Çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar, soyqırımı həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər. 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan onların himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə, eləcə də I Qarabağ müharibəsi dövründə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirib.
1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımları həmin ilin avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı materiallarda və fotoşəkillərdə öz əksini tapmışdır. Bununla əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı" haqqında verdiyi fərman, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 18 yanvar tarixli "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam ermənilərin cinayətkar və terror əməllərinin araşdırılması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi əhəmiyyət kəsb edir.
Erməni-daşnak quldur dəstələri 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışlar. Sənədlərdə gəmilərin adları "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", "Salyanets", "Demosfen" kimi qeyd olunur. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndlərə hücum edərək əhalinin mülklərini qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişlər. Erməni-daşnak quldur dəstələri və silahlı birləşmələri Neftçalanın Bankə, Seyidlər, Uzunbabalı, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndlərinə hücum edərək qarət, soyğunçuluq, vəhşicəsinə qətliam və soyqırımı törətmişlər. "İzvestiya Bakinskoqo Soveta" qəzetinin 2 iyul 1918-ci il tarixli sayında göstərilir ki, Göyçay ətrafında döyüşlərin cərəyan etdiyi vaxt Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qoşunları ilə türk-Azərbaycan qoşun bölmələri arasında döyüş baş vermişdi. Ertəsi gün səhər saat 4-də Surra ilə Qarabucaq kəndləri arasında döyüşlər yenidən qızışmışdı. Kür çayında dayanan hərbi gəmilərin aramsız atəşləri türk-Azərbaycan qoşunlarını öz mövqelərini tərk etməyə məcbur etmişdi. Onlar geri çəkilərkən Ərəbqardaşbəyli kəndi yaxınlığında yeni mövqelər tutub sovet dəstəsinin qarşısını kəsməyə cəhd göstərmişdilər. Lakin bu cəhd də heç bir nəticə verməmişdi.
Burada döyüşən sovet dəstəsinin tərkibində 2 mindən çox piyada, 12 pulemyot, 6 top var idi. Dəstə eyni zamanda Kür çayında üzən iki hərb və bir nəqliyyat gəmisi tərəfindən müşayiət olunurdu. Onun tərkibində 200 rus, 300 iranlı, qalanlarının isə erməni olması güman edilirdi. Ancaq Muğaran bolşevik komissarı bu qədər qüvvə ilə də kifayətlənmir, bölgənin rus əhalisi arasında səfərbərlik keçirərək qüvvələrin sayını 6 minə çatdırmağı planlaşdırırdı. Bu qədər qüvvənin silahlandırılması üçün zəruri olan silah və sursatı isə Bakıdan istəyirdi. Surra-Qarabucaq kəndləri ətrafında baş verən döyüşün uğursuz nəticəsi barədə xəbər alınan kimi Cavad dəstəsinin komandiri bolşevik qüvvələrinə qarşı bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topundan ibarət qrup göndərir. Bu qrup Salyan ətrafinda döyüşən türk-Azərbaycan bölmələri ilə birləşərək bolşevik qüvvələrinə qarşı vuruşmağa başlayır. İyul ayının 2-də bolşevik qüvvələri türk-Azərbaycan qoşun bölmələrinin hücumunu dəf edə bilməyərək Bakıya doğru geri çəkilirlər. Türk mənbələrinə görə, bu döyüşdə bolşevik qüvvələri 600 nəfərədək itki vermişdi.
M.Süleymanov "Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi (Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu)" adlı məqaləsində qeyd edir ki, Kür çayının mənsəbi bolşevik qüvvələrindən azad edildi. Sovet hərbi gəmilərinin Kür çayı ilə üzüyuxarı irəliləməsinin qarşısının alınması üçün onun mənsəbində bir neçə gəmi və barj batırıldı. Salyan dəstəsinin komandiri Kür çayının mənsəbində aparılmış döyüşlərin nəticəsi barədə 5-ci Qafqaz diviziyası komandanlığına göndərdiyi məlumatında yazırdı: "...Qovulan düşməndən dörd makinalı tüfəng, 63 piyada tüfəngi, 100 sandıq piyada və top mərmisi, 7 kiçik paroxod, bir miqdar benzin, duzlu balıq və sair əşya qənimət götürülmüş, biri erməni və digərləri iranlı olmaqla otuz bir kişi əsir edilmişdir. Dəstədən ikisi milis (azərbaycanlı könüllü) olmaqla 11 əsgər şəhid, 1 zabit və 13 əsgər yaralanmışdır.
