01 Oktyabr 2026 08:05
347
PARLAMENT
A- A+
Parlamentin payız sessiyası öz işinə başladı

Parlamentin payız sessiyası öz işinə başladı


Sentyabrın 30-da Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətlərində uğurlar arzulayıb.

Spiker bildirib ki, tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib. Bu dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.

Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olub.

Spiker ötən dövrdə özünün bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə keçirdiyi ikitərəfli görüşlərdən də danışıb. Diqqətə çatdırıb ki, Slovakiya Prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın Baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olub. Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb. Bu, şəbəkənin yarandığı 5 il ərzində imzalanmış 10-cu əməkdaşlıq sənədidir.

Milli Məclisin Sədri bildirib ki, bu dövrdə 2 ölkənin - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Almaniyanın yeni təyin olunmuş səfirləri ilə də parlamentdə görüşlər keçirib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Spiker Sahibə Qafarova birinci məsələnin 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu söyləyib.  Milli Məclisin Sədri bildirib ki, 27 sentyabr günü xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Altı il bundan əvvəl həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açıb. 

44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərimizin əksər hissəsinin Ermənistan Respublikasının 30 illik işğalından azad edilməsinə gətirib çıxarmış, dövlətimizin ərazi bütövlüyünün bərpasına şərait yaratmışdır. 

2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırıb. Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilib.

Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirir. 

Spiker vurğulayıb ki, Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır. 

Milli Məclisin Sədri deyib ki, Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman da unudulmayacaq. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına uyğun olaraq, artıq 6 ildir ki, ölkəmizdə Anım Gününun qeyd edildiyini bildirən spiker diqqətə çatdırıb ki, sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Zəfər parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdilər. Həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri də Zəfər parkında oldular. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirildi. 

Çıxışına yekun vuran Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Anım Gününün ümummilli əhəmiyyəti vardır. Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa kömək göstərir. 

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının mətnini parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov oxuyub.

(Bəyanatın mətni qəzetin bugünkü nömrəsində dərc edilib).

27 Sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı müzakirəyə təqdim olunub. Parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Sahib Alıyev, Razi Nurullayev, Əli Məsimli, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Æalə Əliyeva, Elman Nəsirov, Ceyhun Məmmədov və Hikmət Məmmədov payız sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar, təkliflərini səsləndiriblər.

Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiq edilib.

Spiker Sahibə Qafarova növbəti məsələnin "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə) olduğunu deyib. O nəzərə çatdırıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu sənədə 6 ay öncə - fevralın 27-də birinci səsvermədə münasibət bildirildiyini, indi isə onun ikinci səsverməyə çıxarıldığını söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, sənəddə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) maddi təminatı ilə bağlı müddəaların mövcud qanunvericiliyə uyğunlaşdırılması nəzərdə tutulur.

Konstitusiya Qanunu II səsvermədə qəbul edilib.

Milli Məclisin Sədri deyib ki, gündəliyin dördüncü məsələsi Azərbaycan Respublikası Prezidentinin etirazı ilə qaytarılmış "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanununun müzakirəsidir. Spiker məsələ ilə bağlı iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun da iştirak etdiyini bildirib və sözü qonağa verib. 

Şahmar Mövsümov diqqətə çatdırıb ki, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuş, rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb. Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə yenidən müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanunun yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb. Təqdim olunan sənəd məhz bu çağırışa cavab verməyə yönəlib və onun konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. Sənəd rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir. O, millət vəkillərini qanunun təkmilləşdirilmiş redaksiyasını dəstəkləməyə çağırıb.

Məsələ barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanuna innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə bir sıra mühüm dəyişikliklər təklif edilib. 

Komitə sədri diqqətə çatdırıb ki, yenilənmiş qanun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib, onun dövlət başçısının təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib. 

