Vətən müharibəsinin başlanmasından altı il ötür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən bu savaş Azərbaycanın qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin, Silahlı Qüvvələrimizin döyüş qüdrətinin və milli həmrəyliyin təcəssümü olan bu Zəfər Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu.
Bu günlərdə Azərbaycanın hər yerində insanlar müqəddəs şəhid məzarlarını ziyarət edirlər. Vətən müharibəsinin başlanmasının növbəti ildönümündə - Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik. Məhz onların qəhrəmanlıqları və fədakarlıqları sayəsində torpaqlarımız azad olub.
Ermənistan təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladı. Bu işğal nəticəsində şəhər və kəndlərimiz dağıdıldı, tarixi və mədəni irsimizə ağır zərbə vuruldu, yüz minlərlə soydaşımız məcburi köçkün həyatı yaşamağa məcbur oldu, ata-baba torpaqlarına qayıtmaq arzusu isə milli yaddaşımızın ən ağrılı səhifələrindən birinə çevrildi. Bunlarla yanaşı, Birinci Qarabağ müharibəsi zamanı xalqımıza qarşı törədilən faciələr, müharibə cinayətləri, Xocalı soyqırımı və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi Ermənistanın işğalçılıq siyasətini bütün mahiyyəti ilə dünyaya göstərmişdi.
Əslində, bunlar beynəlxalq ictimaiyyətin gözü önündə baş vermişdir. O cümlədən beynəlxalq hüquq artıq keçmişdə qalmış Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini ortaya qoymuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin bu sənədlər uzun illər kağız üzərində qaldı. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu problemin həllində maraqlı olmadı. İkili standartlardan çıxış edən, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayan vasitəçilər problemin dondurulmasına və status-kvonun olduğu kimi qalmasına çalışdılar və bununla da Ermənistanın təcavüzkar siyasətinə dəstək verdilər.
Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmadı, torpaqlarımızın işğal altında qalması ilə razılaşmadı. Ən mühümü odur ki, xalqımız torpaqlarımızın azad ediləcəyinə olan inamı heç vaxt itirmədi və hər ötən il daha da gücləndi. Bu inamı möhkəmləndirən əsas amillərdən biri Azərbaycan dövlətinin məqsədyönlü siyasəti oldu. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə qətiyyətlə davam etdirilməsi, diplomatik cəbhədə dalana sıxışdırılan Ermənistanın işğalçı siyasətinin beynəlxalq səviyyədə ifşası, respublikamızın iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi torpaqlarımızın işğaldan azad olunması üçün möhkəm və əlverişli zəmin yaratdı.
Dövlətimizin başçısı bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Cənab Prezident hər zaman bəyan etdi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu mövqe yalnız siyasi bəyanat olaraq qalmadı. Azərbaycan dövlətinin bütün imkanları torpaqlarımızın azadlığı üçün zəruri siyasi, iqtisadi və hərbi potensialın yaradılmasına yönəldildi. Güclü iqtisadiyyat güclü dövlətin, güclü dövlət isə güclü ordunun əsas dayaqlarından biri kimi gündəm yaratdı. Ölkəmizin maliyyə imkanlarının genişlənməsi nəticəsində müdafiə xərclərinin artırılması ordumuzun maddi-texniki bazasının yenilənməsinə, müasir silah və hərbi texnikanın alınmasına, hərbi qulluqçuların hazırlıq səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdı. Ən mühümü odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi hərbi islahatlar nəticəsində bu imkanlardan düzgün istifadə olundu və nəticə etibarilə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş imkanları artdı, müasir hərbi texnologiyalar ordumuzun arsenalına daxil edildi, şəxsi heyətin peşəkarlığı daha da yüksəldi.
Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi nəticələr də onun artan gücünü nümayiş etdirmişdi. Beləliklə, 2020-ci ilin payızında Azərbaycan Ordusu qarşısında dayanan tarixi vəzifəni yerinə yetirməyə hazır idi. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan hərbçisinin peşəkarlığı, yüksək mənəvi-psixoloji hazırlığı və döyüş ruhu dövlətin yaratdığı hərbi potensialla bir-birini tamamlayırdı.
Müharibə isə qaçılmaz idi və bunu şərtləndirən əsas səbəb Ermənistanın yeni hərbi təxribatlar törətməsi nəticəsində danışıqlar prosesinin dayanması idi. Ermənistan siyasi və hərbi rəhbərliyinin işğalçı bəyanatları, Azərbaycanı yeni əraziləri işğal etməklə təhdid etmələri, Qarabağda qanunsuz məskunlaşmanın həyata keçirilməsi, qondarma rejim tərəfindən seçkilərin keçirilməsi, 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatın törədilməsi, avqust ayında ermənilərin diversiya qrupunun ərazilərimizə daxil olmağa çalışması vəziyyəti daha da gərginləşdirirdi. Ermənistan tərəfindən təmas xəttində yeni hərbi birləşmələrin cəmləşdirilməsi isə yeni müharibə hazırlığından xəbər verirdi. Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən bu barədə fikirlərini bildirmiş, eyni zamanda düşməni xəbərdarlıq edərək demişdi: "Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".
Onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan istənilən yolla torpaqlarını işğaldan azad edəcəkdir. Eyni zamanda ordumuzun döyüş imkanlarının artırılması barədə danışarkən dövlətimizin başçısı bildirirdi ki, məqsəd ərazi bütövlüyümüzün bərpasıdır. 2019-cu ildə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidenti demişdi: "Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək".
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatından sonra başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin bu sözlərinin təntənəsinə çevrildi. Savaşın ilk dəqiqələrindən "dəmir yumruq" düşməni pərən-pərən saldı. Müharibənin ilk saatlarından ordumuzun bölmələri düşmənin keçilməz saydığı "Ohanyan səddi"ni keçərək torpaqlarımızı işğaldan azad etməyə başladı.
Beləliklə, 27 sentyabr Azərbaycan tarixində yeni bir səhifənin başlanğıc tarixinə çevrildi. Vətən müharibəsinin hər günü Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yadda qaldı. Ordumuz ən çətin relyef şəraitində, möhkəmləndirilmiş düşmən mövqelərinə qarşı böyük əzmkarlıq göstərdi. Ermənistan ordusunun uzun illər ərzində işğal altında saxladığı ərazilərdə yaratdığı müdafiə xətləri Azərbaycan hərbçisinin gücü qarşısında davam gətirə bilmədi. Qısa müddətdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Xocavənd, Laçın və Ağdərə rayonlarının bir sıra kəndlərinin, Şuşa şəhərinin, Ağdərə və Murovdağda strateji yüksəkliklərin azad olunması, düşmənin döyüş meydanında darmadağın edilməsi Azərbaycan Silahlı Qüvvələrinin həm texniki, həm taktiki, həm də mənəvi üstünlüyünü nümayiş etdirdi. Ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi azad olundu.
Azərbaycan Ordusunun müzəffər yürüşü, düşmənin döyüş meydanında cəzalandırılması hər bir vətəndaşda milli qürur hissini daha da yüksəltdi. İşğal altında olan şəhər və kəndlərimizin azad olunması xəbərləri ümumxalq sevincinə çevrildi. Prezident İlham Əliyevin xalqa müraciətləri isə həmin günlərin ən mühüm tarixi salnamələrindən biri kimi yadda qaldı.
Azərbaycan Ordusunun Zəfər yürüşünün mühüm xüsusiyyətlərindən biri də hərbi əməliyyatların peşəkar şəkildə aparılması idi. Təsadüfi deyil ki, Vətən müharibəsində tətbiq olunan hərbi strategiya və taktika sonradan müxtəlif hərbi ekspertlər tərəfindən araşdırılan mühüm təcrübəyə çevrildi.
Vətən müharibəsində ordumuzun hərbi uğurlarının zirvəsində isə Şuşanın azad edilməsi dayandı. Şuşa Azərbaycan xalqı üçün sadəcə bir şəhər deyil. Bu şəhər milli mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın və tarixi yaddaşımızın mühüm mərkəzlərindən biridir. Ona görə də Şuşanın azad olunması Vətən müharibəsinə damğasını vuran mühüm hərbi zəfər oldu. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad edilməsi barədə xalqa müraciəti böyük sevinc və qürur hissi ilə qarşılandı.
Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan tərəfin kapitulyasiya aktı mahiyyəti daşıyan üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü Ermənistanın uzun illər davam etdirdiyi işğal siyasətinə son qoydu. Azərbaycan xalqı öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdi. İşğal faktının aradan qaldırılması beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin faktiki icrasını təmin etdi.
Bu Qələbənin arxasında, ilk növbədə, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti dayandı. Döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşünü Ali Baş Komandan kimi idarə edən Prezident İlham Əliyev eyni zamanda informasiya və diplomatiya cəbhəsində də Azərbaycanın qələbəsinin müəllifi oldu. Müharibə günlərində cənab Prezidentin xarici KİV-ə verdiyi müsahibələr və xalqımıza etdiyi müraciətlər Azərbaycanın haqq işinin və Ermənistanın işğalçı siyasətinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm siyasi hadisələr oldu.
Vətən müharibəsi həm də Azərbaycan xalqının milli həmrəyliyinin böyük təntənəsinə çevrildi. Bu savaşda xalqımız Vətənin müdafiəsi üçün səfərbər oldu. Bütün cəmiyyət dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə bir amal ətrafında birləşdi. Xalqın Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olması hakimiyyət-xalq birliyinin nə qədər möhkəm və güclü olduğunu bir daha nümayiş etdirdi.
Əlbəttə, hər bir müharibə ağır itkilərlə müşayiət olunur. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən Vətən oğulları bu yolda canlarından keçdilər, müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Onlar öz qəhrəmanlıqları ilə xalqımızın mübarizliyinin və əyilməz ruhunun təcəssümünə çevrildilər.
