16 May 2026 08:00
59
SİYASƏT
A- A+
Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti

Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti


Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində istifadəyə verilmiş ilk yaşayış kompleksində yeni həyatlarına başlayan sakinlər qarşısında etdiyi çıxış postmüharibə dövründə Azərbaycanın siyasi, hərbi, diplomatik və iqtisadi strategiyasının ümumi fəlsəfəsini ortaya qoyan konseptual çağırışlar toplusudur. Bu çıxışında dövlətimizin başçısı həm regional güc balansı, həm Azərbaycanın beynəlxalq mövqeyi, həm Ermənistanla münasibətlərin gələcəyi, həm də işğaldan azad edilmiş ərazilərin yeni inkişaf modelini paralel şəkildə təqdim etmişdir. Bu mənada  Prezidentin Zəngilanda etdiyi çıxış Azərbaycanın postmüharibə siyasətinin manifesti kimi də nəzərdən keçirilə bilər. 


Azərbaycan - sülhün müəllifi


Bu gün Azərbaycan təkcə qalib dövlət deyil, həm də bölgədə yeni reallıqları müəyyən edən əsas siyasi güc mərkəzidir. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra Ermənistanla əldə olunmuş sülhün müəllifi məhz Azərbaycandır. 

Dövlətimizin başçısının bu xüsusda səsləndirdiyi fikir də ölkəmizin yaratdığı yeni tarixi reallıqların əsas siyasi doktrinasını əks etdirir. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, Azərbaycan istəsəydi, hərbi əməliyyatları davam etdirə bilərdi. Ölkəmizin sülh gündəliyi isə zəiflikdən, hansısa xarici qüvvələrin təzyiqindən irəli gələn kompromis yox, hərbi və siyasi üstünlük nəticəsində yaranmış yeni status-kvoya əsaslanır. Yeni reallıqlar dövründə regionda yeni güc balansını məhz Azərbaycan formalaşdırıb. Ermənistan və onu dəstəkləyən qüvvələr hazırkı sülh vəziyyətinin ölkəmizin siyasi iradəsinin nəticəsi olması reallığını qəbul etməyə məcburdurlar. 

Qeyd etdiyimiz bu məqamlarda dövlətimizin postmünaqişə dövründə formalaşdırdığı yeni geosiyasi status və siyasi legitimlik modeli də öz ifadəsini tapır. Həqiqət bundan ibarətdir ki, Azərbaycan artıq yalnız müharibədə qələbə qazanmış dövlətə deyil, həm də bölgənin gələcək siyasi arxitekturasını müəyyən edən əsas aktora çevrilib. 

Bölgənin gələcəyi naminə burada ilk növbədə "qalib dövlət" anlayışı ilə "yeni reallıqları müəyyən edən siyasi güc mərkəzi" anlayışı arasındakı ciddi fərqi izah etməyə çalışaq: tarixdə hərbi qələbə qazanan, lakin siyasi nəticələri idarə edə bilməyib üstünlükləri itirən çox sayda dövlət nümunələri var. Azərbaycan isə təkcə döyüş meydanında üstünlük əldə etməyib, həm də həmin qələbəni siyasi, diplomatik və strateji üstünlüyə çevirə bilib. Bu, dövlətin gücünün hərbi potensialla yanaşı, siyasi iradə və diplomatik çevikliklə ölçüldüyünü göstərir.

Uzun illər ərzində regionda formalaşmış status-kvo işğal faktoruna əsaslanırdı və beynəlxalq vasitəçilik mexanizmləri faktiki olaraq problemi donmuş vəziyyətdə saxlayırdı. Azərbaycan 2020-ci ildən sonra həmin köhnə düzəni dəyişərək regionda tamamilə yeni geosiyasi mərhələ formalaşdırdı. Artıq bölgənin əsas gündəliyini münaqişə yox, kommunikasiyalar, təhlükəsizlik, iqtisadi inteqrasiya və sülh danışıqları təşkil edir. Bu dəyişikliklərin təşəbbüskarı və aparıcı qüvvəsi isə yenə də Azərbaycandır, onun başçısı İlham Əliyevdir.

