Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Voleybol Federasiyasının, “Gəncə” Voleybol Klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə şəhərdə ilk dəfə “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında voleybol festivalı keçirilmişdir.
Tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, “Gəncə” Voleybol Klubunun prezidenti Elvar Osmanov, ictimaiyyət nümayəndələri, idmançılar, məşqçilər və gənclər iştirak etmişlər.
Açılış məasimində çıxış edənlər bildirmişlər ki, festivalın keçirilməsində əsas məqsəd Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında bu idman növünə marağın artırılması, eləcə də sağlam həyat tərzinin təşviqidir.
Festival çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri və dostluq oyunu təşkil olunmuş, həmçinin 10–14 yaşlı uşaqlar arasında mini-voleybol turniri keçirilmiş, iştirakçılar üçün müxtəlif idman və əyləncə proqramları təqdim edilmişdir. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və peşəkar idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə etmişlər.
Festivalın diqqətçəkən məqamlarından biri də “Gəncə” Voleybol Klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olmuşdur. Komandanın yeni mövsümdə mübarizə aparacaq oyunçuları azarkeşlərə təqdim edilmişdir.
Voleybol, musiqi və əyləncəni bir araya gətirən festivalda iştirakçılar üçün xüsusi konsert proqramı da təşkil edilmişdir.
Sabir ƏLİYEV,
“Azərbaycan”