08 Avqust 2024 08:15
111
SİYASƏT
A- A+

"Yaşıl inkişaf"ın Azərbaycan modeli

 

198 ölkəni birləşdirən tədbirə evsahibliyi ölkəmizin beynəlxalq proseslərə istiqamət verən mühüm güc mərkəzi olduğunu sübut edir

 

Yeni iqtisadiyyata keçidin zəruriliyi təsdiq edir ki, "yaşıl iqtisadiyyat"ın formalaşmasında təbii ehtiyatlar mühüm önəm daşıyır. "Yaşıl iqtisadiyyat" və "yaşıl artım"la bağlı çağırışların əsasında dünyanı narahat edən qlobal problemlərdən biri canlı aləmə təsir edən iqlim dəyişmələridir. Bunun təbii amillərlə bağlı olması ilə yanaşı, insanların təbiətə göstərdiyi təsirlər də az deyil.

 

Berlindən Bakıyadək…

 

Bu baxımdan bir çox əhəmiyyətli konfrans və görüşlərdə dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilib və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş "Dayanıqlı inkişaf" konsepsiyası qəbul olunub. Konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ən öndə tutulan məsələlərdəndir.

Bu baxımdan Tərəflərin Konfransı (COP) da mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, COP - Tərəflər Konfransı BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP isə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır.

Hazırda Konvensiyaya üzv olan 198 ölkə var. Tərəflərin hər hansı fərqli qərarı olmazsa, COP-un hər il keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı ilk tədbir 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində keçirilib. COP-a sədrlik isə rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək və 2050-ci ilə qədər "0" - sıfır emissiyaya nail olmaqdır.

Bu günə qədər 28 konfrans keçirilmişdir. Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. Konfransa dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər və digər maraqlı tərəflər qatılmışdır.

 

COP29-un ev sahibi

 

Bu bir reallıqdır ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli də qoyuldu, 5 milli prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlı sənəd qəbul edildi. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoydu. Bu hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük layihələrə evsahibliyi etdi. Onlardan biri də bu il ölkəmizin böyük beynəlxalq tədbirə evsahibliyi etməsidir. Söhbət BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsindən gedir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərar dünyanın 190-dan çox ölkəsinin səsverməsi ilə qəbul edilib. Azərbaycanın təşkilata sədrliyinə dair qərar məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a evsahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər.

Ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyünün şahidi olduq. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atdı. Növbəti, COP29 konfransı isə bu ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

Bakıda keçiriləcək konfrans (COP29) çərçivəsində dünyanın 190-dan çox ölkəsini təmsil edən təxminən 70 min nəfər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir hesab olunur.

COP29 konfransına evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Azərbaycanın belə bir mötəbər tədbirə evsahibliyi etməsinin ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük üstünlüklər qazandıracağı şübhəsizdir.

 

Bakı sammiti mühüm dönüş yaradacaq

 

Qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ən böyük problemlərdən biri kifayət qədər maliyyə vəsaitinin ayrılmamasıdır. Ona görə də Tərəflər Konfransının son iki sessiyasında bu məsələyə xüsusi diqqət ayrılsa da, problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilməyib. Yeganə əldə edilən nəticə 2022-ci ildə keçirilən COP27-də "İtki və Zərər" fondunun yaradılması olub. Fond daha çox iqlim problemləri ilə qarşılaşmış inkişaf etməkdə olan ölkələrə dəstək vermək məqsədilə yaradılıb. Məqsədin bu olması isə onunla bağlıdır ki, həmin ölkələr daha çox iqlim problemləri ilə qarşılaşmaqdadırlar və maliyyə imkanları zəifdir. Ona görə də iqlim dəyişiklikləri baxımından həssas olan bu ölkələrin daha çox maliyyə yardımına ehtiyacı var. Fondun ehtiyatları 700 milyon dollar səviyyəsində olsa da, bu iqlim dəyişiklikləri ilə mübarizə üçün lazım olan 400 milyard dollarla müqayisədə çox azdır. Ona görə də Tərəflər Konfransının 29-cu sessiyasında gündəmdə əsas məsələlərdən biri maliyyə arxitekturasının islah edilməsi, bu prosesdə özəl sektorun iştirakının artırılması, bu istiqamətdə borc siyasəti və vəsaitlərin ehtiyac meyarı üzrə daha ədalətli şəkildə bölüşdürülməsi kimi məsələlər olacaq.

Artıq qlobal iqlim dəyişikliyi daha ciddi xarakter aldığından onunla mübarizənin maliyyələşdirilməsi üçün səylərin artırılmasına imkan yaratmaqdan ötrü maliyyə problemlərinin qısa zamanda həll edilməsinə ciddi ehtiyac yaranıb. Bu baxımdan 2024-cü ildəki sessiya maliyyələşmə problemlərinin həlli üçün daha effektiv həll yollarının tapılmasına görə ən vacib sessiyalardan birinə çevrilə bilər. Bundan başqa, qlobal səviyyədə etibarlı tərəfdaş və liderlik xüsusiyyətlərinə malik olan ölkə kimi Azərbaycan da iqlim dəyişiklikləri ilə mübarizə prosesinin maliyyələşdirilməsinə öz töhfəsini verə bilər. Bu sessiyaya evsahibliyi etməklə Azərbaycan COP-un da tarixinə düşəcək.

 

Gözləntilər, hədəflər

 

Azərbaycan uzun illər ərzində neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə etməklə öz iqtisadiyyatını inkişaf etdirib və iqtisadi müstəqillik əldə edib. Bu ehtiyatlar hesabına Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməklə öz mövqeyini daha da möhkəmləndirəcək və təsir dairəsini genişləndirəcək. Eyni zamanda sessiyanın Bakıda keçirilməsi Azərbaycanda özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına şərait yaradacaq.

Onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da aiddir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan "yaşıl enerji"yə keçidə hazırlaşmaqdadır. COP29 tədbiri həmin keçidin daha səmərəli icrası ilə bağlı strategiyaların və görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi baxımından faydalı platformadır.

Qarabağın sahib olduğu bərpaolunan enerji resursları Azərbaycanın "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetinin icrasına, qlobal "yaşıl enerji" çağırışlarına cavab verməyə və ətraf mühitin qorunmasına böyük töhfə verəcək. Bu baxımdan COP29 həm də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin və bu ərazilərin sahib olduğu bərpaolunan enerji mənbələrinin dünya üçün əhəmiyyətinin təbliği baxımından da faydalı platformaya çevriləcək. Cənab İlham Əliyevin fikirləri ilə desək: "COP29-un əhəmiyyəti ondadır ki, biz dünyaya söyləyəcək sözlərimizi, həqiqət hekayəmizi olduğu kimi dünyaya çatdıra biləcəyik. On minlərlə qonağın gəlməsi, iki həftə Azərbaycanda olması imkan verəcək ki, hətta ilk dəfə Azərbaycana gələnlər belə vəziyyəti qiymətləndirmək imkanı əldə etsin, bizim planlarımızın nədən ibarət olduğunu bilsin..."

Bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Azərbaycanın artıq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində böyük təcrübəsi var və bu da ölkəmizə yetərincə müsbət imic qazandırıb. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Bu, Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. COP29 Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun növbəti təzahürü olacaq.

 

Arzu ABDULLAYEV,

Naxçıvan Dövlət Universitetinin prorektoru,
tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video