"Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur".
Prezident İlham Əliyevin 2025-ci il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı dediyi bu sözlər dövlətin müharibə əlillərinə münasibətinin açıq və aydın şəkildə ifadəsidir. Bu yanaşma təkcə sosial siyasətin deyil, həm də insan ləyaqətinə, vətəndaş məsuliyyətinə söykənən dövlət fəlsəfəsinin göstəricisidir. Məhz bu prinsiplərin real təzahür etdiyi əsas ünvanlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzidir. Burada göstərilən xidmətlər sadəcə tibbi-texniki təminat deyil, Vətən uğrunda sağlamlığını itirmiş insanların yenidən həyata qayıdışının, cəmiyyətə inteqrasiyasının və gələcəyə inamının bərpasıdır. Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin, xüsusilə müharibə əlillərinin reabilitasiyası və sosial həyata inteqrasiyası istiqamətində aparılan dövlət siyasətinin əsas icraçı qurumlarından biridir.
Bu günlərdə mərkəzdə olduq. İş gününün yenicə başlamasına baxmayaraq, sözün əsl mənasında, burada bir qələbəlik var idi. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyev 1995-ci il yanvarın 17-də Əhmədli qəsəbəsində yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin kompleks açılışında iştirak etmişdir. 2019-cu il dekabrın 19-da isə mərkəz əsaslı təmir və yenidənqurmadan sonra müasir standartlara uyğun yenidən istifadəyə verilmişdir. Hazırda mərkəz yeni texnologiyaların tətbiqi ilə dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxsləri geniş spektrli reabilitasiya vasitələri ilə təmin edir. Burada əliliyi olan şəxslərin rahatlığı üçün hər cür şərait yaradılıb. Mərkəzin direktorunun verdiyi məlumata görə, bu sahədə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin tapşırıqları əsasında ardıcıl və sistemli şəkildə icra olunur. "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası" Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiqlənib və bu sənəddə yüksəktexnologiyalı protezlərlə təminat ayrıca yer alıb. Prezidentin müvafiq sərəncamına əsasən, mərkəzdə Almaniyanın "Ottobock" şirkəti ilə əməkdaşlıq şəraitində yüksəktexnologiyalı protezlərin istehsalı sexi yaradılıb.
Mərkəzin direktoru Asif Məcidov bildirdi ki, Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli 306 nömrəli qərarı ilə reabilitasiya vasitələrinin siyahısı genişləndirilib və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində bu vasitələrin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i reabilitasiya vasitəsi, 49-u isə bu vasitələrə əlavələrdir. Siyahı hərəkətlilik, özünəqulluq, görmə, eşitmə, ünsiyyət və digər istiqamətlər üzrə qruplaşdırılıb.
Öyrəndik ki, 2025-ci ildə mərkəz tərəfindən ümumilikdə 211787 ədəd reabilitasiya vasitəsi təqdim edilib, 13692 əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib. Postmüharibə dövründə mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də Vətən müharibəsi iştirakçılarının yüksəktexnologiyalı protezlərlə təminatı olub. Birinci və İkinci Qarabağ müharibələrində əlillik almış 500 nəfərdən çox hərbçi 619 ədəd yüksəktexnologiyalı protezlə təmin edilib.
Bu mərkəz Cənubi Qafqazın unikal reabilitasiya müəssisələrindən biridir. Almaniyanın "Ottobock", İslandiyanın "Össur", Rusiyanın "Metiz" şirkətləri ilə əməkdaşlıq çərçivəsində burada beynəlxalq təcrübə tətbiq olunur. Bu əməkdaşlıq həm istehsalın keyfiyyətinə, həm də yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Qeyd edək ki, innovativ texnologiyaların tətbiqi sayəsində, təhlükəsizlik və hərəkət sərbəstliyində yeni standartlar yaranmışdı. Aşağı ətraf protezlərində istifadə olunan elektron diz oynaqları ilə təchiz olunan yüksəktexnologiyalı protezlər funksionallığı ilə seçilir. Belə ki, diz oynağı pasiyentin pilləkənlərdə və panduslarda qalxıb-enməyinə və nahamar yerdə gəzməyinə uyğunlaşır. Protezə xüsusi proqram təminatı vasitəsilə istifadəçinin tələbinə uyğun fərqli funksiyaları - sərbəst hərəkət, sürətli hərəkət yükləmək olur. Proqram təminatı pasiyentin iş, istirahət və idman etməsi üçün fantastik seçimlər təklif edir. Pasiyent oturarkən nəzarət və dəstək üçün onun sürətini təkrarlayır. Yıxılmadan qorunmaq üçün tarazlığı bərpa etmək və daha çox sabitliyi qorumaq üçün lazımi müqaviməti aktivləşdirir.