Xalqımız şəhidlərin əziz xatirəsini hər zaman uca tutur. Bu baxımdan, sentyabrın 27-nin Anım Günü kimi təsis olunması xüsusi məna daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə Vətən müharibəsinin başlandığı tarixin - sentyabrın 27-nin Anım Günü elan edilməsi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə olan ali ehtiramın ifadəsidir.
Anım Gününün təsis edilməsi ilə yanaşı, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən, Bakı şəhərində Zəfər muzeyinin yaradılması da şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Şəhidlər bizim qürur mənbəyimiz və and yerimizdir. Şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Azərbaycan dövləti şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin reabilitasiyası, müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu siyasət şəhidlərimizin ailələrinə və Vətən qarşısında xidmət göstərmiş insanlara dövlətin münasibətinin mühüm göstəricisidir.
Böyük qürurla onu da qeyd etməliyik ki, şəhidlərimizin ruhu şaddır və onların qanı yerdə qalmayıb. Onların uğrunda canlarından keçdikləri torpaqlar azaddır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. "Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib", - deyə Prezident İlham Əliyev bildirib.
Qədim yurd yerimiz olan Naxçıvanın igid və mərd övladları da Vətən savaşında xalqımızın Zəfər yürüşünün ön sıralarında oldular. Naxçıvanlı hərbçilər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birləşmələrinin tərkibində döyüşdülər. O cümlədən Əlahiddə Ümumqoşun Ordunun bölmələri döyüş əməliyyatlarında fəal iştirak etdilər. Onlar öz qəhrəmanlıqları ilə Vətən müharibəsində yazılan zəfər salnaməsinə öz töhfələrini verdilər.
Müharibə günlərində şəhid olan hərbçilərin doğma Naxçıvana gətirilməsi zamanı insanların küçələrə çıxaraq onları Azərbaycan bayraqları ilə qarşılaması həmin bölgənin Vətən sevgisinin və milli həmrəyliyinin təsirli nümunələrindən idi. Şəhidlərini izdihamla, lakin qürur hissi ilə qarşılayan Naxçıvan sakinlərinin nümayiş etdirdiyi mənzərə bütün Azərbaycan xalqının ruhunu əks etdirirdi. Bu, eyni zamanda Vətən uğrunda canından keçən övladların cəmiyyət üçün hansı yüksək mənəvi dəyərə malik olduğunu göstərirdi.
Prezident İlham Əliyev də Vətən müharibəsinin başa çatdığı gün xalqa müraciətində naxçıvanlıların fədakarlığını xüsusi qeyd edərək deyib: "Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".
Vətən müharibəsinin başlanmasından 3 il sonra Qarabağdakı separatçı rejimin fəaliyyətinə son qoyulması isə Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin növbəti möhtəşəm təntənəsi oldu. 2023-cü il sentyabrın 19-20 tarixlərində keçirilən antiterror tədbirləri bir daha Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının və peşəkarlığının təzahürü oldu. Cəmi 23 saat 43 dəqiqə çəkən bu əməliyyat zamanı Qarabağ iqtisadi rayonunda dövlətimizin konstitusion hüquqları təmin olundu.
2020-ci ilin Zəfəri ilə 2023-cü ilin sentyabrında əldə olunan nəticələr arasında tarixi və siyasi bağlılıq var. 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ idisə, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ölkənin suverenliyinin bütün ərazisində tam təmin olunması baxımından yeni mərhələ yaratdı. Beləliklə, 2020-ci ildə başlayan Zəfər yolu 2023-cü ildə Azərbaycan dövlətinin konstitusion hüquqlarının bütün ölkə ərazisində təmin olunması ilə daha bir mühüm nəticə əldə edildi.
Vətən müharibəsinin başlanmasından altı il keçir. Azərbaycanın qarşısında indi başqa tarixi vəzifələr dayanır: azad olunmuş torpaqlarımızı yenidən dirçəltmək, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etmək və Qarabağla Şərqi Zəngəzuru Azərbaycanın ən müasir regionlarından birinə çevirmək. Ötən 6 ildə bu istiqamətdə həyata keçirilən layihələr dövlətimizin iqtisadi gücünü, iradəsini və quruculuq imkanlarını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük qayıdışın sürətlə həyata keçirilməsi Zəfərin, ərazi bütövlüyümüzün bərpa edilməsinin tarixi nəticələridir.
Bu gün Vətən müharibəsinin xronikasına nəzər salarkən bir həqiqət xüsusilə aydın görünür: Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmadı və dövlətimiz bu milli iradəni reallaşdırmaq üçün bütün imkanlarını səfərbər etdi. Prezident İlham Əliyevin müdrik siyasəti, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın sarsılmaz həmrəyliyi tarixi nəticəni təmin etdi. Başqa cür desək, Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərin qəhrəmanlığı, xalqın birliyi və arxa cəbhənin fədakarlığı Vətən müharibəsinin qalibiyyət formulunu yaratdı.
Böyük Zəfərin qəhrəmanları heç vaxt unudulmayacaq. Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün Vətən sevgisinin və fədakarlığın ən uca nümunəsi olaraq qalacaq. Anım Günü münasibətilə bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların əziz ruhları qarşısında baş əyirik.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı