Teatr yarandığı gündən tamaşaçıları düşündürən, güldürən, heyrətləndirən və şənləndirən mədəniyyət ocağı olub. Bəlkə də elə buna görədir ki, insanlar daim bu maraqla tez-tez teatra üz tutublar. 97 ildir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı da tamaşaçıları özünə beləcə cəlb edir.
Teatrın yaradıcı kollektivi mövsüm başlayandan bir-birindən maraqlı səhnə əsərləri hazırlayaraq ictimaiyyətin ixtiyarına verib. Son dövrdə Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi münasibəti ilə "Gerçəkləşməyən arzular" adlı tamaşanın nümayişi keçirilib. Bundan başqa, ötən müddət ərzində Xalq artistləri Firəngiz Şərifova və Hüseynağa Sadıqovun yubileyləri də teatrda təntənə ilə qeyd olunub.
Teatrın yaradıcı kollektivi həmişə olduğu kimi, bu mövsümdə də diqqət çəkən tamaşalar səhnələşdirib. "Ümid nəğməsi" gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Abdulla Şaiqin eyniadlı əsəri əsasında "Tıq-tıq xanım" tamaşası da səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımovdur. Bu əsər Lənkəran Dövlət Dram Teatrına qastrol səfərində də nümayiş olunub. "Qaraca qız" tamaşası Abdulla Şaiqin əsəri əsasında qurulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Onu da qeyd edək ki, bu səhnə əsəri iki heyətlidir. Teatrın istedadlı aktyorları "Qaraca qız" tamaşasında rolları yüksək peşəkarlıqla canlandırıblar.
"Fiqaronun toyu" tamaşası fransız dramaturqu Pyer Bomarşenin pyesi əsasında səhnələşdirilib. Böyük maraqla qarşılanan bu tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Ötən ilin sonlarında Əməkdar artist Şövqi Hüseynovun təqdimatında "Mən Feyerbaxam" monotamaşası da təhvil verilib. Alman dramaturqu Tankret Dorstun pyesi teatrın səhnəsində fərqli yozumla tamaşaçılara təqdim edilib. Tamaşada baş rolu Əməkdar artist Şövqi Hüseynov canlandırıb. Ötən ilin sonunda balaca tamaşaçılara Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında "Cırtdanino" - birhissəli tamaşası təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyevadır. Ötən ilin dekabrında "Madaqaskarlı dostların Yeni il sərgüzəştləri" adlı tamaşa da tamaşaçıların ixtiyarına verilib.
Tamaşaların hazırlanmasında kollektiv bütün bacarığını ortaya qoyur. Məsələn, "Tıq-tıq xanım" tamaşasında rejissor assistenti Fuad Cavadzadə, rəssam Mustafa Mustafayev və rejissor Müşfiq Əliyev kimi yaradıcı insanlar böyük həvəslə iştirak ediblər. Aktyorların hamısı onun yüksək səviyyədə hazırlanmasına töhfələrini veriblər, bütün səyləri ilə çalışıblar.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümün ikinci rübünə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırladığı tamaşa ilə başlayıb. Əsərin səhnələşdirilməsində teatrın aktyor heyətinin əksəriyyəti iştirak edib. Tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Teatrın yaradıcı kollektivi "Kontrabas", "Dəlinin qeydləri" monotamaşaları ilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib. Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən "Uşaqlar XXI əsrdə" I Beynəlxalq Uşaq Teatrları Festivalında Pərviz Seyidlinin pyesi əsasında hazırlanan "Ümid nəğməsi" adlı tamaşa uğurla təqdim edilib. Özbəkistan səfəri həm beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsində, həm də teatrın tanıdılması baxımından böyük əhəmiyyət daşıyıb. Bu səfər həmçinin teatrın aktyorlarının yaradıcılığını xarici ölkələrdə təqdim etməyə və tanıtmağa da imkan yaradıb. Ötən müddət ərzində teatrın respublikanın regionlarına da qastrol səfərləri təşkil olunub və böyük uğurlar qazanılıb.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi 97-ci teatr mövsümünün sonuna qədər səhnələşdirəcəkləri bir-birindən maraqlı əsərləri ilə tamaşaçılarını sevindirməyə davam edəcək. Teatrın yaradıcı kollektivi repertuarına həm klassik, həm də müasir əsərləri daxil edir. Bir-birindən maraqlı səhnə əsərləri ilə uzun illərdir ki, tamaşaçıları düşündürür və heyrətləndirir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"