Repressiyaya uğrayan, həbslərdə olan insanların böyük əksəriyyəti 1926-cı ildə keçirilən I Bakı Türkoloji Qurultayın nümayəndələri idi. Əsl siyasi hadisə olan bu möhtəşəm tədbir mühüm tarixi dövrdə keçirilirdi. 100-dən artıq nümayəndəsinin - seçmə alim və mütəfəkkirlərin həbsi və fiziki məhvi ilə bitən bu elmi toplantı yaxın tarixin ən böyük ziyalı-alim soyqırımı idi.
Bu insanlar türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin yaşadılmasına misilsiz töhfələr vermiş, dilçilik, latın qrafikasına keçid, terminologiya, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, metodika sahələrində problemlərin həllinə və inkişaf yollarına işıq salan baxışlar sisteminin əməli-nəzəri prinsiplərini işləyib hazırlamışdılar, genişmiqyaslı yaradıcılıq fəaliyyəti göstərmişdilər. Bu gün bütün türk xalqları dillərinin əsrlər boyu işlək olması yönümündə apardığı islahatlarda həmin alimlərin miras qoyduğu ənənələrə, fundamental elmi əsərlərinə istinad edirlər. Buna görə də həmin şəxsiyyətlərin gördüyü işlər əvəzsizdir.
Belə şəxsiyyətlərdən biri də XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan Xalid Səid Xocayevdir. Bu insanın özü, ədəbi-elmi fəaliyyəti, irsi böyük dilçi alimlər, ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. X.S.Xocayevin əsərlərinin əsas qayəsini yeni əlifba yolundakı böyük mədəni və inqilabi hərəkat, bu hərəkatın ilk dövrünün bir sıra çətinlikləri təşkil edir. Əlifba məsələsinin XIX əsrin ortalarından başlayaraq uzun zaman kəsiyini əhatə etməsi və XX əsrin əvvəllərində isə genişlənərək mədəni hərəkat səviyyəsinə qalxması, əslində, müsbət hadisə idı. Lakin bu hərəkatın ən fəal üzvlərinin taleyi sonradan faciə ilə bitmişdi.
Xalid Səid 1888-ci ildə Özbəkistanda dünyaya gəlmişdir. İlk təhsilini mədrəsədə almış, daha sonra isə İstanbul Universitetində oxumuşdur. Universiteti bitirib vətəninə qayıtsa da, sonrakı taleyi onu həmişəlik Azərbaycana bağlamışdır. SSRİ EA-nın Azərbaycan filialında elmi fəaliyyətlə məşğul olmuş alimin irsini araşdıranlar yazırlar ki, Xalid Səid Xocayev dilçiliyimizin üslub, müqayisəli qrammatika və dil tarixi kimi sahələrinin hər birinə aid ilk dərsliklərin müəlliflərindən biri idi. Onun elm aləminə 14 əsəri məlumdur. O, təkcə türk dillərini deyil, ərəb, fars, rus dillərini də mükəmməl bilirdi. X.Xocayev ixtisaslı linqvist şərqşünaslardan biri idi. Dünya türkologiyası tarixində Mahmud Kaşğarinin "Divani lüğət-it türk" əsəri ilk dəfə Xalid Səid tərəfindən dilimizə tərcümə edilmişdir. Bundan başqa, görkəmli alim "Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi", "Müxtəsər üslubiyyat", "Türk məktəbi üçün rus dili", "Müfəssəl sintaksis", "Türk dilinin tarixi qrammatikası", "Cığatay ədəbiyyatı haqqında mühazirələr", "Türk ədəbiyyatı nəzəriyyəsi", "Türküstan tarixinin qısa icmalı", "Orxon kitabələrinin izahlı tədqiqi" və s. əsərlərin müəllifi olmuşdur.
Məlumatlara görə, Xalid Səid Xocayevin "Üslubiyyat nəzəriyyəsi", "Sintaksis", "Türk dillərinin tarixi qrammatikası" adlı kitabları da olub, ancaq bu əsərlər yoxa çıxıb. Onun 14 çap vərəqi həcmində "Sintaksis" adlı əsərinin redaktoru Bəkir Çobanzadə olmuşdur. Bu əsər redaktə olunub mətbəəyə verildikdən sonra çap edilməmiş, daha doğrusu, itirilmişdir. Xalid Səidin 1936-cı ilin ortalarında çapa hazır olan 14 çap vərəqi həcmində olan "Üslubiyyat nəzəriyyəsi", 12 çap vərəqi həcmində olan "Türk dillərinin tarixi qrammatikası" adlı əsərləri də tapılmayıb. Tədqiqatçılar yazırlar ki, Xalid Səidin "Divan"dan başqa 11 böyük elmi əsəri oğurlanıb. "Orxon kitabələrinin izahlı tədqiqi", "Türk dilinin tarixi qrammatikası", "Cığatay ədəbiyyatı haqqında mühazirələr", "Türküstan tarixinin qısa icmalı", "Müfəssəl sintaksis" və s. əsərləri itirilib.
