Məktəb yalnız bilik və bacarıqların qazanıldığı məkan deyil. O, uşağın şəxsiyyət kimi formalaşdığı, cəmiyyətin müəyyən etdiyi davranış normalarını, məsuliyyət hissini, qarşılıqlı hörmət və birgəyaşayış prinsiplərini mənimsədiyi mühüm sosial mühitdir.
Bu baxımdan məktəbdə tətbiq olunan hər bir qayda ümumi təhsil prosesinin düzgün təşkilinə və sağlam mühitin yaradılmasına xidmət edir. Məktəbli forması isə ilk baxışda yalnız geyim məsələsi təsiri bağışlasa da, əslində, məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərliyin və ümumi təhsil mühitinin mühüm elementlərindən biridir.
Vahid məktəbli formasının tətbiqində əsas məqsədlərdən biri təhsil müəssisəsində səliqəli və eyni görünüş mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb uşağın gününün mühüm hissəsini keçirdiyi məkandır və burada geyim onun yaşına, tədris prosesinin xüsusiyyətlərinə, rahatlıq və praktik istifadə prinsiplərinə uyğun olmalıdır. Məktəbli forması uşağın diqqətini geyim vasitəsilə fərqlənməkdən daha çox təhsil prosesinə yönəltməyə, məktəb daxilində ümumi qaydalara uyğunlaşmasına şərait yaratmağa xidmət edir.
Məktəb mühitinin fundamental prinsiplərindən biri bərabərlikdir. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq, hər bir uşağın eyni şərtlər daxilində təhsil alması və bərabər imkanlara malik olması təhsilin əsas dəyərlərindəndir. Eyni sinifdə, eyni parta arxasında əyləşən uşaqların sosial və maddi fərqlərinin geyim vasitəsilə qabardılmaması sağlam psixoloji mühitin yaradılması baxımından da əhəmiyyət daşıyır.
Müasir dövrdə geyim xüsusilə yeniyetmələr arasında, bəzən sosial statusun nümayiş vasitəsinə çevrilir. Müxtəlif brendlər, bahalı geyimlər və aksesuarlar uşaqlar arasında istər-istəməz müqayisə yaradır. Belə müqayisələr bir şagirddə üstünlük hissi formalaşdıra, digər şagirddə isə ailəsinin maddi imkanlarına görə narahatlıq və ya özünəinamsızlıq yarada bilər. Məktəb isə mümkün qədər belə sosial müqayisələrin deyil, biliyin, bacarığın, davranışın və nailiyyətlərin ön plana çıxdığı məkan olmalıdır. Vahid məktəbli forması maddi imkanların zahiri göstəricilərinin təhsil mühitində qabardılmasını müəyyən qədər məhdudlaşdıran vasitələrdən biridir. Burada mühüm məqam ondan ibarətdir ki, vahid geyim fərdiliyin aradan qaldırılması demək deyil. Şagirdlər eyni geyim formasından istifadə etsələr də, onların dünyagörüşü, maraqları, qabiliyyətləri, istedadları və gələcək hədəfləri fərqlidir. Məktəbin missiyası da bu fərqliliyi geyim və maddi imkanlar üzərindən deyil, uşaqların potensialının inkişafı üzərindən üzə çıxarmaqdır. Başqa sözlə, məktəbdə şagirdi fərqləndirən onun geyiminin markası və ya qiyməti deyil, qazandığı bilik, nümayiş etdirdiyi bacarıq, davranış mədəniyyəti və əldə etdiyi nailiyyət olmalıdır.
Məktəbli forması uşaqlarda kollektivə aidlik və məktəb kimliyi hissinin formalaşmasına da təsir göstərir. Şagird özünü müəyyən məktəb kollektivinin üzvü kimi qəbul edir, ümumi qaydalara riayət etməyin şəxsi məsuliyyət olduğunu öyrənir. Bu mənada məktəbli forması sadəcə köynək, şalvar, ətək və ya jaketdən ibarət geyim dəsti deyil. O, şagirdin daxil olduğu təhsil mühitində qəbul edilmiş ümumi nizam və davranış sisteminin bir hissəsidir. Uşaq kiçik yaşlarından müəyyən qaydalara əməl etməyi öyrəndikcə məsuliyyət, intizam və kollektiv daxilində davranış vərdişləri də formalaşır.
Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli qərarı ilə 2022-ci il 17 mart tarixli 96 nömrəli qərarla təsdiqlənmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nə müvafiq dəyişikliklər edilib. Yeni qaydaya əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Eyni zamanda yeni qaydalarda milli-mənəvi dəyərlərin qorunması və təbliği də nəzərə alınıb. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya milli geyim elementlərindən istifadəyə icazə verilir. Bu yanaşma məktəbin yalnız akademik bilik verən deyil, həm də milli mədəniyyətin öyrənildiyi və gələcək nəsillərə çatdırıldığı sosial institut olduğunu bir daha göstərir. Milli bayramlar, tarixi günlər, mədəniyyət və incəsənətlə bağlı məktəb tədbirləri şagirdlərin xalqın tarixi irsini yaxından tanıması üçün mühüm vasitədir. Belə tədbirlər zamanı milli geyim və onun ayrı-ayrı elementlərindən istifadə tarixi-mədəni irsin əyani şəkildə təqdim edilməsinə, uşaqlarda milli mədəniyyətə marağın güclənməsinə xidmət edə bilər.
Yeni dəyişikliklər valideynlərin də məsuliyyətini konkretləşdirir. Valideynlər və digər qanuni nümayəndələr övladlarının, yaxud qəyyumluğunda və ya himayəsindəki şəxslərin məktəbli forması ilə bağlı qaydalara əməl olunmasını təmin etməlidirlər. Məktəb qaydalarının effektiv tətbiqi yalnız məktəb rəhbərliyinin və müəllimlərin fəaliyyəti ilə mümkün deyil. Təhsil prosesində məktəb, şagird və valideyn arasında qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Uşaq məktəbdə müəyyən edilmiş qaydanın ailə tərəfindən də dəstəkləndiyini gördükdə həmin tələbi daha asan qəbul edir və ona məsuliyyətlə yanaşır.
Geyim formasına dair tələblərin tətbiqi zamanı yarana biləcək məsələlərin həlli mexanizmi də müəyyənləşdirilib. Yeni müddəaya əsasən, sənədin tələblərinə şagirdlər tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir. Bu, geyim qaydalarının icrası ilə bağlı məsələlərin məktəb daxilində hansı qurum tərəfindən nəzərdən keçiriləcəyini konkretləşdirir. Digər mühüm məqam şəffaflığın təmin edilməsidir. Mövcud qaydalara görə, geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən edilir və ən azı üç tədris ili ərzində dəyişilməz tətbiq olunur. Yeni dəyişikliyə isə qərarın qəbul edildiyi tarixdən beş iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməsi tələbi əlavə edilib. Bu müddəa valideyn və şagirdlərin tətbiq edilən geyim forması barədə məlumatı rəsmi mənbədən əldə etməsinə imkan yaradır. Məktəbdə hansı geyim dəstinin tətbiq olunduğu, bunun hansı qərara əsaslandığı barədə məlumatın əlçatan olması həm şəffaflığı artırır, həm də sonradan yarana biləcək anlaşılmazlıqların qarşısının alınmasına kömək edir.
Ümumiyyətlə, vahid məktəbli formasının tətbiqinə yalnız inzibati tələb kimi yanaşmaq məsələnin mahiyyətini tam əks etdirməz. Burada daha geniş sosial və pedaqoji məqsədlər mövcuddur. Məktəbə daxil olan uşaq fərqli ailə, sosial və mədəni mühitdən gələn yüzlərlə həmyaşıdı ilə eyni məkanda təhsil alır. Təhsil müəssisəsinin mühüm vəzifələrindən biri bu fərqlərin uşaqlar arasında ayrı-seçkilik və ya sosial təcrid amilinə çevrilməsinə imkan vermədən onları ortaq təhsil mühitində birləşdirməkdir. Məktəbli formasının vahidliyi də bu ümumi mühitin görünən elementlərindən biri kimi çıxış edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"