Ulu Öndər Heydər Əliyev deyirdi: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, böyüyü mədəniyyətdir".
Hər bir xalqın mədəniyyəti onu dünyaya tanıdan mənəvi pasportudur desək, heç də səhv etmərik. Təsadüfi deyil ki, ermənilər istər qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda, istərsə də bir zamanlar işğal etdikləri Qarabağda azərbaycanlıları məcburi şəkildə öz tarixi yurdlarından didərgin saldıqdan sonra xalqımıza məxsus mədəniyyət abidələrini dağıdaraq izini silməyə çalışıblar. Haylar anlayırdılar ki, babalarımızın min illər öncə yaratdığı tarixi yadigarlar, milli mədəniyyət nümunələri bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduqlarını dünyaya göstərən ən dürüst faktlardır. Lakin mənfur niyyətlərini reallaşdıra bilməyən hayların insanlığa yaraşmayan hərəkətləri sonda bumeranq kimi fırlanıb öz başlarına dəydi.
Xalqların mədəniyyətinin yaradıcıları alimlər, şairlər, yazıçılar, sənət adamları, el sənətkarlarıdır. Dünyanın böyük fatehləri işğal etdikləri ərazilərdə yaşayan işıqlı insanları, elm, bilik sahiblərini, sənətkarları ən dəyərli insanlar kimi öz ölkələrinə aparırdılar.
Xalqının gələcəyini düşünən, onun inkişafı və tərəqqisi qayğısına qalan böyük dövlət adamları mədəniyyətin və mədəni tarixin yaradıcısı olan insanlara xüsusi diqqət göstərərək qayğı ilə yanaşıblar. Uzun illərdir ki, biz Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin timsalında da elm və mədəniyyət xadimlərinə, incəsənət ustalarına, bir sözlə, xalqımızın mənəvi sərvətinin yaradıcılarına göstərilən xüsusi diqqətə, dövlət qayğısına şahidlik etməkdəyik. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı, gənc istedadlara qayğı, milli sənətin inkişafı dövlətimizin mədəniyyət siyasətinin əsasını təşkil edir.
Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə xüsusi diqqət yetirilir. Mədəniyyət sahəsini inkişaf etdirmək üçün böyük investisiya proqramları reallaşdırılır. Milli Akademik Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Filarmoniyası müasir üslubda yenidən qurulub. Regionlarda yeni mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları tikilərək istifadəyə verilib. Mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində irihəcmli layihələr həyata keçirilib və bu, davam etməkdədir. Mədəniyyətimizə göstərilən yüksək qayğının nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də böyük uğurlar müşahidə olunmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və sənət adamlarını yüksək qiymətləndirərək demişdir: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır".
Azərbaycan elminin və mədəniyyətinin inkişafında xidmətləri olan tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, dövlət tərəfindən mükafatlandırılması bir ənənəyə çevrilib.
2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi, Məhəmməd Füzulinin 530, Süleyman Ələsgərovun 100, Nəbi Xəzrinin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2024-cü ildə Rəfael Hüseynov Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafındakı böyük xidmətlərinə görə və şair Baba Vəziroğlu "Şərəf" ordeni ilə, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafında səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu" ilə mükafatlandırılıb. Dövlət başçısı Azərbaycanın mədəniyyət xadimlərindən Ömər Eldarova, Böyükxanım Əliyevaya, Xanlar Haşımzadəyə, Fərhad İsrafilova, Aqil Məlikova, Sevda Məmmədəliyevaya, Laləzar Mustafayevaya Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Respublikamızın 150 nəfər incəsənət xadimi Prezident mükafatlarına layiq görülüb.
2024-cü il həm də bir qrup gəncin yaddaşında Prezident mükafatları ilə təltif olunmaları kimi qaldı. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Fərrux Zakirova Xalq artisti fəxri adı verildi...
Dövlət başçısının elm, mədəniyyət xadimlərinə, sənət adamlarına Azərbaycan Respublikası Prezidentinin mükafatlarının, fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncamları sənətə və sənətkara olan diqqətin daha bir nümunəsidir. Mədəniyyət işçilərinə göstərilən həssas münasibət onların ruh yüksəkliyinə səbəb olur. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir. Ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsinə hər cür şərait yaradılır. Sözsüz ki, bu, dövlət başçısının elmə, mədəniyyətə, incəsənətə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.
Elşən QƏNİYEV,
"Azərbaycan"