Yuxarı ətraf protezlərdə isə dinamik əlin (Quantum PK-4 ) - dörd idarəetmə üsulu var - sadə jestlərlə idarəetmə, mobil proqramdan idarəetmə, güdül əzələlərindən alınan miyosiqnallarla idarəetmə, simsiz uzaqdan idarəetmə. Sürətartırma funksiyası ilə barmaqların sürəti 30 faiz artırıla bilir. Elektriklə idarə olunan baş barmaq rotatoru avtomatik olaraq yan və ya əlavə mövqeyə keçə bilir. Əvvəlcədən proqramlaşdırılmış və ya istifadəçi tərəfindən yaradılmış 36-ya qədər müxtəlif tutmaq növünü seçmək imkanı var. Avtomatik tutma xüsusiyyəti əşyanın sürüşməsinin, düşməsinin qarşısını alır.
Onu da qeyd edək ik, Vətən müharibəsi iştirakçılarına qayğı və diqqətin nəticəsi olaraq eyni zamanda Danimarkanın "Levitate" şirkətinin müasir idman protezləri ilə təminatı həyata keçirilib. Bu, əlilliyi olan şəxslərin qaçış və digər idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə imkan verir. Ümumiyyətlə, yüksəktexnologiyalı protezlər əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyasını təmin edir.
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində olduğumuz müddətdə bir daha şahidi olduq ki, burada yalnız protez və reabilitasiya vasitələri istehsal edilmir, eyni zamanda insan talelərinə həssas və məsuliyyətli yanaşma nümayiş etdirilir. Əhalinin həssas təbəqəsinə aid olan əlillərin problemləri diqqətlə öyrənilir, hər bir müraciət fərdi qaydada dəyərləndirilir. Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin istehsalat sexlərində hər bir əlilliyi olan şəxsin diaqnozu, anatomik xüsusiyyətləri, aktivlik səviyyəsi, çəkisi və ölçüləri nəzərə alınmaqla geniş artikulda reabilitasiya vasitələri fərdi qaydada hazırlanır və təmir edilir.
Mərkəzə müxtəlif bölgələrdən gələn müharibə əlilləri və digər kateqoriyadan olan şəxslərlə söhbətlər zamanı onların dövlət qayğısından razı qaldıqlarının şahidinə çevrilirsən. Bu insanlar həm göstərilən xidmətdən, həm də müasir texnologiyalar əsasında hazırlanmış protezlərin rahatlığından məmnunluq ifadə edirdilər. Onlar Vətən və torpaq uğrunda döyüşdükləri üçün əlil qaldıqlarına görə heç bir peşmanlıq hissi keçirmir, əksinə, dövlətin və cəmiyyətin dəstəyini hiss edərək həyata daha möhkəm bağlanıblar.
Bərdə rayonundan olan həmsöhbətimiz Sərxan Quliyev dedi: "Müddətdən artıq xidmət edən hərbi qulluqçu idim. Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 2020-ci il oktyabrın 18-də Qubadlıda yaxınlığıma düşən minaatan mərmisindən ağır yaralandığım üçün ayağımın birini amputasiya etdilər. Artıq üçüncü dəfədir ki, protezimi dəyişdirirəm. Burada bizə olan münasibət olduqca yaxşıdır. Yüksək səviyyədə xidmət göstərilir. Protezlə təminat zamanı "yüz ölç, bir biç" prinsipinə əməl olunur. Bunun nəticəsidir ki, biz əlil olduğumuzun fərqində deyilik. Bunu kənardan müşahidə edənlər də o qədər hiss etmirlər. Mən bir vətəndaş olaraq öz borcumu yerinə yetirməyə çalışmışam. Vətənə xidmət heç bir minnət qoymadan hamının şərəf borcudur. Bunun müqabilində üzərimdə hər an dövlətimizin yüksək qayğısını və diqqətini hiss edirəm. Dövət mənə təqaüd verir. Bərdə rayon Saatlı kənd orta məktəbində çağırışaqədərki hazırlıq müəllimi işləyirəm. Avtomobillə təmin olunmuşam. Yaxın zamanlarda ev də veriləcəkdir. İki oğlum, bir qızım var. Övladlarıma da tövsiyə edirəm ki, gözəl vətənimizi təmənnasız sevsinlər, bu qüdrətli dövlətimizə əsl vətəndaş olaraq xidmət etsinlər".
