Vaqif Əlizadə Vətən müharibəsinə yollanan ilk könüllülərdəndir. Onunla ilk dəfə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon şöbəsinin həyətində toplanış zamanı tanış olmuşuq.
Burada Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisinə hücumunun qarşısını almağa, torpaqlarımızı işğaldan azad etməyə gedən yüzlərlə könüllü arasında qeyri-millətlərdən olan gənclər də vardı. Onlardan biri də atası azərbaycanlı, anası rus olan Vaqif Əlizadə idi. O, 1995-ci il sentyabrın 9-u Bakıda anadan olub, 60 nömrəli məktəbi bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb, Geoloji kəşfiyyat fakültəsini bitirib. 2017-2018-ci illərdə Şəmkirdə "N" saylı hərbi hissədə əsgəri xidmətdə olub.
Təsadüf elə gətirdi ki, onunla bu günlər yenidən görüşdük. Müharibə onun sağlamlığından yan keçməmişdi. Vaqif deyir ki, müharibəyə Füzulidən başlamışdı: "Mən taborda baş atıcı idim. Döyüşə gəlməyimə, bu torpaqların erməni işğalından azad olunmasında iştirakıma, hətta yeri gəlsə, şəhid olacağıma belə, sevinirdim. Çünki atam Füzulidəndir, söhbətlərində bu yerlərdə ermənilərin onların ailələrinə, həmkəndlilərimizə etdikləri qətliamlar, terror hadisələri barədə o qədər yanğı ilə, intiqam hissilə danışırdı ki, indi doğma torpaqlarda vuruşmaqdan qürur duyurdum. Atamın arzusunu yerinə yetirmək, əzizlərinin intiqamını erməni quldurlarından almaq üçün qorxu hissini tamamilə unutmuşdum".
Vaqifin də tərkibində olduğu hərbi hissə Füzulidən sonra Cəbrayıl istiqamətində hərəkətə keçir. Vaqif sözünə davam edir: "Taborda Dmitri Sonçov, Denis İvanov, Timur (soyadını unutmuşam) və rusəsilli digər könüllülər vuruşurdular. Bir neçə günün ərzində Cəbrayıldakı erməni istehkamlarını, hərbi hissələrini darmadağın etdik, çoxlu hərbi texnika və silah-sursat qənimət götürdük. Məni heyran edən o idi ki, ərazilərimizi erməni silahlı quldurlarından azad etdikcə əsgərlərdə irəliyə getmək, Vətən torpağının hər qarışı uğrunda daha cəsurcasına mübarizə aparmaq həvəsi artırdı".
Cəsur döyüşçü Vaqif Əlizadə Cəbrayılın düşməndən azad edilməsindən sonra Şuşa istiqmətində gedən döyüşlərin iştirakçısı olur. Oktyabrın sonuncu günü yaxınlığına qəfil düşən mərmidən bir neçə döyüşçü yoldaşı həlak olur, Vaqif isə huşunu itirir, hər iki qulağının pərdəsi dağılır. Əsgər yoldaşları onu tibb məntəqəsinə çatdırırlar, burada ona ilkin tibbi yardım göstərilir. Lakin vəziyyəti ağır olduğundan oradan Füzuli rayonu ərazisindəki Əhmədbəyli hospitalına gətirilir. Vaqif burada bir neçə gün müalicə aldıqdan sonra Bakıdakı hərbi hospitala göndərilir. İlk günlər anlamsız olan Vaqif həkimlərin sayəsində özünə gəlir, tam müalicə olunur.
Qazi Vaqif Əlizadə Vətən müharibəsində göstərdiyi şücaətlərə görə "Cəbrayılın azad edilməsinə görə" və "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilir. Hazırda Bakıda aparıcı şirkətlərin birində çalışır. Qorxmaz döyüşçü işdə də məsuliyyətli və ciddidir. Həmişə üzərinə düşən işi vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışır.
Rəhman SALMANLI,
"Azərbaycan"