Azərbaycan sülhə məcbur edilən tərəf deyil, əksinə, hərbi və siyasi üstünlüyə malik olduğu halda sülhü seçən tərəfdir. Bu məqam beynəlxalq münasibətlər nəzəriyyəsində "güc üzərindən formalaşan sülh" modelinə uyğun gəlir. Yəni sülh zəiflikdən doğmur, əksinə, üstün mövqedə olan tərəfin strateji qərarı kimi meydana çıxır. Prezidentin "istəsəydik, hərbi əməliyyatları davam etdirə bilərdik" fikri də məhz bu siyasi fəlsəfəni ifadə edir. Burada Azərbaycanın seçim imkanına malik olduğu, lakin regionun gələcəyi naminə sabitlik və sülh yolunu üstün tutduğu göstərilir.

Bu yanaşma eyni zamanda Azərbaycanın beynəlxalq imicinə də xidmət edir. Çünki müasir dünyada yalnız hərbi güc nümayiş etdirmək kifayət etmir, qalib dövlətin məsuliyyətli siyasi davranış sərgiləməsi də çox vacibdir. Azərbaycanın özünü revanşist və ekspansionist dövlət kimi deyil, regional sabitliyin təminatçısı kimi təqdim etməyə çalışması ölkəmizin diplomatik mövqelərini gücləndirən mühüm amildir.

Məlumdur ki, Cənubi Qafqazda uzun illər balans xarici güclərin təsiri və Ermənistanın işğal siyasəti üzərində qurulmuşdu. İndi isə təşəbbüs tamamilə Azərbaycanın əlindədir. Regiondakı nəqliyyat layihələri, enerji təhlükəsizliyi, Orta dəhliz, kommunikasiya xətləri və təhlükəsizlik məsələlərinin böyük hissəsi Azərbaycanın mövqeyi nəzərə alınmadan həll edilə bilməz. Bu isə ölkəni, sadəcə, regional iştirakçı deyil, strateji mərkəz statusuna yüksəldir.

Ermənistan və onu dəstəkləyən qüvvələrin bu reallığı qəbul etmək məcburiyyəti yeni mərhələnin psixoloji və siyasi nəticələrini göstərir. Burada söhbət yalnız hərbi məğlubiyyətin qəbulundan getmir, əsas məsələ odur ki, artıq regionda siyasi gündəliyi müəyyən edən tərəf dəyişib. Yəni əvvəlki dövrdə beynəlxalq vasitəçilərin və xarici aktorların dominant olduğu proseslər indi daha çox Azərbaycanın təşəbbüsləri ətrafında formalaşır. Bu da dövlətimizin regional liderlik əzminin əsas siyasi məzmununu təşkil edir. 


Tam, mütləq və birmənalı qələbə modeli


Cənab İlham Əliyev çıxışında haqlı olaraq belə bir arqument də irəli sürdü ki, əgər həmin dövlətlər və liderlər həqiqətən Ermənistanı qorumaq gücündə idilərsə, bunu niyə 2020-ci ildə etmədilər? Bu tezis bir neçə strateji məna daşıyır. İlk növbədə Azərbaycan öz hərbi qələbəsini heç bir kənar qüvvəyə güvənmədən və heç bir xarici qüvvə qarşısında da geri çəkilmədən müstəqil şəkildə qazanıb. Azərbaycanın qələbəsi hansısa xarici gücün dəstəyi ilə deyil, öz siyasi iradəsi, ordusu və milli birliyi hesabına əldə olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı möhtəşən Zəfərdən sonra bəzi Qərb dairələrinin sonrakı ritorikası isə "simvolik siyasi teatr" təsiri bağışlayırdı və  indi də bundan artıq deyil. 

Azərbaycan Prezidenti Ermənistanla sərhəddə guya monitorinq aparmağa gəlmiş Avropa müşahidə missiyasına da bu kontekstdə yanaşır və bu yanaşmanı haqlı olaraq tənqid edir. Dövlətimizin başçısının fikrincə, bu missiyanın real təhlükəsizlik funksiyası yoxdur və daha çox siyasi nümayiş xarakterlidir. Regional təhlükəsizlikdə əsas faktor hansısa "müşahidə missiyaları", bölgədə sülh yox, suyu bulandırıb bulanıq suda balıq tutmaq istəyən hansısa Qərb dairələri deyil, məhz Azərbaycandır. Cənubi Qafqazda real hərbi-siyasi balansı Qərb yox, Azərbaycan və bölgə dövlətləri müəyyən edir. 2020-ci ildə və ondan sonra baş verən proseslər də regionda real güc balansının kimlərin əlində olduğunu açıq göstərdi. Bu mənada bəzi dövlətlərin və siyasi mərkəzlərin həm Vətən müharibəsinə qədər, həm müharibə dövründə, həm də sonradan nümayiş etdirdikləri ritorika, davranış arasında ciddi fərqlər mövcuddur. Onların öz mövqelərində sabitqədəm olmamaları, Azərbaycana qarşı uzun illər tətbiq etdikləri ikili standartlar kimi yeni reallıqlara münasibətdə də davranışlarını, ritorikalarını tez-tez dəyişmələri beynəlxalq sistemdə dəfələrlə müşahidə olunan "selektiv siyasi davranış" fenomenini ifşa edir. Müharibədən sonra bəzi Qərb dairələrinin Ermənistanı müdafiə edən ritorikası fonunda bu bariz həqiqət bir daha onu göstərir ki, həmin qüvvələr münaqişənin taleyini müəyyən edən əsas faktor deyildilər və ya heç zaman belə bir faktora çevrilmək imkanına malik olmamışlar. Çünki reallığı dəyişən amil məhz Azərbaycanın öz gücü idi.

