Hərbi Memorial Məzarlıq həmişə izdihamlı olur. Günün istənilən vaxtında əllərində qərənfil dəstəsi tutmuş insanlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş igid oğullarımızın məzarını ziyarət etməyə gəlirlər. Xalqımız ərazi bütövlüyümüz naminə canlarından keçmiş qəhrəmanlarını heç vaxt unutmur.
27 sentyabr Anım Günündə Hərbi Memorial Məzarlıqda böyük izdiham var idi. Məzarların üstündəki qalaq-qalaq güllərdən hiss olunurdu ki, ziyarətçilərin sayı yüzlərlədir.
Şəhid valideynləri, qardaş və bacıları əzizlərinin məzarını ziyarət edəndən sonra bir-biriləri ilə dərdləşir, şəhidlərlə bağlı xatirələrini bölüşdülər. Onlardan biri ilə tanış olduq. Öyrəndik ki, Gülbəniz xanım İkinci Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun həyat yoldaşıdır. O, ötən illəri, Zaurlu günlərini xatırlayaraq dedi ki, həyat yoldaşının vəzifəsi, rütbəsi yüksək olsa da, əsgərləri ilə çiyin-çiyinə döyüşürdü. O, topçu idi. Torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşurdu. Deyirdi ki, Gülbəniz, narahat olma, biz düşmənlərdən xeyli uzaq məsafədə dayanırıq. Ona görə də erməni işğalçılarının mərmiləri çətin ki, yanımıza çata: "Amma nə edəsən ki, ağlımıza gəlməyənlər başımıza gəldi. Oktyabrın 10-da qapımızı onun şəhid xəbəri döydü. Dünya başıma fırlandı, gözlərim qaraldı. Doğmasını itirmək ağır dərddir. Onun ölümünə inana bilmirdim. Axı təcrübəli hərbçi idi..."
Sözünün bu yerində Gülbəniz xanımın səsi titrədi, gözləri nəmləndi, qəhər onu boğdu. Özünə gəlib, gözlərinin yaşını siləndən sonra sözünə davam etdi. Dedi ki, həyat yoldaşı sadə və xeyirxah insan idi. Yaxından tanıyanlar onun insanlığından ürəkdolusu danışırlar. Əsgərləri deyirlər ki, onlarla çox xoş rəftar edirdi, sanki heç yüksəkrütbəli hərbçi deyildi. Sonuncu dəfə Zaurla oktyabrın 8-də danışdıq. O, döyüşlər zamanı düşmən üzərində qazandıqları uğurlardan söz açdı. Bildirdi ki, erməniləri geri sıxışdıra-sıxışdıra irəliləyirlər: "Yaxın zamanlarda torpaqlarımzı erməni işğalçılarından azad edəcəyik. Zəfər bayrağını dalğalandıracağıq. Sonrakı günlər nə Zaura zəng çatdı, nə də özü zəng vurdu. Düşündüm ki, yəqin, bir gün xəbər çıxar. Amma heç də yaxşı xəbər olmadı. Zaurun şəhid olduğunu eşitdik. Həyat yoldaşım Vətənin azadlığı uğrunda gedən döyüşlərdə böyük cəsarətlə vuruşaraq şəhidik zirvəsinə ucaldı".
Yurdumuzun azadlığı uğrunda şəhid olmuş Zaur Hüseyn oğlu Cəfərovun ömür yolunu vərəqlədikcə öyrəndik ki, o, 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. İbtidai təhsilinə 1986-cı ildə Başlıbel kənd orta məktəbində başlayıb. 1993-cü il aprel ayının ilk günlərində erməni qəsbkarlarının Kəlbəcər rayonuna hücumları nəticəsində ailəliklə doğma ocaqlarından didərgin düşüblər. Bir müddət Qax rayonunda məskunlaşıblar. Sonra Bakıya köçüblər. Zaur təhsilini Qaradağ rayonu Qızıldaş qəsəbəsində şəhid Azər Namazov adına orta məktəbdə davam etdirib.
Zaurun 13 yaşı olanda erməni qəsbkarları doğma yurdları Kəlbəcəri işğal ediblər. Onun 9 qohumu rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. 49 qohumunu isə düşmən əsir götürüb. Onlar 113 gün erməni işğalçılarının əsirliyində qalıblar. Verilən işgəncələrə müqavimət göstərdiklərinə görə yağılar onların 18-ni amansızcasına qətlə yetiriblər. Bu və ya digər qanlı hadisələr uşaq vaxtlarından Zaurda düşmənə qarşı nifrət və qisas hissi oyadıb.
