23 Yanvar 2025 08:45
188
Mədəniyyət
A- A+
Ömrünun 55 ildən çoxunu tibbə həsr edən alim

Ömrünun 55 ildən çoxunu tibbə həsr edən alim


Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru, Əməkdar elm xadimi, REA-nın akademiki, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Vaqif  Şadlinskinin bu günlərdə 85 yaşı tamam olur.

Vaqif Şadlinski  24 yanvar 1940-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalında Şadlinskilər nəsilində - Bilas Şadlinskinin ailəsində dünyaya göz açmışdır. Çoxuşaqlı ailədə böyüyən Vaqif 8 yaşında ikən, 1948-ci ildə ailə üzvləri ilə birlikdə Qərbi Azərbaycanın Vedi rayonundan, doğma el-obalarından ağır şəraitdə deportasiya olunaraq Azərbaycanda Şəmkir rayonunun Çinarlı (keçmiş Leninkənd) qəsəbəsində məskunlaşmışdır. O, 1959-cu ildə qəsəbədəki beynəlmiləl orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Tələbəlik illərindən yaxından tanıdığım Vaqif Şadlinski həmişə institutun ictimai işlərində fəallığı ilə diqqət çəkmiş, mədəni-kütləvi tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. O, 1964-cü ildə institutun 3 saylı tələbə yataqxanası üzrə Tələbə şurasının sədri, 1965-ci ildə ATİ Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 1967-ci ildə institut partiya komitəsinin büro üzvü, Respublika Tibb İşçiləri Həmkarlar Komitəsinin plenum üzvü, habelə ÜHİK-in X qurultayına nümayəndə seçilmişdi.

Vaqif Şadlinski institutu bitirdikdən sonra ATİ böyük Elmi Şurasının qərarı ilə Terapevtik stomatologiya kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə  başlamışdır. 1970-ci ildə ATİ-nin İnsan anatomiyası kafedrasına baş laborant vəzifəsinə keçirilmiş, az sonra kafedranın assistenti seçilmişdir. Həmin vaxtdan taleyini bu kafedra ilə bağlayan V.Şadlinski assistent vəzifəsindən kafedra müdiri, professor vəzifəsinə qədər yüksəlmiş, Əməkdar elm xadimi adına layiq görülmüşdür. Beynəlxalq əhəmiyyətli elmi-pedaqoji nailiyyətlərə görə Rusiya Elmlər Akademiyasının akademiki seçilmişdir.

Vaqif Şadlinski böyük zəhmət hesabına tədqiq etdyi  "Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafiyası və kötükdaxili quruluşu" mövzusunda 1982-ci ildə namizədlik, 1999-cu ildə isə "Normal və zobogen təsir şəraitlərində qalxanabənzər vəzin quruluş və morfofunksional xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

V.Şadlinski 1988-1991-ci illərdə ATU-nin I müalicə-profilaktika fakültəsinin dekan  müavini, 1992-1994-cü illərdə institut Həmkarlar İttifaqı Kömitəsinin sədri, 1994-1995-ci illərdə Ümumi işlər üzrə  prorektoru, 1996-2001-ci illərdə tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. 1994-2001-ci illərdə V.Şadlinski YAP-ın Azərbaycan Tibb Universiteti üzrə təşkilatın sədri, habelə YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü olmuşdur.

1995-ci ildə V.Şadlinski ATU İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri seçilmişdir. Onun işgüzarlığı və novatorluğu sayəsində mühazirə və təcrübə dərslərinin təchizatı yenilənmiş, tədrisin keyfiyyəti, aparılan elmi işlərin aktuallığı yüksəlmiş, mövcud anatomiya muzeyləri yenidən qurularaq dünya standartları səviyyəsinə qaldırılmışdır. Sevindirici haldır ki, muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ictimai əsaslarla fəaliyyət göstərən rəsmi muzeylər reyestrinə daxil edilmişdir. Eyni zamanda  kafedranın uzun illər istifadəsiz qalmış zirzəmisi yüksək səviyyədə təmir edilmiş, bir mühazirə zalı, üç dərs otağı, bir laboratoriya, eksponatların saxlanılması üçün şöbələr təşkil olunmuşdur. 

Yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına böyük əmək sərf edən V.Şadlinski rəhbərlik etdiyi kafedra ilə digər morfoloji fənlər arasında inteqrasiya yaradaraq, nəinki respublikamızda, dünya morfoloqları arasında insan anatomiyasının tarixi ənənələrini yeni elmi tələblər müstəvisində inkişaf etdirən pedaqoq-alim kimi tanınır. O, 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, 1997-ci ildə Respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və Ziyalı Universitetinin fəxri doktoru, Qafqaz Xalqları Akademiyasının vitse-prezidenti, 1998-ci ildə Nyu York Akademiyasının üzvü, 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru seçilmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Vaqif Şadlinskiyə Əməkdar həkim fəxri adı verilmişdir. 2001-ci ildə Beynəlxalq Morfoloqlar Assosiasiyası Koordinasiya Şurasının üzvü, 2002-ci ildə Avropa Patoloqlar Cəmiyyəti idarə heyətinin üzvü, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının akademiki, 2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü, 2009-cu ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü seçilmiş, habelə həmin akademiyanın qızıl medalına, 2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Tanınmış alim 2014-cü ildə Rusiya Elmlər Akademiyasının akademiki seçilmişdür.

