Vəkil Günü münasibətilə dekabrın 28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl ARVK rəhbərliyi, orqanları, qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tədbir Dövlət Himni və Vəkil marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən ARVK-nın sədri Anar Bağırov bildirib ki, bu il Azərbaycan vəkilliyinin 105 illiyi, Kollegiyaya tam müstəqillik verən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər Kollegiyasının təsis edilməsinin 20 illiyi qeyd olunur.
Ölkəmizdə vəkilliyin tarixindən, inkişafından, getdikcə daha da yüksələn nüfuzundan, son 7 il ərzindəki fəaliyyətindən və görülən işlərdən danışan sədr, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü və gücləndiyini söyləyib.
A.Bağırov Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun imzalandığını xatırladaraq, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini deyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verib. Dövlət başçısının 2019-cu il dekabrın 25-i tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycanda Vəkil Günü peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Prezidentin müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Bu il ARVK ilə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, 400-dən çox məhkuma vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərildiyini, son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini vurğulayan Anar Bağırov, bu sahədə müəyyən layihələrə imza atıldığını, habelə ARVK tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən bir çox vəkillərin istifadə edərək 14 minə yaxın elektron müqavilə bağlanıldığını söyləyib.
2024-cü il ərzində pulsuz hüquqi yardım aksiyalarında fəal iştirakına görə Şəki Regional Vəkil Bürosu, il ərzində müqavilələrin elektron bağlanılmasında fəallığına görə birinci yerə layiq görülmüş Bakı şəhər 20 saylı Vəkil Bürosu, ikinci yerə layiq görülmüş Bakı şəhər 11 saylı Vəkil Bürosu və üçüncü yerə layiq görülmüş Gəncə şəhər 1 saylı Vəkil Bürosu “İlin vəkil qurumu” mükafatı ilə təltif edilib. İl ərzində cinayət işləri üzrə ən çox bəraət əldə edən Lənkəran rayon Vəkil Bürosunun vəkili İbarət Həsənov “İlin vəkili”, il ərzində Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Elektron vəkil komitəsi “İlin vəkil komitəsi”, il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “HGNS” Vəkil Bürosunun müdiri, Elektron vəkil komitəsinin sədri Nihad Əliyev “İlin təlimçi vəkili” elan olunub. Bundan başqa, fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.
Tədbirdə ARVK-nın elektron xidmətlərinin tərkib hissələrindən biri olan “E-vekil” mobil tətbiqinin izahlı təqdimatı olub, onun əhəmiyyəti, istifadə qaydaları barədə məlumat verilib.