Arzusuna çatmaq üçün Z.Cəfərov 1997-ci ildə orta təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olunub. Hərbi bilik və döyüş vərdişlərini böyük həvəslə öyrənib. 2000-ci ildə Rumıniyaya və Türkiyəyə təlimlərə göndərilib.
Azərbaycan Ali Hərbi Məktəbini yüksək göstəricilərlə bitirdiyinə görə Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə Zaur Cəfərova ali hərbi peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Həmin il ali hərbi təhsilini uğurla başa vuraraq leytenant rütbəsi alıb.
Taqım komandiri kimi "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2003-cü ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində artilleriya batareya komandiri, 2005-ci ildə artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini, 2008-ci ildə artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini, 2014-cü ildə artilleriya divizionunun komandiri kurslarını yüksək göstəricilərlə bitirib.
Polkovnik-leytenant Zaur Cəfərov həm 2016-cı il Aprel döyüşlərində, həm də 2020-ci il Tovuz döyüşlərində iştirak edib. Onun komandiri olduğu artilleriya bölmələri düşmən mövqelərini darmadağın edib, işğalçılara ağır zərbələr vurub.
O, 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda Vətənin cəsur ovladı kimi döyüşlərə atılıb. Erməni qəsbkarlarından şəhidlərin qisasını almaq, yurdumuzu erməni işğalından azad etmək amalı ilə vuruşub. Düşmən mövqelərini darmadağın edib irəlilədikcə, şanlı Azərbaycan Ordusunun zəfərlərini gördükcə cəsur zabitin sevinci yerə-göyə sığmayıb. Erməni qəsbkarlarının döyüş meydanından qaçaraq atdıqları zirehli texnikaları Zaur idarə edərək qənimət kimi götürüb. Dostları Polad Həşimov və İlqar Mirzəyevin, bibisi oğlu Yalçın Mustafayevin, eləcə də bütün şəhidlərin qisasını almaq üçün cəsarətlə düşmən üzərinə gedib.
Cəsur zabitin komandiri olduğu bölmələr Suqovuşan istiqamətində döyüşmüşdü. Uğurla davam edən əməliyyatlar zamanı düşmənin 4 tankı məhv edilmiş, 3-ü işlək vəziyyətdə qənimət götürülmüşdü. İşğalçıların Ağdərə istiqamətində də 4 avtomobil texnikası sıradan çıxarılmışdı. Zabit Zaur Cəfərov oktyabrın 3-də Suqovuşanın və Murovdağ silsiləsinin işğalçılardan azad olunmasında misilsiz igidlik göstərmişdi.
Şəhid olmamışdan 4 gün əvvəl oğlu və kiçik qardaşı ilə görüşən Zaur sevinə-sevinə şəhidlərin qisasının aldıqlarını və tezliklə Kəlbəcəri, doğma kəndləri Başlıbeli azad edəcəklərini bildirmişdi.
2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını alarkən cəsur zabit Zaur Cəfərov minik avtomobilində minaya düşərək şəhid olmuşdu. Onun nəşi oktyabrın 19-da əvvəlcə valideynlərinin yaşadığı Bakı şəhəri Yeni Ramana qəsəbəsinə gətirilmişdi. Qəsəbə sakinləri şəhidin cənazəsini böyük izdihamla qarşılamışdı. Sonra avtomobil karvanı ilə Hərbi Memorial Məzarlığa doğru yürüş olmuşdu. Vətəni canından da çox sevən Zaur Cəfərov həmin gün döyüşlər zamanı qisasını aldığı şəhidlərin sırasında, cəbhə dostları Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarının sol tərəfində yaylım atəşi altında dəfn edilmişdi.
Polkovnik-leytenant Z.Cəfərov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə, "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medallarına layiq görülmüşdü.
Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət edib hüznlü düşüncələrlə geri qayıdırdıq. Şəhid Zaur Cəfərovun məzarının yaxınlığından keçəndə həyat yoldaşı Gülbəniz xanımın hələ də onun qəbrinin üstündə dayandığını gördük. Qadın sanki əsgər kimi həyat yoldaşının məzarına keşik çəkirdi...
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"