14 Yanvar 2026 08:20
131
İQTİSADİYYAT
A- A+
Hədəf bəllidir

Hədəf bəllidir


Abşeron yarımadası, o cümlədən paytaxtda su və kanalizasiya sarıdan problem yaşanmamalıdır


Abşeron yarımadası, o cümlədən Bakı əhalinin sıx məskunlaşdığı və sənaye baxımından inkişaf etmiş ərazidir. Regionun  dayanıqlı inkişafı, əhalinin sağlamlığı və ekoloji tarazlığın qorunması isə birbaşa su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətindən asılıdır. Bu baxımdan sürətli urbanizasiya, əhalinin artımı və iqlim dəyişmələri fonunda içməli suya olan tələbatın ödənilməsi, çirkli suların təhlükəsiz idarə olunması strateji əhəmiyyət kəsb edir.

Tarixi baxımdan Bakı və Abşeronun su təchizatı mənbələri məhdud olub. Və bu da  zamanla iri infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edib. Müasir dövrdə isə mövcud su mənbələrinin səmərəli istifadəsi, kanalizasiya xətlərinin yenilənməsi və ətraf mühitə təsirin minimuma endirilməsi əsas prioritetlər sırasında yer alır. Çünki Bakı və Abşeronda su təchizatı sistemi uzun illər ərzində formalaşmış mürəkkəb infrastruktur şəbəkəsidir. Ərazinin  təbii su ehtiyatlarının məhdudluğu hər zaman  əhalinin içməli suya çıxışını çətinləşdirdiyi üçün su təminatı əsasən kənar mənbələr hesabına həyata keçirilir. Kür çayı hövzəsindən gətirilən su, eləcə də yeraltı su ehtiyatları şəhərin əsas su mənbələri sırasında mühüm rol oynayır. 

Qeyd edək ki, Bakının su təchizatı və kanalizasiya sistemlərinin əsas hissəsi 1980-ci illərin sonunadək formalaşdırılıb. O dövrdən bu günə qədər şəhərin yaşayış əraziləri 2,6 dəfə genişlənib, əhalinin sayı isə 2,1 dəfə artıb. Bu artım da təbii olaraq, köhnə infrastrukturun üzərinə əlavə yük salıb. Digər tərəfdən əsas magistral xətlərin böyük əksəriyyəti istismar müddətini başa vurub və mövcud nəzarət sistemləri müasir standartlara cavab verməməyə başlayıb. Boru xətlərinin orta istismar müddətinin 40-50 il olduğu nəzərə alınarsa, hazırkı sistemlərin texniki baxımdan köhnəldiyi aydın görünür. 

Əslində, problemləri dərinləşdirən əsas amillərdən biri  yağış sularının kanalizasiya xətlərinə yönləndirilməsidir. 1990-cı illərdə paytaxtda mövcud olan ayrıca yağış sistemlərinin kanalizasiya kollektorlarına çevrilməsi nəticəsində sistemlərdə əlavə yüklənmələr yaranıb və güclü yağıntılar zamanı daşmalar adi hala çevrilib.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda içməli suya əlçatanlıq təxminən 73-74 faizdir. Müqayisə üçün bildirək ki, Avropa İttifaqı ölkələrində bu göstərici 95 faizə çatır. Fasiləsiz su təminatı ölkə daxilində də fərqlidir: bütövlükdə ölkə üzrə bu göstərici 72,5, o cümlədən Bakı və Abşeronda 70 faizdir. Paytaxtla bölgələr arasındakı bu fərqin əsas səbəbi son illər rayonlarda həyata keçirilən genişmiqyaslı quruculuq və infrastruktur layihələridir. Məhz bu layihələr bölgələrdə fasiləsiz içməli suya əlçatanlığı xeyli  yüksəldib. 

Su itkiləri məsələsində vəziyyət daha ciddidir. Azərbaycanda faktiki su itkiləri 38,6 faizə çatır. Daxili istismarda istifadə olunan sular da itkilərə daxil edilsə, ümumi göstərici təxminən 46 faizə yüksələr. Müqayisə üçün qeyd edək ki, Avropa ölkələrində daxili istismar sularının payı cəmi 3 faiz olduğu halda Azərbaycanda bu rəqəm 9 faizdir. Yaranmış fərq su şəbəkələrinin köhnəlməsi və səmərəsiz idarə olunmasının nə qədər ciddi problem olduğunu açıq ortaya qoyur.

Artıq illərdir yığılıb qalan həmin problemlər fonunda Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair qəbul olunan  2026-2035-ci illər üçün Dövlət Proqramı ilə bağlı müşavirənin keçirilməsi dövlətin bu məsələyə nə qədər sistemli və kompleks yanaşmasını göstərir. Müşavirədə çıxış edən Prezident İlham Əliyevin fikirlərinə nəzər salaq: "Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bu gün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda görülmüş işlərdən danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq".

