Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhid olan oğullarımızla xalqımız fəxr edir. Çünki onlar döyüşlər zamanı ölümün gözünə dik baxa-baxa yurdumuzu müdafiə edib, şəhidlik zirvəsinə ucalıblar. Mərd oğullarımız qanları ilə tarix yazıblar. Qəhrəmanlığı ilə fəxr edib qürur duyduğumuz oğullardan biri də İlqar Akif oğlu Quliyevdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərmiş İlqar Quliyev sadə, amma şərəfli bir ömür yaşayıb. Elə bir ömür ki, onun keçdiyi yol gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir, igidlik düsturudur.
Qürur duyduğumuz və öyündüyümüz İlqar Quliyev 1973-cü il fevralın 3-də Goranboy rayonunun Faxralı kəndində anadan olub. Onun dünyaya gəlişi valideynlərinə böyük sevinc bəxş edib. 1980-ci ildə orta məktəbə oxumağa gedən İlqar ilk günlərdən bilik qazandıqca ürəyində kitablara böyük sevgi oyanıb. Buna görə də dərslərini böyük həvəslə oxuyub, yüksək qiymətlər alıb.
İllər keçdikcə İlqar Quliyev humanitar sahə ilə yanaşı, dəqiq fənlərə də böyük maraq göstərir. 1990-cı ildə Faxralı kənd tam orta məktəbini yüksək qiymətlərlə başa vuraraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olur. 1996-cı ilə qədər bu ali təhsil ocağında oxuyub və mühasibat uçotu ixtisasına yiyələnir.
İlqar Quliyev təhsil aldığı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında hərbi kafedrada dərslər keçib. Sevdiyi və seçdiyi başqa biliklərlə yanaşı, hərbi sirləri də mənimsəyib. Keçirilən təlimlərdə yaxşı nəticələr göstərib, bacarığı ilə seçilənlərdən olub. Ali təhsilini uğurla başa vurduqdan bir müddət sonra zabit kimi ordu sıralarına çağırılıb. İl yarım Azərbaycan Ordusunun sıralarında xidmət edib. Üzərinə düşən hərbi tapşırıqların öhdəsindən bacarıqla gəlib. Tabeliyində olan əsgərlərin və zabit yoldaşlarının, həmçinin komandirlərinin hörmət və rəğbətini qazanıb.
İl yarımlıq hərbi xidməti başa çatdıqdan sonra İlqar Quliyev ordu sıralarından tərxis olunmayıb. O heç fikirləşmədən könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirib. Gələcək həyatını ürəkdən sevdiyi orduya bağlayıb, Vətənə xidmət etməyi bütün işlərdən üstün tutub. Bu barədə yüksək komandanlığa müraciət edib. Nümunəvi xidmətini, nizam-intizamını, bilik və bacarığını nəzərə alaraq onun müraciətinə müsbət cavab verilib.
Sanki zaman tez ötüb. İllər hiss olunmadan bir-birini əvəz edib. Gənc zabit İlqar Quliyev ordumuzun sıralarında mayor rütbəsinədək yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda zabit İlqar Quliyev ilk döyüşlərə atılanların sıralarında olub. Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərə cəlb olunub.
Ciddi müqavimət göstərən düşmən geri çəkilmək istəmir. Bütün imkan və vasitələrini işə salaraq işğalın ömrünü daha da uzatmağa çalışır. Amma şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarətlə vuruşur, qəsbkarları torpaqlarımızdan qovub çıxarmaq naminə daim irəli can atırlar.
Qəhrəmanlıqları ilə müharibənin ilk günlərindən üstünlüyü ələ alan şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri qəsbkarlara sarsıdıcı zərbələr vururlar. Düşmən uzun illərdən bəri Füzuli istiqamətində keçilməz hesab etdikləri sədlər çəkdiklərinə, mövqelər düzəltdiklərinə, səngərlər qazdıqlarına görə ümid edir ki, xeyli müddət burada dayana biləcək. Amma ordumuzun bölmələrinin bu istiqamətdə çox dayanıb vaxt itirmək fikri yox idi. Ona görə də daim erməni qəsbkarlarının üzərinə güclü həmlələr edir, mərmilər, güllələr yağdırır, düşmənə göz açmağa imkan vermir. Ön sıralarda vuruşan zabit İlqar Quliyev özünə əlverişli mövqe tutaraq qəsbkarlara sarsıdıcı zərbələr endirir. Bu zərbələr qarşısında tab gətirməyən düşmən zəifləyərək addım-addım geri çəkilir. İşğalçılar geri çəkildikcə hərbçilərimiz irəliləyir, torpaqlarımız addım-addım işğaldan azad olunurdu.
Arada nəfəslərini dərməyə vaxtı olanda zabit İlqar Quliyev doğmalarına zəng vurub Füzuli istiqamətində düşmən üzərində qazandıqları uğurlardan söz açırdı. Bu gün-sabah Füzuli rayonunu azad edəcəklərini deyirdi. Amma təəssüflər olsun ki, İlqarın döyüş yolu çox qısa oldu. O, Füzulinin erməni işğalçılarından azad olunduğu günü görə bilmədi. Müharibənin üçüncü günü, sentyabrın 30-da bu istiqamətdə gedən döyüşlər zamanı zabit kimi komandanlığın verdiyi döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. İlqarın şəhid xəbəri həm doğmalarının, həm də döyüş yoldaşlarının qəlbini yandırdı, ürəyini göynətdi.
Şəhid zabit İlqar Quliyev doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qoynunda dünyaya göz açdığı Goranboy rayonunun Faxralı kəndində dəfn olundu.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən və xidməti vəzifəsini yerinə yetirdiyi hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları icra edərkən göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə İlqar Akif oğlu Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Cəsur zabit İlqar Quliyevin iki övladı yadigar qalıb. Onlar atalarının igidliyi və qəhrəmanlığı ilə həmişə fəxr edib qürur duyacaqlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"