Vaqif Şadlinski 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmiş, 2022-ci ildə isə dövlət başçısının fərdi təqaüdünə layiq görülmüşdür. O, hazırda "Anatom, Histoloq və Embrioloqlar elmi cəmiyyəti" İctimai Birliyinin və Nəsimi rayon Ağsaqqallar Şurasının sədridir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından zorla qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdəki maddi-mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə ötən il respublika Prezidentinin fəxri diplomuna layiq görülmüşdür. 

Vaqif müəllim xalqına, dövlətinə sədaqətlə xidmət edən insandır. Onun kafedraya rəhbərlik etdiyi dövrlərdə Koreyadan, Türkiyədən, Pakistandan, bir çox MDB ölkələrindən elm xadimləri, o, cümlədən Türkiyənin sabiq səhiyyə naziri Osman Durmuş, Türkiyə Yüksək Öyrətim naziri, respublikamızın keçmiş təhsil nazirləri L.Rəsulova, M.Mərdanov, C.Bayramov, səhiyyə naziri O.Şirəliyev və başqaları İnsan anatomiyası və tibbi terminalogiya kafedrasında olmuş, rəy kitabında Vaqif Şadlinskinin elm və tədrisin inkişafı ilə bağlı gördüyü işləri yüksək qiymətləndirmişlər.

Vaqif müəllim 700-ə yaxın elmi işin, o cümlədən 18 monoqrafiyanın, 46 dərslik və dərs vəsaitinin, 24 tədris metodik vəsaitin, 22 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, türk dünyasında ilk dəfə çap edilən Anatomiya atlasının. çoxsaylı elmi-kütləvi məqalənin müəllifidir. Onun "Normada strumogen təsirlər zamanı qalxanabənzər vəzin struktur təşkili və morfofunksional xüsusiyyətləri", həmçinin "Həzm və tənəffüs sisteminin kiçik vəzləri" adlı monoqrafiyaları Moskvada çap olunub və morfoloqlar  tərəfindən yüksək qiymətləndirilib. 2009-cu ildə alimin 7428 termindən ibarət (Azərbaycan-türk-ingilis-rus-latın dillərində) monumental "Anatomik terminologiya" kitabı çap edilərək tələbə və müəllimlərin istifadəsinə verilib.

V.Şadlinskinin elmi rəhbərliyi altında 8 elmlər doktoru, 18 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub. Hazırda 3 doktorluq dissertasiyası yekunlaşmaq üzrədir. Vaqif Şadlinskinin vaxtilə tələbəsi olmuş müəllimlərin də, çalışdığı İnsan anatomiyası və tibbi terminologiya kafedrasında hazırda 8 nəfər elmlər doktoru, professor, 9 nəfər tibb üzrə fəlsəfə doktoru, dosent, 9 nəfər tibb üzrə fəlsəfə doktoru,  baş müəllim, 5 nəfər tibb üzrə fəlsəfə doktoru, assistent, 3 nəfər assistent, 1 nəfər baş laborant bilik və bacarıqlarını tibb kadrlarının hazırlanmasına sərf edirlər.

Gənclərin inkişafına həmişə dəstək olan Vaqif müəllim növbəti seçki müddətinə iki ildən çox vaxt qalmasına baxmayaraq, 2021-ci ildə öz təkidli xahişi ilə kafedranın məsləhətçi-professoru vəzifəsinə keçirilmiş və onun tövsiyəsi ilə gənc anatom-alim, dosent A. Abdullayev İnsan anatomiyası və tibbi terminologiya kafedrasına müdir seçilmişdir.

Vaqif Şadlinski müəllim ailəsində böyümüşdür. Atası Bilas müəllim dövrünün tanınmış ziyalısı, "Lenin" ordenli Əməkdar müəllim idi. Uzun illər Qərbi Azərbaycanın Vedi rayon məktəblərində müəllim, tədris hissə müdiri və məktəb direktoru işləmişdi. O vaxtlar ermənilərin Qərbi Azərbaycan və Naxçıvanda törətdiyi vəhşiliklərin canlı şahidi, onlara qarşı aparılan  mübarizənin fəal iştirakçısı olub. Məhz buna görə də o, 1948-ci il deportasiyasından sonra  yaşadığı və müəllim işlədiyi Şəmkir rayonunun Çinarlı qəsəbəsində öz mənzilinin bir otağında erməni daşnakların əsassız xülyaları, Azərbaycan torpaqlarına hansı məqsədlə köçürülmələri, ən nəhayət, onların havadarları haqqında təkzibolunmaz faktlara söykənən kitab, jurnal, qəzet, akt, sərəncam, məktub və əlyazmalarla zəngin olan muzey yaratmışdı. Məktəbli gənclər, hətta yaşlı adamlar tez-tez bu muzeyə gələrdilər.  Bilas müəllim onları maraqlandıran  suallara izahlı cavab verməklə yeniyetmələrin vətənpərvər və milli ruhda böyümələrinə təsir edərdi.

Belə bir mühitdə böyüyən Vaqif Şadlinski gendən gələn yanğı ilə erməni daşnakların qədim Azərbaycan torpaqlarını işğal etmələri, ölkəmizin ərazisində ikinci bir erməni dövləti yaratmaq xülyaları, habelə xalqımızın tarixi-mədəni irsinin yer üzündən silmək niyyətləri ilə barışmaz mövqedə olmuşdur. İstər universitet daxili yığıncaqlarda, istərsə də beynəlxalq tədbirlərdə çıxışlarında, habelə, dövrü mətbuatda çap olunan məqalə, monoqrafiya və yazdığı kitablarda ermənilərin dediklərinin, yazdıqlarının yalan və uydurma olduğunu tarixi hadisələr və arxiv sənədləri ilə açıqlayırdı.

Fəal vətəndaşlıq mövqeyi ilə seçilən Vaqif müəllim Yeni il və Novruz bayramı ərəfəsində bir qrup ziyalı ilə əsgər səngərlərinə gedib hərbçilərlə görüşmüşdür. Vaxtilə Saatlıda, Beyləqanda, Bərdədə və Goranboyda çadır şəhərciklərində çox ağır şəraitdə məskunlaşan qaçqınlara baş çəkmiş, onlara maddi və mənəvi kömək etmişdir. 

V.Şadlinski xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının  pərəstişkarı olmuşdur. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi inkişafına, təhsilin, səhiyyənin inkişafına dair fərman və sərəncamlarının reallaşması üçün əlindən gələni əsirgəmirdi. 1998-ci ildə keçirilən  prezident seçkiləri  ərəfəsində təşəbbüs qrupunun tərkibində prezidentin vəkili kimi Azərbaycanın bir sıra rayonlarında, habelə Türkiyədə Ulu Öndərin xalqı, vətəni üçün gördüyü işlər barədə ictimaiyyət qarşısında çıxışlar edib. 85 yaşlı yubilyar bu gün böyük coşqu ilə  Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən və dünya siyasətçiləri arasında xüsusi yeri olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə, vətənimizin bütövlüyü və inkişafı  naminə ona dəstək olmağa çalışır.

Ömrünun 55 ildən çoxunu milli tibb kadrlarının hazırlanmasına həsr edən görkəmli alim Rusiyanın elmi təşkilatları ilə səmərəli əməkdaşlığına, morfologiya sahəsində tibb elminin inkişafına verdiyi töhfələrə və yubiley yaşına görə bu günlərdə Rusiya Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir. ATU-nun professor-müəllim heyəti bu xoş xəbər və yubiley yaşı münasibətilə Əməkdar elm xadimi Vaqif Şadlinskini təbrik edir, elmi yaradıcılığında daha böyük nailiyyətlər arzulayır.


Şöhrət QASIMOV, 

ATU-nun İnsan anatomiyası və tibbi  terminologiya kafedrasının dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Abşeronda Nəbi Xəzrinin 100 illiyi qeyd edilib  

13:30
23 Yanvar

Paris prokurorluğu Fransa daxili işlər nazirinin vaxtından əvvəl məlumat sızdırmasını pisləyib  

13:25
23 Yanvar

Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası olub  

13:15
23 Yanvar

“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub  

13:02
23 Yanvar

Türkiyədən Suriyaya təyyarə səfərləri başlayıb  

12:45
23 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:42
23 Yanvar

Bugünkü valyuta hərracında tələb 52,5 milyon dollar təşkil edib  

12:34
23 Yanvar

Belarusda prezident seçkiləri ilə bağlı erkən səsvermə keçirilir  

12:28
23 Yanvar

AMEA-nın Naxçıvan Bölməsi ötən il 4 mühüm elmi nəticə əldə edib  

12:23
23 Yanvar

Tacikistanın səfiri: Səylərimiz dünya arenasında MDB-nin müsbət imicinin daha da möhkəmlənməsinə yönələcək  

12:19
23 Yanvar

“Bloomberg Philanthropies” Paris Sazişindən çıxdıqdan sonra ABŞ-ın iqlim üzrə üzvlük haqlarını ödəyəcək  

12:09
23 Yanvar

Polisin əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb

12:04
23 Yanvar

Avropa İttifaqı keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib  

12:00
23 Yanvar

AMEA Humanitar Elmlər Bölməsinin ötənilki fəaliyyəti müzakirə edilib  

11:56
23 Yanvar

Qazaxıstan ilk AES-in tikintisinə iddiaçıları müəyyənləşdirib  

11:52
23 Yanvar

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib  

11:47
23 Yanvar

Los-Ancelesin yaxınlığında yeni meşə yanğınları başlayıb

11:41
23 Yanvar

Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb  

11:36
23 Yanvar

AMEA Rəyasət Heyətinin iclası keçirilib  

11:31
23 Yanvar

Abadlaşan, yenidən qurulan Xankəndi

11:23
23 Yanvar

Bakıda naxçıvanlı Əməkdar rəssam Ülviyyə Həmzəyevanın fərdi sərgisi açılıb  

11:20
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!