Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yeni nəqliyyat dəhlizlərinin, dəmir yollarının, avtomobil magistrallarının, enerji infrastrukturunun və rəqəmsal şəbəkələrin yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya etdiyini vurğulayıb. Deyib ki, bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir.
Energetika naziri Pərviz Şahbazov çıxışında bildirib ki, gələcəyin şəhərləri artıq ölçüləri ilə deyil, enerji səmərəliliyi, texnoloji inkişafı və regional bağlantıları ilə dəyərləndiriləcək. Onun sözlərinə görə, müasir geosiyasi və geoiqtisadi reallıqlarda bağlantılar strateji əhəmiyyət daşıyır və enerji xətləri, nəqliyyat dəhlizləri, fiber-optik kabellər və elektrik interkonnektorları qlobal sistemin yeni “arteriyaları”na çevrilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib. O deyib ki, Azərbaycan son 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub.
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev diqqətə çatdırıb ki, Azərbaycan son beş ildən artıq müddətdə regionun yaxın tarixində ən geniş və əhatəli yenidənqurma proqramlarından birini həyata keçirir. O xatırladıb ki, işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi işğal altında qalıb, yüzlərlə şəhər, qəsəbə və kənd dağıdılıb, mühüm infrastruktur məhv edilib, mədəni irsə ciddi ziyan vurulub. Komitə sədri qeyd edib ki, ərazilərin azad olunmasından sonra Azərbaycan yeni mərhələyə qədəm qoyaraq yenidənqurma, inteqrasiya və dayanıqlı regional inkişaf istiqamətlərində fəaliyyətə başlayıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vurğulayıb ki, Azərbaycan Avrasiya məkanında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Nazirin sözlərinə görə, ötən il Azərbaycan ərazisindən 17 milyon ton yük daşınıb. O, nəqliyyat dəhlizləri ətrafında yeni logistika mərkəzlərinin, azad iqtisadi zonaların, şəhər mərkəzlərinin formalaşdığını deyib və əsas məsələnin bu dəhlizlər boyunca şəhərlərin necə qurulacağı olduğunu vurğulayıb.