Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Niger Prezidenti Əbdürrəhman Tçiani ilə görüşüb. Bu səfər Niger dövlət başçısının Afrika qitəsindən kənarda etdiyi ilk rəsmi səfər olub.
Anadolu Agentliyi xəbər verir ki, iki ölkə arasında müdafiə sənayesi, təhlükəsizlik, enerji, dağ-mədən, ticarət, təhsil, səhiyyə və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq müqavilələri imzalanıb.
Birgə mətbuat konfransında çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afrika ölkələri ilə əlaqələrə böyük önəm verdiyini bildirib: “Afrika ölkələri ilə münasibətlərimizi bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirməyə davam edirik. Biz bu əlaqələri sadəcə ticari deyil, həm də təhlükəsizlik, təhsil və mədəniyyət kimi geniş sahələrdə uzunmüddətli əməkdaşlıq kimi görürük. Nigerin terrorla mübarizəsində hər zaman yanındayıq”.
R.T.Ərdoğan, həmçinin Nigerdə fəaliyyət göstərən Türkiyə-Niger Dostluq Xəstəxanası və Türkiyə Maarif Vəqfi məktəblərinin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirdiyini vurğulayıb.
Niger Prezidenti Əbdürrəhman Tçiani isə Türkiyənin onlara verdiyi dəstəyə görə təşəkkür edib. İki ölkə arasındakı əlaqələrin Osmanlı dövrünə qədər uzandığını xatırladan Tçiani, Türkiyənin hərbi və müdafiə sənayesi sahəsindəki dəstəyinin Nigerin təhlükəsizliyinə böyük töhfə verdiyini qeyd edib: “Hazırda bizim hava hücumundan müdafiə vasitələrimiz və digər hərbi texnikalarımız türk istehsalıdır. Bu çətin mühitdə Nigerdə sabitliyin təmin olunmasına kömək etdiniz. Türkiyənin dəstəyini kənd təsərrüfatı, enerji və təhsil sahələrində də hər zaman hiss edirik”.
Təhminə VERDİYEVA,
“Azərbaycan”