Digər həmsöhbətimiz Namiq Məmmədov isə fikrini belə açıqladı: "Beyləqandan Şuşaya qədər döyüş yolu keçmişəm. 44 günlük Vətən müharibəsində çiynimdən qəlpə yarası almışam. 2021-ci il aprelin 9-da minaya düşmüşəm. Ayağımın biri amputasiya olunub, biri isə funksiyasını itirib. Yüksəksəviyyəli protezlə təmin olunmağımın nəticəsində bütün ağrı-acıları unutmuşam. Hətta şənliklərdə rəqs edə bilirəm. Bu gün dövlətimiz bir atanın doğma övladına göstərdiyi diqqət qədər bizə qayğı göstərir. Yüksək məbləğdə pensiya alıram. Dövlət mənə maşın da verib. Subayam, dövlətimiz tezliklə mənə ev də verəcək, evlənəcəyəm".
Həmsöhbətimiz Birinci Qarabağ müharibəsi əlili Fətalı Sofiyev Bakının Binəqədi rayonunda yaşadığını dedi: "1993-cü il dekabrın 26-da Füzuli rayonunda minaya düşmüşəm. Həmişə dövlətimizin qayğısını görmüşəm. Ev, maşın, yüksək pensiya, övladlarımın təhsil haqqının ödənilməsi... İndi də yüksəktexnologiyalı protez alıram. Elə bilirəm ki, gözümü dünyaya yenidən açmışam. Əvvəllər diz qapağım olmadığı üçün sərt protezlərin əziyyətini çəkirdim. İndi isə tam rahatam. Axsamıram, hərəkət məhdudiyyətim yoxdur".
Masallı rayonundan olan həmsöhbətimiz Qəfər Bayramov dedi ki, şəkər xəstəsidir: "2023-cü ildə ayağım amputasiya olunub. Bu illər ərzində artıq üçüncü dəfədir yüksəktexnologiyalı protez alıram. Allah bizi yaşadan, bizə hər cür qayğı göstərən dövlətimizi var etsin. Bu protezlərin nəticəsində mən heç ayağımın olmamasını hiss etmirəm. Şəkər xəstəsi kimi dərimanlarla da təmin olunuram".
Biz mərkəzdə olarkən söhbət etdiyimiz pasiyentlər onlara göstərilən xidmətdən razılıq etdilər. Mərkəzin işçilərinin diqqəti, peşəkarlığı və insani münasibəti burada yaradılan ümumi mühitin əsas xüsusiyyətlərindəndir. Bu mühit əlilliyi olan şəxslərin özlərini təkcə pasiyent deyil, qayğı ilə əhatələnmiş vətəndaş kimi hiss etmələrinə imkan yaradır.
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin fəaliyyəti bir daha sübut edir ki, Azərbaycanda müharibə əlillərinə və ümumilikdə əlilliyi olan şəxslərə münasibət yalnız sosial öhdəlik deyil, dərin mənəvi məsuliyyətdir. Burada göstərilən xidmətlər dövlətin gücünü texnologiyada, insanpərvərliyini isə diqqət və qayğıda ifadə edir. Vətən uğrunda sağlamlığını itirən insanlar bu mərkəzdə təkcə protezlə deyil, həyata yenidən bağlanmaq, özünü cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etmək imkanı qazanırlar. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasətin əsas prinsipini - insana yüksək dəyəri aydın şəkildə ortaya qoyur. Dövlətin qayğısını hər zaman hiss edən bu insanlar üçün Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi sadəcə bir müəssisə deyil, ləyaqətin, ümidin və gələcəyə inamın ünvanıdır.
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"