Sirr deyil ki, bu gün artan əhali sayı və genişlənən yaşayış massivləri suya olan tələbatı sürətlə artırır. Xüsusən Abşeron yarımadasında plansız tikilmiş yaşayış sahələrinin çoxalması mövcud su şəbəkələrinin əlavə  yüklənməsinə səbəb olur. Bəzi ərazilərdə su itkiləri, o sıradan köhnəlmiş borular və texniki nasazlıqlar problemin üzərinə əlavə problem qoyur. Biz hələ su ehtiyatlarından səmərəsiz istifadəni və belə demək mümkünsə, su oğurluğunu demirik.  

Su təchizatı ilə yanaşı, kanalizasiya sistemi də ciddi problemlərdən biri hesab olunur. Paytaxtın mərkəzi ərazilərində kanalizasiya şəbəkəsi nisbətən normal olsa da, Abşeronun bir çox qəsəbə və kəndində bu sistem ya tam mövcud deyil, ya da köhnə və yararsız vəziyyətdədir. Çirkli suların təmizlənmədən ətraf mühitə axıdılması torpağın, yeraltı suların və Xəzər dənizinin çirklənməsinə səbəb olur. Bu vəziyyət ekoloji risklərlə yanaşı, insan sağlamlığı üçün də təhlükə yaradır. "Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir", - deyə dövlət başçısı bu məsələyə də münasibət bildirib. 

Prezident İlham Əliyev onu da vurğulayıb ki, hazırda əhalinin cəmi 50 faizi kanalizasiya xidməti ilə təmin olunur. Leysan yağışları olanda şəhər iflic vəziyyətinə düşür və ciddi problemlər yaranır. Məhz bu problemi həll etmək üçün sözügedən dövlət proqramı çərçivəsində mühüm addım atılacaq - Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq ki, bu da yağış sularının idarə olunmasına böyük fayda verəcək. 

Göründüyü kimi, dövlət tərəfindən həyata keçirilən layihələr su təchizatı və kanalizasiya sahəsində müsbət dəyişikliklərə yol açır. Yeni təmizləyici qurğuların tikintisi, əsas kollektorların yenilənməsi və müasir texnologiyaların tətbiqi problemlərin mərhələli şəkildə həllinə imkan yaradacaq. Bununla belə mövcud vəziyyət göstərir ki, davamlı nəticə əldə etmək üçün yalnız infrastrukturun qurulması kifayət deyil. Suya qənaət mədəniyyətinin formalaşdırılması, ictimai nəzarətin gücləndirilməsi və ekoloji məsuliyyətin artırılması da prosesin ayrılmaz hissəsidir. 

Nəticə etibarilə Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemi təkcə texniki deyil, həm də sosial və ekoloji əhəmiyyət daşıyan bir məsələdir. Bu sahədə atılan hər addım regionun gələcək inkişafına, əhalinin həyat keyfiyyətinin yüksəlməsinə və ətraf mühitin qorunmasına birbaşa təsir göstərir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb  

10:20
14 Yanvar

Aşağı Oratağ kəndində həyat yenidən canlanıb: evlər bərpa olunur, sosial infrastruktur yenilənir  

10:16
14 Yanvar

Kir Starmer Qəzza Sülh Şurasına qoşulma ehtimalını nəzərdən keçirir  

09:49
14 Yanvar

Dövlət Departamenti TRIPP layihəsinin icra çərçivəsininin qəbul edildiyini açıqlayıb

09:44
14 Yanvar

Rubio: TRIPP bütün regionda rifahı və təhlükəsizliyi artıracaq  

09:44
14 Yanvar

Tramp: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ölkə tarixindəki ən utancverici gündür  

09:42
14 Yanvar

Prezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən paylaşım edib

09:34
14 Yanvar

Soyuq havalar ürək sağlamlığı üçün təhdid yarada bilər

09:10
14 Yanvar

Atasını çar, özünü isə sovet hökuməti güllələdi 

09:05
14 Yanvar

Əlifba mücahidi

09:00
14 Yanvar

Xəstə təfəkkürlü erməni kilsəsi

08:55
14 Yanvar

Qədim Bakı yeniləşir və müasirləşir

08:50
14 Yanvar

Ümidlərin bərpa olunduğu mərkəz

08:45
14 Yanvar

Qarabağa açılan ilk hava yolu

08:40
14 Yanvar

Yolumuz Zəfər zirvəsinədir...

08:35
14 Yanvar

Heydər Əliyevin unudulmaz Şuşa səfəri  

08:30
14 Yanvar

Azərbaycanın yeni strateji mövqeyi

08:25
14 Yanvar

Hədəf bəllidir

08:20
14 Yanvar

Azərbaycanın "yaşıl enerji" gündəliyi qlobal səviyyədə təqdir olunur

08:15
14 Yanvar

Yaxın 10 il ərzində Bakı və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemləri təkmilləşdiriləcək

08:10
14 Yanvar

Postmünaqişə dövrünün xarici siyasət strategiyası: TDT çərçivəsində intensivləşən əlaqələr

08:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!