Yaşasaydı, 39 yaşı olacaqdı. Cəmi 33 il yaşadı, amma özündən sonra böyük bir iz qoydu, ölümüylə ölümsüzlüyə qovuşdu. Hüseynağa Salman oğlu Balıyev Salyan rayonu üzrə Vətən müharibəsində şəhadətə ucalan 56 şəhiddən biridir.
1987-ci il dekabrın 22-də Salyandakı Dəmiryol qəsəbəsində dəmiryolçu ailəsində dünyaya göz açan Hüseynağa 2005-ci ildə elə həmin ərazidəki 8 saylı tam orta məktəbdən məzun olub. Ailədə 2 qardaş, 2 bacı idilər. 4-ü də ali təhsil almışdı. Hüseynağa yüksək qiymətlərlə 2009-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi, 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib, “N” saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmətə başlayıb, 11 il qüsursuz xidmət edib.
Mexanikləşdirilmiş taqım komandiri, motoatıcı taqım komandiri, motoatıcı bölüyün komandiri, motoatıcı tabor komandirinin müavini, həmin taborun qərərgah rəisi, motoatıcı taborun komandiri kimi vəzifələrə ucaldıqca təcrübəsi və hərbi dərəcəsi də böyüyüb. Xidmətdə fərqləndiyinə görə medallarla, mükafatlarla təltif edilib.
Hüseynağa Balıyev 2020-ci il sentyabrın 27-də döyüş əməliyyatlarına komandiri olduğu taborun şəxsi heyəyi ilə qatılıb. Xocavənddə döyüşüb, Hadrut uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanıb. Minomyot atəşlərindən taboru qorumaq üçün qalxıb komanda verərkən azğın düşmən gülləsinə tuş gəlib və şəhadətə qovuşub.
Pəhləvan cüssəli, ilk baxışda zəhmli görkəmi olan Hüseynağanın qızıl kimi ürəyi vardı. Tabeliyində olan hər bir əsgəri balası kimi sevərdi. Əsgərləri ona “qızıl komutan” ləqəbi vermişdilər, ölümündən sonra İnstaqramda yazmışdılar ki, “qızıl komutanımız şəhid oldu, bizə doğma övladları kimi baxırdı”.
H.Balayevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, “Qarabağ” ordeni, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib (ölümündən sonra).
Yaxşı ki vaxtında - 2011-ci ildə, 24 yaşında ailə qurmuşdu. Həyat yoldaşı və anası Rəna xanım Hüseynağadan çox böyük səmimiyyətlə, kədər qarışıq fəxarətlə söz açırlar. 2 övladı yadigar qalıb - qızı Rənanın hazırda 15, oğlu Harunun 9 yaşı var. Qardaşı İsa Balıyev Aprel döyüşlərinin iştirakçısı olub.
Oktyabrın 10-da doğulduğu Salyanda Şəhidlər xiyabanında torpağa tapşırılan igidimizə sağlığında verilmiş “mayor” rütbəsinin vəsiqəsini ölümündən sonra məzarı başında atasına təqdim ediblər.
Hüseynağa Balıyev kimi igidlərimiz qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Hər il olduğu kimi bu il də anım günündə məzarı gül-çiçəyə büründü. Ruhu şad olsun.
Seyran CAVADOV,
“Azərbaycan”