Burada ən mühüm məqamlardan biri də Azərbaycanın "müstəqil qələbə modeli" anlayışıdır. Azərbaycan heç bir xarici hərbi kontingentə, beynəlxalq koalisiyaya və ya böyük gücün birbaşa müdaxiləsinə arxalanmadan möhtəşəm Zəfər əldə edib. Bu, postsovet məkanında nadir geosiyasi hadisələrdən biri hesab oluna bilər. Çünki bir çox regional münaqişədə əsas nəticəni böyük dövlətlərin mövqeyi müəyyən etdiyi halda Azərbaycan məsələsində əsas həlledici faktor milli dövlət gücü oldu. Bu isə həm dövlətçilik ideologiyası, həm milli özünəinam baxımından ciddi siyasi kapital formalaşdırır.


Regional məsuliyyət


Azərbaycanın tarixi qələbəsini Müzəffər Ali Baş Komandanın qətiyyəti və qurduğu strategiya, ordumuzun gücü, dövlət-xalq birliyi təmin etdi. Bu reallıq siyasi legitimliyi gücləndirən vacib elementdir. Çünki müharibə dövründə cəmiyyətin siyasi rəhbərlik ətrafında konsolidasiyası dövlətin strateji dayanıqlılığını artıran əsas faktorlardandır. Bəzi Qərb dairələrinin müharibədən sonra göstərdikləri simvolik siyasi teatr, onların verdikləri bəyanatlar, göstərdikləri nümayişkaranə siyasi jestlər isə artıq dəyişmiş reallıqları geri qaytarmaq gücündə deyil. Münaqişənin taleyi artıq çoxdan həll olunandan sonra bölgəyə dair sərt bəyanatlar vermək və ya siyasi missiyalar göndərmək real təsir gücündən daha çox saxta görüntü effekti yaradır. 

Hər kəsə bəllidir ki, Avropa müşahidə missiyasının praktik təhlükəsizlik mexanizmi yaratmaq imkanları məhduddur və onun əsas funksiyası siyasi mesaj verməkdən ibarətdir. Burada Azərbaycanın yanaşması ondan ibarətdir ki, regional təhlükəsizlik xarici müşahidəçilərin fəaliyyəti ilə deyil, bölgə dövlətlərinin yaratdığı real hərbi-siyasi balansla təmin olunur. Bu fikir Azərbaycanın regional məsələlərdə "kənar müdaxilə yox, regional məsuliyyət" prinsipini müdafiə etdiyini göstərir.

Bütün bu siyasi şoular isə bəzi xarici güclərin hələ də Cənubi Qafqaz regionunda sabitliyin tam bərqərar olmasında deyil, idarəedilən gərginlik mühitinin saxlanılmasında maraqlı olduqlarını göstərir. Belə bir reallıq fonunda bu gün Azərbaycan bu siyasətə qarşı regional sabitlik və praqmatik əməkdaşlıq modeli təklif edən əsas gücdür. 

Cənab İlham Əliyevin öz çıxışında verdiyi mesaj tam aydındır: Cənubi Qafqazda yeni güc balansı artıq kənardan diktə edilmir. Əsas söz sahibi bölgə dövlətləri, xüsusilə də siyasi, iqtisadi və hərbi baxımdan ən güclü aktora çevrilmiş Azərbaycandır. Bu yanaşma Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət fəlsəfəsinin əsas xəttini - suveren qərarvermə, regional liderlik və milli maraqlar üzərində qurulmuş geosiyasi müstəqillik konsepsiyasını ifadə edir.


