında hərəkətə gəlir, biz isə onlarla xudahafizləşib ayrılırıq.
Gəldiyimiz yolla geri qayıdırıq. M.Cəlilovdan fermerlik fəaliyyətinə nə vaxt başladığını, pambıqdan başqa hansı bitkiləri əkib-becərdiyini, qazancının necə olduğunu, ailəsini necə dolandırdığını, iş prosesində hansı problemlərlə qarşılaşdığını soruşuram. Bildirir ki, 2014-cü ildən fermerlik fəaliyyətinə başlayıb. Əvvəl pay torpaqlarını əkib-becərib. Necə deyərlər, əli gətirib. Əkdiyi taxıl, pambıq, yonca sahələrindən yüksək məhsul götürüb. Qazandığı pulu təsərrüfatını genişləndirməyə yönəldib. Ayrı-ayrı adamların torpaq sahələrini qanuni şəkildə pulla alıb. Taxıl saxlamaq, toxum təmizləmək üçün anbarlar tikib, kredit götürərək lazımi texnikalar əldə edib. Keçən ilin payızında bu ilin toxumluq taxıl məhsulu üçün 188 hektarda əkin aparıb. Bundan 136 hektarı buğda, 52 hektarı arpa olub. Becərdiyi elit sortlardan "R-1" toxum sortları alaraq bir çox rayonuın fermerlərinə satıb.
Pambığa gəldikdə isə bu il 150 hektar sahədə pambıq əkib. Bununla əlaqədar fermer belə dedi: "Pambıq çətin becərilən bitkidir. Onu körpə uşağa da bənzədirlər. Diqqət və qayğı tələb edir. Alaq otlarını gərək vaxtında təmizləyəsən, suvarmasını, yemləməsini, kultivasiyasını, ziyanvericilərə qarşı mübarizə tədbirlərini və digər işlərini aqrotexniki qaydalara uyğun aparasan. Hə, o zaman yüksək məhsul əldə edə bilərsən. Yoxsa..."
O, sözünə bir az fasilə verib yenidən davam edir: "Bilirsiniz, bu kənd təsərrüfatı ki var, xüsusilə bitkiçiliyi nəzərdə tuturam, əsasən havadan, iqlim şəraitindən asılıdır. Məsələn, bu il yazın ilk ayları yağmurlu keçdi. Əkini, çıxışı, becərməni təqribən 20-22 gün geri atdı. Nəticədə pambığın yığımı yubanıb. Sentyabrın sonlarında yığıma başlamışıq. Mən özüm əkdiyim 150 hektar pambıq sahəsinin 100 hektarının məhsulunu maşınla yığmışam. Hər hektarın məhsuldarlığı hələlik 35 sentner olub. Qənaətimə görə, inşallah son nəticədə hər hektardan 45 sentner ala biləcəyəm. Lakin bu nəticə Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifəyə uyğun deyil.
Məlum olduğu kimi, Prezidentin 25 may 2026-cı il tarixli sərəncamı ilə 2026 - 2030-cu illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi barədə dövlət proqramı təsdiq edilmişdir. Həmin sənəddə bizdən pambıq və taxıl sahələrinin hər hektarından 50 sentner məhsul götürmək tələb olunur. Bunun üçün səylə çalışırıq. Lakin bir fermer kimi xahişim ondan ibarətdir ki, həmin hədəfə çatmaq üçün əlaqədar təşkilatlar tərəfindən əkin suyuna olan tələbatımız gərək ödənilsin. Çünki bol məhsul götürmək üçün pambıq bitkisinin ayağı suda, başı günəşdə olmalıdır. Buna görə torpaq məcralı kanallar betonla üzlənsə, su itkisinə yol verilməz, biz də sudan səmərəli istifadə edərik. Doğrudur, bu sahədə fermerlərin də nöqsanı var. Bəzi fermerlər suvarma zamanı gölləməyə, selləməyə yol verirlər. Sahəyə yığılan artıq suyu şor su drenajlarına axıdırlar. Suyun get-gedə azaldığı bir şəraitdə belə hallar nəinki dözülməzdir, deyərdim ki, cinayətdir. Ölkə rəhbərliyi biz fermerlərdən haqlı olaraq yüksək məhsuldarlıq gözləyir. Bu həm zamanın tələbi, həm də elə bizim də arzumuzdur. Dediyim kimi, bizim işimiz həm də təbiətlə çox bağlıdır. Allah eləsin ki, hava şəraiti yetişdirdiyimiz halal məhsulu tarladan vaxtında və keyfiyyətlə toplamağa imkan versin. Ümid edirəm ki, gələn təsərrüfat ilində hər şey indikindən də yaxşı olacaq".
Mərdan Cəlilov sözünə davam edir: "Bayaq necə dolandığımız barədə soruşdunuz. Şükür, pis yaşamırıq. Evimiz-eşiyimiz, işimiz var. Gün-güzəranımız da lap yaxşıdır. Kəndimiz fasiləsiz işıqla, təbii qazla təmin olunub. Əhali quraşdırılmış modul sudurulducu qurğular vasitəsilə məhəllələrdə yaradılmış bulaqlardan istifadə edir. Demək olar ki, hər evə sürətli internet xətti çəkilib. Son illər kəndarası yollar asfaltlanıb. Payızın bu vaxtında hər gün toydur. Gənc ailələr yaranır, körpələr dünyaya gəlir. Mənim də dörd övladım var. Üç qız, bir oğlan. Qızları köçürmüşəm, beş nəvə babasıyam. Oğlum isə magistraturada oxuyur. Əməyim dövlət tərəfindən yüksək qiymətləndirilib. 2017-ci ildə ikinci dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşam... Problem barədə soruşdunuz. Problemsiz, çətinliksiz heç bir ölkə, heç bir xalq yoxdur. Problem olmasa, həyatın da mənası olmazdı. İnsan övladı çətinliklərə sinə gərərək bərkiyir, mübarizləşir. Mən belə düşünürəm. Bəklə də səhv edirəm".
Bunları dinlədikcə fermer Mərdan Cəlilov fikrimdə bacarıqlı kənd təsərrüfatı işçisi olmaqla bərabər, Vətənini, elini-obasını sevən, başqalarının əməyini qiymətləndirməyi bilən, ölkəmizin iqtisadi qüdrətinin artmasına öz töhfəsini verməyə çalışan, yeniliyə can atan sadə bir insan obrazı yaradır. Belə insanlarla Azərbaycan daha yüksək zirvələrə ucalacaq.
Seyran CAVADOV,
"Azərbaycan"