Qanunun yeni redaksiyasındakı müddəaların bəzi məqamlarını vurğulayan komitə sədri bildirib ki, qanunun əsas konsepsiyası dəyişmir və Prezidentin təklifləri həmin konsepsiyanın həyata keçirilməsi mexanizmlərini təkmilləşdirir. Başlıca məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi, özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.

O diqqətə çatdırıb ki, ilkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən yeni dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla - ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və şərtləndirir. Mühüm dəyişikliklərdən biri də güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir. Habelə dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədi ilə 20 faizlik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu məcburi tələb kimi təsbit olunur. Vurğulanıb ki, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələr daxil edilib.

Azərbaycan Respublikası Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.

Sənəd səsə qoyularaq qəbul olunub.

İclasda  "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə,  "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında və "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihələri səsə qoyularaq qəbul edilib.

Fasilədən sonra Milli Məclisin plenar iclası davam edib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "GranTierraEnergy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsindən söz açıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2026-cı il 26 yanvar tarixli sərəncamına əsasən, Quba-Xəzəryanı ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Saziş 2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanıb. Sazişin təsdiq edilməsi Azərbaycanın qurudakı neft-qaz potensialının daha geniş öyrənilməsinə, qabaqcıl geoloji-kəşfiyyat texnologiyalarının tətbiqinə, xarici investisiyaların cəlb edilməsinə və ölkənin enerji sektorunda beynəlxalq əməkdaşlığın inkişafına xidmət edəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə sənəd barədə təmsil etdiyi komitənin müsbət rəy verdiyini bildirib. Parlamentin komitə sədri Hicran Hüseynova və deputat Asif Əsgərov fikirlərini açıqladıqdan sonra qanun layihəsi qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, dəyişikliklərin mahiyyəti dövlətə məxsus ayrı-ayrı hüquqi şəxslərin həyata keçirdikləri satınalmalarda maliyyə mənbəyindən asılı olaraq fərqli hüquqi rejimin müəyyən edilməsi və tətbiqindən ibarətdir. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin, habelə sadalanan subyektlərin təsisçisi və ya iştirakçısı olduqları hüquqi şəxslər dövlət büdcəsi vəsaitləri, subsidiyalar, dövlət zəmanətli kreditlər və fondların vəsaitləri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına həyata keçirdikləri malların, işlərin və xidmətlərin satın alınması xüsusi tənzimləmə dairəsinə daxil edilir. 

Layihədə habelə adıçəkilən subyektlər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsinin hüquqi əsası müəyyənləşdirilir. Həmin mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsinin informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi təmin olunur.

Təklif olunan dəyişikliklər dövlət mülkiyyətində olan müəssisələrin və hüquqi şəxslərin təsərrüfat fəaliyyətində çevikliyin artırılmasına, büdcədənkənar və daxili maliyyə mənbələri hesabına satınalmaların tənzimlənməsində hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verib. Bildirilib ki, qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi (birinci oxunuş) barədə məlumatı diqqətə çatdırıb. O, qanun layihəsinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edildiyini bildirib. Komitə sədri dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqi məqsədilə dövlət qulluğu münasibətlərinin vahid məcəllə çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb. Bildirilib  ki, dövlət qulluğunun inkişafına dair Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən Dövlət Qulluğu Məcəlləsinin hazırlanması nəzərdə tutulub. Qeyd olunub ki, hazırda qüvvədə olan bir sıra normativ hüquqi aktlarla tənzimlənən dövlət qulluğu münasibətlərinin daha sistemli və kompleks şəkildə nizamlanaraq, qanunvericiliyin tətbiqində vahid yanaşmanın təmin edilməsi zərurəti yaranıb. Bununla yanaşı, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, konstitusiya-hüquq nizamının milli ərazi yurisdiksiyası çərçivəsində təmin edilməsi, həmçinin dövlət qulluğu sahəsində həyata keçirilən institusional dəyişikliklər Məcəllənin qəbulunu aktuallaşdırır.

Komitə sədri diqqətə çatdırıb ki, Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Layihədə həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.