Bu hərəkat və müharibədə 28-ci taburun 3-cü bölük komandiri, birinci mülazim Bəsri əfəndi və 26-cı taburun 1-ci bölük komandir vəkili Həmdi əfəndi fədakarlıq göstərdiklərindən təltif olunmaları istənilmişdir".
M.Süleymanov yazır: "Həm Salyan-Bankə ətrafındakı döyüşlərin nəticələri, həm də Şamaxı ətrafındakı böyük məğlubiyyət elə daşnak qüvvələrinin etibarsızlığı ilə əlaqələndirilirdi. Amma əslində Azərbaycanın bolşevik-daşnak qüvvələrindən təmizlənməsində çox böyük əhəmiyyəti olan bu uğurun qazanılması Qafqaz İslam Ordusu komandanlığının təşkilatçılıq məharətinin, həyata keçirdiyi əsaslandırılmış hücumun məntiqi nəticəsi, habelə bolşevik-daşnak qoşunlarına qarşı cəbhə tutmuş əsgər və zabitlərin mübarizliyinin, qətiyyət və igidliyinin nümayişi idi".
A.Əbilov "Qafqaz İslam Ordusu Neftçalada" adlı kitabında Salyan və Neftçalada erməni-bolşevik birləşmələrinin törətdiyi soyqırımından və türk qardaşlarımızın səyi nəticəsində bu ərazilərin düşmən qüvvələrindən təmizlənməsindən danışılır. Kitabda erməni-bolşevik birləşmələrinin məhz Neftçala və Salyan ərazisində soyqırımı törətməsinin səbəblərinə toxunulmuşdur. Belə ki, erməni-bolşevik qüvvələrinin Xəzər dənizindən Kür çayı vasitəsilə Azərbaycanın içərilərinə daxil ola bilməsi üçün sözügedən ərazilər mühüm strateji məntəqə idi. Bu ərazilərin nəzarətə götürülməsi Gəncə ilə Bakı arasında rabitənin kəsilməsinə şərait yaradırdı. Həmçinin Muğanın bol taxıl ehtiyatına malik olması da düşmən qüvvələrinin bu ərazidə qırğınlar törətməsinə səbəb olardı. Qafqaz İslam Ordusu bu ərazilərin xilasında mühüm rol oynamış, türk qardaşlarının imdadına yetişmişdi.
"İzvestiya Bakinskoqo Soveta" qəzetinin13 iyun 1918-ci il tarixli sayında verilən məlumata görə, Salyan və Neftçalada bolşeviklərin 3-cü və 5-ci taborları yerləşdirilmişdi. Salyandakı 3-cü tabora Ter Avakimov, Neftçaladakı 5-ci tabora Danilyan başçılıq edirdi.
1918-ci ildə Qaraqaşlıda erməni zülmü nəticəsində sağ əli biləyindən kəsilmiş Sürəyya Abbasova bu günlərəcən yaşayırdı. Sürəyya ananın söylədiyi vaqeələr qorxulu bir nağıl kimi indiyəcən xatirələri diksindirməkdədir: "Yay vaxtı idi. Kəndə küy düşdü ki, durmayın qaçın, ermənilər gəlir. Ailəm yanımda deyildi. Qaynım Ağakişi kənddən altı qadını və iki uşağı götürüb piyada Babazənən dağına tərəf apardı. Ağakişinin də yoldaşı - on iki ilin gəlini nübaranlıq hamilə idi. Babazənninin çökəyində yığışıb sığınacaq tapdıq. Bir də gördük ki, bir nəfər atlı beş-altı nəfər piyada ilə gəlir. Silahlı idilər. Qabaqdakı kəndin adamı idi. Ermənilərə bələdçilik edirdi imansız. Xülasə, çatar-çatmaz Ağakişini güllələdilər. Ağakişi yıxılanda gəlin sürünə-sürünə ərinə tərəf getdi. Başını qucaqlayıb oxşayanda gavur gəlini də qanına qəltan elədi. On iki ilin nübar hamiləsi ərinin qanına bələşdi. Camaatın arasındakı o iki tifil qucağıma qaçanda məni də vurdular. Çiynimdən, biləyimdən və dizimdən yaraladılar. Yerdə qalan on səkkiz nəfəri də qətlə yetirdilər ermənilər. Üç gün, üç gecə meyitlərin arasında qaldım. Orucluq ayı idi". Sonra türklər gəlib meyitləri yığanda Sürəyya xanımı salamat tapmışdılar. Sürəyya Abbasova onu da deyirdi ki, ermənilərdən biri burada qalmışdı. Kürün qırağında qayalıqların arasında gizlənirdi. Kürə suya gedən gəlinlərdən biri həmin erməninin başını oraqla kəsmişdi.
