Azərbaycan geostrateji imkanları və uzaqgörən xarici siyasəti ilə Avrasiya məkanında sülhün, sabitliyin və iqtisadi tərəqqinin yeni ünvanını formalaşdırır
Azərbaycanın yürütdüyü qarşılıqlı etimada dayanan siyasət, iqtisadi və digər sahələrdə atdığı ardıcıl və uzaqgörən addımlar, beynəlxalq müstəvidə apardığı yüksəksəviyyəli dialoqlar regionda tam fərqli reallıq yaradıb. Bu məqsədyönlü siyasət Azərbaycanı həm də Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzinə çevirib.
Danılmaz gerçəklikdir ki, müasir dünyada baş verən mürəkkəb geostrateji proseslər, təhlükəsizlik çağırışları və qlobal nəqliyyat-logistika zəncirindəki yenidənqurmalar Mərkəzi Asiya və Cənubi Qafqaz arasında sıx inteqrasiyanı tarixi zərurət halına gətirib.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin proqram xarakterli çıxışı da bir daha göstərdi ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları artıq vahid geostrateji və iqtisadi məkan kimi formalaşıb.
Strateji birlik daha da möhkəmlənir
Ötən ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan bu formata tamhüquqlu üzv seçildi. Bu tarixi qərar ölkəmiz tərəfindən həyata keçirilən uzaqgörən siyasətin daha bir nəticəsi oldu. Bu addımla regional əməkdaşlıq “C5” formatından “C6” formatına keçdi. Yəni Mərkəzi Asiya beşliyi Azərbaycanı öz sırasına qəbul edərək Cənubi Qafqazla vahid iqtisadi-siyasi birlik formalaşdırdı. Cari il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu strateji birliyin daha da möhkəmləndiyini növbəti dəfə nümayiş etdirdi.
Mərkəzi Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Adıçəkilən regionunun hər bir dövləti ilə ayrılıqda strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulması da bunu sübut edir.
Özbəkistanla münasibətlər keyfiyyətcə yeni mərhələdədir. 2024-cü ilin avqustunda Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilədən sonra 2025-ci ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı “Əbədi dostluq haqqında Müqavilə” imzalanaraq əlaqələr ən yüksək pilləyə qaldırıldı.
Azərbaycan-Qazaxıstan arasında yaxın dostluq münasibətləri 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qzaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilib. 2025-ci ilin oktyabrında Astanada keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və strateji tərəfdaşlıq müqaviləsinin 20 illiyi münasibətilə Azərbaycan ilə Qazaxıstan arasında imzalanan Birgə Bəyanat Xəzər üzərindən energetika və nəqliyyat marşrutlarının inteqrasiyasını sürətləndirdi.
Cari il Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Çolpon-Ata şəhərində baş tutan danışıqlar zamanı bu ölkə ilə imzalanan Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə ilə siyasi, təhlükəsizlik və hərbi sahələrdə qarşılıqlı öhdəliklər ali hüquqi səviyyədə təsbit olundu.
Region ölkəsi olan Tacikistanla tarixi, mədəni və dini bağlılıqlara söykənən münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və strateji tərəfdaşlıq xətti ilə uğurla inkişaf edir.
Mərkəzi Asiya ölkələri arasında Türkmənistanla əlaqələr də Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Ortaq tarixi köklərə, dil və din birliyinə söykənən bu münasibətlər getdikcə möhkəmlənir. Son illərdə iki ölkə arasında ali səviyyəli dialoq olduqca intensivləşib. Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyev Türkmənistanla münasibətlərin dinamik inkişafını belə vurğulayıb: “Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir”.
Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri, Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdikləri töhfələr - Özbəkistanın Füzulidə tikdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda inşa etdiyi Manas adına məktəb və Türkmənistanın Füzulidə təməlini qoyduğu məscid bu qardaşlığın unudulmaz rəmzləridir.
Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik
İkitərəfli formatlarda həyata keçirilən sıx siyasi dialoq, dövlət başçılarının müntəzəm xarakter alan qarşılıqlı səfərləri regionlararası etimadı daha da dərinləşdirir. Bu möhkəm siyasi iradə isə öz növbəsində iqtisadi-ticari münasibətlərin şaxələnməsinə, qarşılıqlı sərmayə qoyuluşlarının kəskin artmasına və sənaye, enerji, nəqliyyat-loqistika sahələrində böyük strateji layihələrin birgə reallaşdırılmasına geniş üfüqlər açır.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb, hazırda ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yüz milyonlarla dollar kapitala malik birgə investisiya fondları yaradıb.
Ən vacib istiqamətlərdən biri isə nəqliyyat-logistika şəbəkəsidir. Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü zamanı Prezident İlham Əliyev məlumat verdi ki, ölkəmiz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoyub: “Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür”.
Bütün bunların fonunda Orta dəhlizin getdikcə daha mühüm əhəmiyyət kəsb etməsi özünü qabarıq göstərir. Azərbaycanın Orta dəhlizdəki strateji yeri Mərkəzi Asiya ölkələri ilə güclənən nəqliyyat əlaqələri və Avropanın bu yola artan diqqəti sayəsində daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və regionun digər dövlətləri ilə birgə atılan addımlar yükdaşımaların həcmini artırır, prosedurları asanlaşdırır. Ötən il sözügedən marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bütün bunlar Azərbaycanın Şərqlə Qərb arasında əsas tranzit qovşağına çevrilməsini təmin edir. Nəticədə Xəzər üzərindən keçən bu marşrut təkcə ən qısa deyil, həm də ən təhlükəsiz və rəqabətədavamlı ticarət yoluna çevrilir.
Xəzərin dibi ilə çəkilən fiber-optik xətləri əhatə edən “Rəqəmsal İpək Yolu” layihəsi, Mərkəzi Asiya neftinin Azərbaycan vasitəsilə dünya bazarlarına nəqli və Qazaxıstan və Özbəkistanla birgə yaradılan Yaşıl enerji dəhlizi regionun gələcək iqtisadi mənzərəsini müəyyən edir.
Bu sarsılmaz strateji tərəfdaşlıq təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun simasını dəyişmir, həm də bütün Avrasiya məkanında sülhün, sabitliyin və iqtisadi tərəqqinin yeni ünvanını yaradır.
Prezident İlham Əliyevin Dövlət Başçılarının 8-ci Məşvərət şurasında vurğuladığı kimi: “Əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”