Qeyd edilib ki, Məcəllənin qüvvəyə minməsi ilə "Dövlət qulluğu haqqında" qanunla yanaşı, "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" və bir sıra digər qanunların qüvvədən düşməsi nəzərdə tutulur.

Habelə bildirilib ki, digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün keçid mexanizmi müəyyən edilir. Həmin aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq. Eyni zamanda hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"nın hüquqi qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər. Məcəlləyə əlavələrdə dövlət qulluğu ilə bağlı tətbiq ediləcək sənədlərin nümunəvi formaları müəyyən edilir. 

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Azay Quliyev, Razi Nurullayev, Məlahət İbrahimqızı çıxış edərək, fikir və qeydlərini səsləndiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda daha sonra "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə",  "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı məlumatında Azərbaycanda 2006-cı ildən başlayaraq  vətəndaşların  pensiya təminatının  fərdi uçot və  sığorta prinsipləri əsasında həyata keçirildiyini söyləyib. Bu baxımdan sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində davamlı islahatların aparıldığını deyib.

Bildirilib ki, islahatların növbəti addımı olaraq dövlət qulluqçularının, deputatların, Mərkəzi Seçki Komissiyası üzvlərinin, Ombudsmanın, Hesablama Palatası üzvlərinin, diplomatik xidmət əməkdaşlarının, hərbi qulluqçuların pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur. Eyni zamanda sosial müdafiə sistemində sığorta prinsipinin daha da gücləndirilməsi, pensiyaların və sığorta kapitalının indeksasiya mexanizminin təkmilləşdirilməsi, dayanıqlı sosial təminatın yaradılması üçün "sosial sığorta ehtiyatı"nın artırılması məqsədilə yeni təkliflər irəli sürülür. Hazırda müzakirəyə çıxarılan qanun layihəsi məhz bu məqsədlə hazırlanıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu məsələ barədə fikirlərini açıqlayaraq, təmsil etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin on beşinci məsələsi olan Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. Bildirilib ki, təqdim olunan qanun layihəsində Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə təklif olunan dəyişikliklər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının gəlirlərinin gəlir vergisindən azad olunmasının istisna edilməsini nəzərdə tutur.

Layihədə göstərilən bir sıra qanunvericilik aktlarında müvafiq orqanların əməkdaşlarının əməyinin ödənilməsi və eləcə də həmin orqanların əməkdaşlarının və onların ailə üzvlərinin yeni qulluq və ya xidmət yerinə köçməsi ilə bağlı xərclərin ödənilməsi qaydaları təkmilləşdirilir.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliy-yəti haqqında" qanunun 20-ci maddəsinə təklif edilən dəyişikliklər həmin orqanlarda xidmət edən hərbi qulluqçuların pul təminatı, pensiyalarının hesablanması və əlavələrin müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur. Həmçinin layihədə bu təminatlardan istifadə hüququ olan şəxslərin kateqoriyası dəqiqləşdirilir.

Vurğulanıb ki, layihədə nəzərdə tutulan dəyişikliklər, xüsusi xidmət orqanlarında xidmət keçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdikləri komitələrin müsbət rəylərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

İclasda son olaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)  müzakirə edilərək təsdiq olunub.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

09:45
01 Oktyabr

ABŞ İraqdakı 20 illik hərbi mövcudluğunu sona çatdırır

09:40
01 Oktyabr

Daha 44 ailə doğma yurduna qovuşdu

09:35
01 Oktyabr

Göygöl kəndlisi işini yeni dövlət proqramına uyğun qurur  

09:30
01 Oktyabr

Neftçalada şahmat üzrə rayon turniri keçirilib

09:25
01 Oktyabr

Masallıda bərpa olunmuş körpüyə baxış 

09:20
01 Oktyabr

Şirvanda sahibkarlara dövlət dəstək mexanizmləri və investisiya imkanları müzakirə olunub

09:15
01 Oktyabr

Heç bir bölgə diqqətdən kənarda qalmır

09:10
01 Oktyabr

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!