A.Məmmədov "Düşünmək məqamı..." adlı məqaləsində yazır ki, bir ay sonra kənddə taun xəstəliyi yayılıbmış. Böyük tələfatla nəticələnən xəstəliyin nişanəsidir ki, Misali qəbiristanlığında o ilin ölənləri ev-ev, ailəbəailə dəfn olunublar. Sonralar 1948-ci ildə Bakıdan Sürəyyanı danışdırmağa adamlar gəlirmiş, qadından söhbətlərini dinləyib, nəyi isə qeyd edərmişlər və axırda da "ermənilər deyildi sizi qıranlar, daşnaklar idi" deyib gedərmişlər. Aşıq Qəhrəmanın da, Sürəyya Abbasovanın da müdhiş və qan boyalı xatirələri gözlər önündən çəkilməyəcək. Qaraqaşlıdan bir az bəri tərəfə - Ərəb Bəbirxanlı kəndində 1918-ci ilin iyulunda ermənilər kəndin camaatını tikə-tikə doğramışdılar.
1918-ci ilin 27-28 iyununda isə Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin döyüşlərdə türk-Azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdular. Bu döyüşlərdə erməniləri Kür çayından hərbi gəmilər müşayiət edirdi. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi - bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 maksim pulemyotundan və 2 topdan ibarət idi.
Məqalədə göstərilir ki, türk ordusunun Qaraqaşlıdakı 40 nəfərlik bölməsinə türk zabiti Ramazan bəyin, Bankədə döyüşən dəstəyə isə keçmiş çar ordusunun zabiti mayor Nazim Ramazanovun eyni istiqamətdə döyüşən dəstələrə komandirlik etmələri xalq arasında izzətli bir "Ramazan paşa"nın meydana gəlməsinə səbəb olmuşdur. O da var ki, Bankə döyüşlərinin nəticələri barədə 5-ci Qafqaz Firqə Komandanlığına göndərilmiş raportu o zaman Ramazan bəy imzalamışdı.
Y.Qazıyev "Erməni məsələsi: yalanlar və gerçəklər" adlı əsərində yazır ki, Cavad qəzasının Qaraqaşlı-Bankə istiqamətlərində gedən döyüşlərdə türk zabitlərinə bələdçilik etmiş Ağapaşa adlı bir yurddaşımızın ehtiramla anılmaq haqqı var. Ümumiyyətlə, həmin hadisələr zamanı türklərə kömək üçün yerli əhalidən də əsgərlər yığılmışdı. Yerli gənclərin səfərbər olunmasında o dövrdə Xıllıda siyasi fəaliyyət göstərən müsavatçıların müstəsna xidmətləri olmuşdur. Ağakişi Nağıyev kimi türklərə qoşulub gedənlər və bir daha geriyə qayıtmayanlar da var idi. Bir az əvvəl qeyd olunduğu kimi, iyulun sonlarında Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını təmin etmişdilər. Həmin bölüyün əsgərlərindən biri Həsən Çavuş isə sonralar Neftçalada qalıb geriyə qayıtmamış, evlənib ailə quraraq övlad-uşaq sahibi olmuşdu. Məzarı Qazaxdərəsi kəndindədir. Bəstəboy və sərt adam olan Həsən Çavuş sovet quruluşunu sona qədər qəbul etməmişdi.
1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının (FTK) 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə Əlimərdan bəy Topçubaşovun arxivindən aşkar olunmuşdur.
Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri - əsasən soyqırımına məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə edilmişdir.
Fikrimcə, həm yerli, həm də dünya ictimaiyyətinə azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin məqsədlərini durmadan anlatmalı və qəbul edilməsi üçün tədbirlər görməliyik. Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıvan, Zəngəzur, İrəvan, Salyan, Neftçala, Lənkəran, Göyçay, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə baş vermiş soyqırımı haqqında tarixi həqiqətlərin ətraflı şəkildə dünya ictimaiyyətinə çatdırılması son dərəcə mühüm və əhəmiyyətli məsələdir.
Sübhan TALIBLI,
tarix üzrə fəlsəfə doktoru, dosent