08 Avqust 2024 20:44
130
SİYASƏT
A- A+

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

 

Avqustun 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə YAP tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin və partiyanın yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, müşavirədə Yeni Azərbaycan Partiyasının ölkə üzrə 125 seçki dairəsindən irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq, onlara bundan sonrakı mərhələdə uğurlar arzulanıb.

Sonra YAP İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, ötən müddətdə nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi qeyd edilərək, istər partiyanın Mərkəzi Seçki Qərargahının, istərsə də yerli seçki qərargahlarının fəaliyyəti müsbət qiymətləndirilib, imzatoplama kampaniyasında iştirak edən bütün partiya fəallarına təşəkkür ifadə olunub.

Vurğulanıb ki, 125 nəfər xüsusi icazəli müşahidəçi səsvermə gününədək dairə seçki komissiyalarının, 1 nəfər isə Mərkəzi Seçki Komissiyasının iclaslarını müşahidə edəcək, 817 nəfər Azərbaycan Respublikasının bütün seçki dairələrində, 12686 nəfər məntəqə seçki komissiyalarında səsvermə günü müşahidə aparacaq. Bununla yanaşı, 1 nəfər Mərkəzi Seçki Komissiyası üzrə məşvərətçi səs hüquqlu üzv, 6468 nəfər isə dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlər təyin olunub.

Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilməsi məqsədilə təlimlərin keçiriləcəyi də diqqətə çatdırılıb.

Avqustun 9-dan başlayacaq seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi diqqətə çatdırılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.

Yeni Azərbaycan Partiyasının seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığı vurğulanıb və tədbir iştirakçıları YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış seçki platforması və digər təbliğat-təşviqat materialları ilə tanış ediliblər.

Diqqətə çatdırılıb ki, YAP 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiya kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti və MSK tərəfindən müəyyən olunmuş mətbu orqanlar vasitəsilə ödənişsiz seçkiqabağı təşviqat aparmaq hüququna malik olsa da, demokratik prinsipləri rəhbər tutaraq, seçkiqabağı təşviqat mərhələsində digər partiya nümayəndələri və bitərəf namizədlərlə bərabər şərtlərdə rəqabətin aparılması məqsədilə bu imtiyazdan istifadə etməmək barədə qərar qəbul edib.

Sonda seçkiqabağı təşviqat mərhələsində istifadə olunacaq təbliğat-təşviqat materialları müvafiq bölgüyə əsasən deputatlığa namizədlərə və yerli seçki qərargahlarının sədrlərinə təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video