Dağıntıdan strateji mərkəzə


Azərbaycan Prezidenti İlham Əliyev çıxışının mühüm bir hissəsində Zəngilanın gələcək inkişaf modeli ilə bağlı düşüncələrini, dövlətimizin planlarını da bölüşdü. Zəngilan yaxın gələcəkdə, sadəcə, azad edilmiş rayon kimi deyil, yeni iqtisadi-geosiyasi konsepsiyanın əsas elementlərindən biri kimi göz önündə canlandı. 

Cənab İlham Əliyevin Zəngilanla bağlı səsləndirdiyi fikirlər, əslində, təkcə bir rayonun bərpası və inkişafı ilə bağlı plandan daha çox Azərbaycanın postmüharibə dövrü üçün formalaşdırdığı yeni geoiqtisadi strategiyanın konseptual təqdimatıdır. Yeni strateji dövrdə Azərbaycan azad edilmiş ərazilərə yalnız humanitar və sosial bərpa prizmasından yanaşmır. Dövlət həmin bölgələri gələcəyin iqtisadi inkişaf platforması, regional inteqrasiya mərkəzi və beynəlxalq kommunikasiya xəritəsinin yeni dayaqları kimi formalaşdırır. Bu baxımdan Zəngilan xüsusi strateji coğrafiyaya malikdir və bu məkan regionun gələcək iqtisadi və nəqliyyat arxitekturasında mühüm rol oynayacaq strateji mərkəz kimi nəzərdən keçirilir.

Prezidentin çıxışında ön plana çıxarılan əsas istiqamətlərdən biri Zəngilanın logistika və nəqliyyat habına çevrilməsi məsələsidir. Bunun arxasında həm coğrafi, həm də geosiyasi faktorlar dayanır. Zəngilan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək potensial kommunikasiya xəttinin üzərində yerləşir. Eyni zamanda rayon İranla sərhəd zonasında yerləşdiyinə görə, Cənubi Qafqazın regional tranzit sistemində mühüm rol oynamaq potensialına malikdir. Bu isə Zəngilanı beynəlxalq kommunikasiya siyasətinin vacib elementinə çevirir.

Zəngəzur dəhlizi məsələsi də burada strateji və mərkəzi xətt kimi çıxış edir. Bu dəhliz bütövlükdə Avrasiya məkanında yeni nəqliyyat xəritəsinin formalaşması baxımından əhəmiyyət daşıyır. Çünki "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişdiyi nöqtələrdən biri məhz bu regiondur. Yəni söhbət, sadəcə, bir yol layihəsindən deyil, enerji, ticarət, logistika və geosiyasi təsir imkanlarının yenidən bölüşdürülməsindən gedir. Azərbaycan isə Zəngilan vasitəsilə bu prosesin əsas iştirakçılarından birinə çevrilmək niyyətini açıq şəkildə nümayiş etdirir.

Ləyaqətli hərbi qələbə, sözlə əməlin üst-üstə düşməsi, yürüdülən müstəqil siyasət, humanitar davranış ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir və Azərbaycan  artıq bütün dünyada müstəqil geosiyasi mərkəz kimi qəbul olunur. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır

08:05
16 May

Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti

08:00
16 May

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

02:47
16 May

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:47
16 May

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
16 May

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb 

23:34
15 May

Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır

20:59
15 May

2026-cı ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7,5 milyon tondan çox yük daşınıb

20:26
15 May

Tramp-Si danışıqları Pekinin İranla bağlı mövqeyini dəyişməyib

20:18
15 May

Misir sahillərində faciə: Onlarla miqrantın cəsədi tapıldı

20:09
15 May

Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

20:01
15 May

Floridadakı hava limanına Donald Trampın adı veriləcək 

19:56
15 May

Afrikada böyük investisiya planı

19:47
15 May

ABŞ-Çin münasibətlərində yeni dövr

19:38
15 May

Almaniyada mənzil böhranı

19:30
15 May

Türkiyə Mərkəzi Bankı inflyasiya gözləntisini yüksəltdi

19:21
15 May

Kainatın ən böyük yeni xəritəsi 

19:12
15 May

Nazir müavini: Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb  

19:02
15 May

ABŞ Prezidenti: İranın son təklifinə baxdım

19:01
15 May

Premyer Liqa: Autsayderlərin duelindən “Qəbələ” qalib ayrılıb

19:01
15 May

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub  

18:58
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!