Xalid Səidin ilk dəfə dilimizə tərcümə etdiyi Mahmud Kaşğarinin "Divani lüğət-it türk" əsəri eimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Türkoloq alimə görə, kitab türk sözləri lüğəti adlansa da, onun məzmunu adının ifadə etdiyi anlayışdan daha geniş mənaları ehtiva edir və təkcə sözlərin izahı ilə kifayətlənmir, həm də türk etnoqrafiyası, morfologiya, türk dilləri arasındakı fərqlər, o dövrdə mövcud olan başqa dillər və s. barədə aydın təsəvvür yaradır.
Tədqiqatçılar yazırlar ki, tərcümə işinə 1935-ci ildə başlayan Xalid Səid Kaşğarinin "Divan"ını 1939-1941-ci illərdə Türkiyə türkcəsinə tərcümə edən Besim Atalayı da qabaqlayıb. Bunu 1939-cu ildə "Divan"ın Türkiyə nəşrinə yazdığı ön sözdə Atalay özü də etiraf etmişdi. Ziya Bünyadov lüğətin tərcüməsi barədə bunları demişdir: "Xalid Səidin ən böyük əsəri Mahmud Kaşğarinin məşhur lüğətinin tərcüməsi idi. Təəssüf ki, Xocayevin minnətdar şagirdləri öz müəllimlərinin əsərini elə adamlara aid edirlər ki, onlar 30-cu illərdə Mahmud Kaşğarinin varlığı barədə belə heç nə bilmirdilər. Bu zaman Xalid Səidi xoş sözlə xatırlamağı belə ona çox görürdülər".
Xalid Səid Xocayev dövrün görkəmli dilçi alimi kimi I Türkoloji Qurultayın təşkilat işlərində əvəzsiz xidmətlər göstərmişdir. O, Yeni Əlifba Komitəsinin yaratdığı xüsusi komissiyanın tərkibindəki dörd nəfərdən (S.Ağamalıoğlu, C.Məmmədquluzadə, V.Xuluflu, X.S.Xocayev) biri olmuşdur. X. Xocayev 1924-cü il sentyabr ayının 7-dən oktyabr ayının 10-dək Krım-Türküstan ellərində səfərdə iştirak etmişdir. Səfər təəssüratlarından bəhs edən "Yeni əlifba yollarında əski xatirə və duyğularım" (1929) adlı əsərini yazmışdır. Bu kitab bütövlükdə Yeni Əlifba Komitəsinin fəaliyyətinin ən əhəmiyyətli məqamlarını özündə əks etdirir. Əslində, bu kitabın məzmunu bir daha təsdiq edir ki, Xalid Səid Xocayevin duyğu və düşüncələrinə ovaxtkı rejim heç zaman biganə qala bilməzdi.
Xalid Səid Xocayev Yeni Əlifba Komitəsinin uğurlu fəaliyyətini təqdir edərək yazırdı ki, onların bu səyahətləri Birinci Türkoloji Qurultayın çağırılmasına səbəb olmuşdu: "Bu qurultay Şərq aləmindəki mədəni inqilabın ən mühümü olan əlifba inqilabının rəsmi surətdə təməl və əsasını qoymuş olduğu kimi əsrlərcə ərəb əlifbasının muşkulatı altında əzilən xalqlar ilə əlifbadan məhrum olan bir çox ibtidai halda yaşayan xalqlar üçün elmi, fənni əsaslar üzərinə qurulan bir əlifba verdi".
Təbii ki, I Türkoloji Qurultayın çağırılmasına səbəb olduğunu yazan bir türkoloq repressiyadan yayına bilməzdi. O, siyasi rejimin diqqət mərkəzində olan şəxslərdən birinə çevrilmişdi. O dövrdə bolşevik dövlətinin qurduğu tələni bilməyən türkoloqlar, fədakar ziyalılar I Bakı Türkoloji Qurultayının keçirilməsi təşəbbüsünə müsbət hal kimi yanaşırdılar. Bu pusqudan tam xəbərsiz ziyalılar elə ilk gündən məqsədlərini ortaya qoydular. Bir-birlərinin elmindən, ədəbiyyatından, yazı-pozusundan xəbər tutmaq üçün ortaq əlifba, ortaq dil məsələsinin həlli yollarını düşünərək onları həyata keçirmək konsepsiyasının hazırlığına başladılar. Tədqiqatlardan məlum olduğu kimi, bu işin bütün ağırlığı Səmədağa Ağamalıoğlu, Xalid Səid Xocayev və Bəkir Çobanzadə kimi ziyalıların çiyinlərinə düşmüşdü. Ortaq türk dili və əlifbası uğrunda ön cəbhədə dayanan məhz bu ziyalılar olmuşlar.
