Ermənistanda son illərdə müşahidə olunan siyasi və ideoloji qarşıdurmaların mərkəzində sadəcə hökümət-müxalifət münasibətləri deyil, həmçinin Erməni Apostol Kilsəsinin oynadığı destruktiv rol dayanır. Kilsə faktiki olaraq Ermənistan cəmiyyətində revanşist ideologiyanın əsas daşıyıcısıdır.
Xəstə erməni siyasi təfəkkürünü körükləyən kilsə cəmiyyətin davamlı böhranlar və məhrumiyyətlər içində saxlanılmasına xidmət edir. Lakin kilsə onu da anlayır ki, regional reallıqlar artıq dəyişib və bu prosesin geridönüşü yoxdur. Qarabağ beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan Respublikasının suveren ərazisidir. Azərbaycan dövləti Qarabağı azad etməklə sadəcə Ermənistanı yox, "dünya erməniliyi"nin ideoloji mərkəzi rolunda çıxış edən erməni kilsəsini də məğlubiyyətə uğradıb. Məhz bu səbəbdən kilsə son dövrlər mövcudluğunu qorumaq üçün radikal və siyasi xarakterli açıqlamalara üstünlük verir.
Baş nazir Nikol Paşinyanın kilsəyə münasibəti isə mifik erməni düşüncəsindən imtina edərək real Ermənistan dövləti qurmaq təşəbbüsünə əsaslanır. Bu isə regionda inkişafın və təhlükəsizliyin lokomotivi olan Azərbaycanla münasibətlərin normallaşdırılmasını ön plana çıxarır. Bu mövqeyə kəskin şəkildə qarşı çıxanlar isə erməni kilsəsi və onunla eyni mövqedə dayanan revanşist müxalifətdir.
Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın son açıqlaması Ermənistan daxilində kilsə-dövlət münasibətlərinin artıq açıq qarşıdurma mərhələsinə keçdiyini göstərir. A.Akopyan qeyd edir ki, 2018-ci ildə ermənilər azadlıq və vətəndaş hüquqları uğrunda mübarizə aparıblar, onlar layiqsiz insanların "dünyəvi mənliyi" alçaltmasına imkan verməyiblər. Onun fikrincə, bu gün eyni qətiyyət mənəvi sahədə də nümayiş etdirilməlidir.
A.Akopyanın açıqlamasında II Qareginin "bütün ermənilərin katolikosu" titulunu faktiki olaraq geridönməz şəkildə itirdiyi qeyd olunur. Kilsə rəhbərliyinin müharibə, məğlubiyyət və sosial travmalar fonunda cəmiyyətin yanında dayanmaq əvəzinə siyasi manipulyasiya alətinə çevrilməsi Ermənistanda ona qarşı etimadsızlığı daha da artırıb.
Ermənistan mediasında A.Akopyanın açıqlaması cəmiyyət qarşısında hesabat verməyən Erməni Apostol Kilsəsinin rəhbərliyinə yönəlmiş ittiham aktı kimi də qiymətləndirilir. Ermənistanda hökumətə yaxın olan siyasi ekspertlərin fikrincə, II Qaregin kilsəni mənəvi rəhbərlik mərkəzindən çıxararaq siyasi intriqa, köhnə elita maraqları və status-kvonu qoruyan mexanizmə çevirib. Kilsə dua etməli olduğu yerdə susub və susmalı olduğu yerdə isə siyasətə müdaxilə edib və kilsə rəhbərliyi illərdir "mənəviyyat" anlayışını monopoliyaya alaraq toxunulmazlıq statusu qazanmağa çalışıb.
Erməni kilsəsinin nümayəndəsi Vrtanes Baqalyanın baş nazir Nikol Paşinyana qarşı səsləndirdiyi ittihamlar da Ermənistanda hökumət-kilsə böhranının təzahürüdür. Onun ritorikası kilsənin özünü dini deyil, siyasi və ideoloji aktor kimi təqdim etdiyini açıq şəkildə göstərir. Paşinyanın "xuliqanlıq", "anarxiya" və "kilsəni dağıtmaq" ittihamları ilə hədəfə alınması göstərir ki, Ermənistanda hökümət-kilsə qarşıdurması daha da dərinləşəcək.
Əgər Ermənistan həqiqətən real və inkişafyönümlü gələcək qurmaq istəyirsə, kilsə siyasi proseslərə müdaxilədən əl çəkməli, beynəlxalq hüququ və regional reallıqları qəbul etməlidir. Əks halda bu cür ritorika Ermənistanda daxili parçalanmanı daha da dərinləşdirərək erməniləri daha ağır böhranlara sürükləyəcək.
Təhminə VERDİYEVA,
"Azərbaycan"