09 Oktyabr 2026 16:41
173
İQTİSADİYYAT
A- A+
Qlobal bağlantıların mərkəzi   

Qlobal bağlantıların mərkəzi   


Azərbaycan Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır


Ölkələrin strateji əhəmiyyəti və nüfuzu təkcə onların malik olduğu iqtisadi göstəricilər və ya hərbi güclə ölçülmür. Qlobal ticarət şəbəkələri, enerji xətləri və nəqliyyat dəhlizləri də dövlətlərin beynəlxalq aləmdəki mövqeyini müəyyənləşdirən əsas amillər sırasındadır. Xüsusən, müasir dövrün bağlantılar və şəbəkələr əsri kimi səciyyələndirildiyi şəraitdə Azərbaycan özünün coğrafi üstünlüklərini real iqtisadi və siyasi dividendlərə çevirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsinin əsas memarlarından birinə çevrilməkdədir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz Sakit okean hövzəsindən başlayaraq Avrasiya məkanını, Qafqazı, Xəzər və Qara dəniz regionlarını, nəhayət Avropa qitəsini birləşdirən önəmli mərkəzlərdən sayılır.

Azərbaycanın dünya miqyasında artan strateji çəkisi zəngin karbohidrogen resurslarının və şaxələndirilmiş nəqliyyat infrastrukturunun səmərəli idarə olunmasının məntiqi nəticəsidir. Azərbaycan “Cənub qaz dəhlizi”ni reallaşdırmaqla qitənin enerji xəritəsini köklü surətdə dəyişib. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri vasitəsilə Xəzər qazının Avropa bazarlarına çatdırılması ölkəmizi Avropanın enerjiyə olan tələbatının ödənilməsində əsas tərəfdaşlardan birinə çevirib. Beynəlxalq bazarlarda qeyri-müəyyənliyin və təchizat risklərinin kəskinləşdiyi dövrdə boru kəmərləri vasitəsilə 12 Avropa ölkəsinə enerji ixrac edən Azərbaycan qlobal səviyyədə aparıcı mövqeyini daha da möhkəmləndirib. 

Eyni zamanda, neft-kimya sənayesinin sürətli inkişafı, xammal hasilatı ilə yanaşı emal güclərinin artırılması enerji sektorunun şaxələndirilməsinə və iqtisadi dayanıqlılığın yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı vurğuladığı kimi enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir: “Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq”. Bu addım ölkəmizin xammal ixracatçısından məhsul istehsalçısına çevrilməsində mühüm rol oynayır. Nəticədə Azərbaycan həm də regional və qlobal miqyasda enerji təhlükəsizliyini formalaşdıran güc mərkəzi kimi mövqeyini möhkəmləndirir. 

Ölkəmizin enerji strategiyası ənənəvi neft və qaz hasilatı ilə məhdudlaşmır. Hazırda Azərbaycan bərpaolunan enerji istehsalı və ixracı sahəsində də regionun liderinə çevrilməkdədir. Qarşıdakı illərdə “yaşıl enerji” üzrə istehsal güclərinin kəskin artırılması, ölkənin, o cümlədən Naxçıvanın, Xəzər dənizinin və Mərkəzi Asiyanın “yaşıl enerji” potensialının Cənubi Qafqaz və Avropa bazarları ilə inteqrasiya olunması prioritet hədəf kimi müəyyən edilib. Bu çərçivədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında icra olunan “yaşıl dəhliz” layihəsi ölkəmizin gələcək Avropa enerji bazarındakı rolunu daha da genişləndirir. 

Xəzərin dibi ilə çəkiləcək “yaşıl enerji” xətlərinin qurulması nəticəsində Şərqdən, Mərkəzi Asiyadan gələn bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropaya nəqli təmin olunacaq. Ölkəmizin Mərkəzi Asiyanın resurslarının beynəlxalq bazarlara tranzitindəki rolunu dövlətimizin başçısı belə ifadə edib: “Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq”.

Enerji dəhlizləri ilə yanaşı, Azərbaycan Avrasiyanın nəqliyyat arxitekturasında da mərkəz rolundadır. Şərqlə Qərbi birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) Çin və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına ən qısa və təhlükəsiz çıxışını təmin edir. Ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Ələt Yük Hava Limanı respublikamızın tranzit potensialını misilsiz dərəcədə artırıb. 

Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyev nəqliyyat infrastrukturuna qoyulan sərmayələrin real nəticələrini diqqətə çatdıraraq bildirib: “Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”. 

Aparılan ardıcıl işlər nəticəsində Orta dəhliz vasitəsilə yükdaşımaların dinamikasında ciddi artım qeydə alınıb. Dövlətimizin başçısı bu müsbət artım tempini belə qiymətləndirib: “Orta dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb”. Azərbaycanın nəqliyyat infrastrukturuna qoyduğu məqsədyönlü investisiyalar artıq öz bəhrəsini verir və ölkəmizin tranzit imkanlarını real iqtisadi göstəricilərlə sübut edir. Orta dəhliz üzrə yükdaşımaların dinamik artımı region ölkələri arasında logistik inteqrasiyanı dərinləşdirir və marşrutun rəqabət qabiliyyətini yüksəldir. Nəticədə Azərbaycan Avrasiyanın yük daşımalarında etibarlı tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. 

Eyni zamanda, Orta dəhlizin mühüm tərkib hissəsi kimi Zəngəzur dəhlizinin reallaşması Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini bərpa etməklə yanaşı, regionun nəqliyyat xəritəsini yenidən şəkilləndirəcək, türk dünyasını və bütün Avrasiya məkanını bir-birinə daha sıx bağlayacaq. Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması və gələcək hədəflər haqqında Prezident İlham Əliyev bunları deyib: “İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta dəhlizi və Şimal-Cənub dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq”. 

Azərbaycanın Avropa, türk dünyası, İslam ölkələri və Asiya dövlətləri ilə parallel və bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurması ölkəmizin müxtəlif qütblər arasında etibarlı körpü rolunu gücləndirir. Çoxtərəfli diplomatik xətt Bakının fərqli platformaları bir-birinə bağlayan etibarlı tərəfdaş mövqeyini və birləşdirici statusunu daha da möhkəmləndirir. Hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd nadir coğrafi mövqeyini, inkişaf etmiş infrastrukturunu və enerji imkanlarını uzunmüddətli iqtisadi dividendlərə və qlobal siyasi nüfuza çevirməkdir. Məhz bu məqsədyönlü strategiya sayəsində Azərbaycan Avrasiya məkanının aparıcı logistika və enerji mərkəzi kimi öz mövqeyini hər gün daha da sarsılmaz edir.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!