I Türkoloji Qurultay günlərində Xalid Səid Xocayevin evində olan qonaqlıq da, burada türkoloqların olması da ovaxtkı siyasi rejimin diqqətindən kənarda qalmamışdı. Alimin qızı Bəhicə xanım müsahibəsində deyirdi: "Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə - rəssam Salam Salamzadənin yoldaşı mənim xalamın qaynı Əliqulu Qəmküsarın qızıydı. O, 1926-cı ildə keçirilən Türkoloji qurultayı yaxşı xatırlayırdı. Deyirdi ki, Türkoloji qurultay günlərində bizim evdə ziyafət olub. Evimiz çox böyük idi. Fuad Köprülü, Əli bəy Hüseynzadə, Hüseyn Cavid... həmin ziyafətdə iştirak ediblər" ("Ədəbiyyat" qəzeti, 14 noyabr 2008-ci il). Bəhicə xanım atasının həbs olunacağının gözlənildiyini də bilirdi. "Bir dəfə onu "Kommunist" qəzetinin redaksiyasına çağırıb nəsə demişdilər, onunla söhbət etmişdilər. Bundan sonra atam tam əmin olmuşdu ki, o da həbs ediləcək. Necə bilməzdi bunu? Türkiyədə təhsil alıb gəlmişdi. Türkoloq idi. Hələ üstəlik institutda hər gecə bir-iki nəfəri tuturdular. Ümumiyyətlə, həmin institutda dərin bilikli adamların hamısını sanki süpürdülər. Unutmadığım bir məqam da var. Həbs olunduğu ərəfədə məni çağırıb divanda öz yanında əyləşdirdi və bilmirəm nə üçünsə öz tərcümeyi-halını mənə ətraflı danışdı. Mən isə bunun fərqinə o qədər də varmadım. Kaş onun danışdıqlarının hamısını yadımda saxlayaydım", - Bəhicə xanım söyləyirdi.
Görkəmli alim 1937-ci il iyunun 3-də həbs edilir. Onun istintaqı 3 ay davam edir. 1937-ci il iyunun 5-də birinci istintaqda Xaliq Səidə bildirilir ki, o, tələbələr arasında əksinqilabi-millətçi təbliğat aparmışdır, eyni zamanda pantürkist təşkilatın üzvüdür. Xalid Səid ittihamları rədd edir. Həmin gün SSRİ EA-nın Azərbaycan filialının tarix, dil və ədəbiyyat institutu müdiriyyətinin əmri ilə X.Xocayev işdən xaric olunur.
İkinci istintaqda 1937-ci il iyunun 21-də müttəhimə "üç nömrəli variant" tətbiq edildikdən sonra X.S.Xocayev "peşəkar pantürkist" kimi cavab verir. Axırıncı dəfə 1937-ci il sentyabrın 4-də dindirilir və müstəntiq onun işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edir. Beləliklə, Xalid Səid Xocayevə pantürkist damğası ilə hökm oxunur və o, "türkoloji düşüncənin inkişafındakı fəaliyyətinə son qoymaq üçün" güllələnməyə məhkum edilir: "Müttəhim Xocayev 1925-ci ildən Ümumittifaq antisovet, pantürkist, təxribatçı-terrorçu və casus təşkilatının üzvüdür. Onların məqsədi Sovet hakimiyyətini devirmək, milli respublikaları SSRİ-dən ayırmaq və vahid türk-tatar burjua dövlətini yaratmaqdır. Xocayev müntəzəm olaraq əksinqilabi millətçi təbliğat aparmış, əksinqilabi pantürkist təşkilata yeni-yeni üzvlər cəlb etmiş və 1924-cü ildən 1937-ci ilədək bir xarici dövlətin casusu olmuşdur. Yuxarıda deyilənlərə əsasən və Azərbaycan SSR CPM-nin 316 və 317-ci maddələrinə müvafiq SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Xalid Səid Xocayevi ən ağır cəzaya - güllələnməyə məhkum edir". (Ziya Bünyadov. "Qırmızı terror", Azərnəşr, 1993).
İşə 13 oktyabr 1937-ci il tarixli bir arayış tikilmişdir. Arayışda göstərilirdi ki, Xalid Səid Xocayevin güllələnmə hökmü Bakıda icra edilmişdir. Görkəmli alimin həyat yoldaşı Sara Rza qızı Xocayeva da repressiyadan kənarda qalmamışdır. O, 1937-ci il oktyabrın 13-dən 1941-ci ilin may ayınadək Akmola həbs düşərgəsində sürgündə olmuşdur.
Sular durulduqdan sonra - 1954-cü ilin dekabrında Sara xanım ərinin işi və onun taleyi haqqında məlumat almaq üçün SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına müraciət etmişdir. Hərbi Kollegiyanın 16 may 1957-ci il qərarı ilə Xalid Səid Xocayev barədə 1937-ci il oktyabrın 12-də çıxarılan hökm ləğv olunmuşdur.
İradə ƏLİYEVA,
"Azərbaycan"