Keçmiş hərbi xunta din xadimlərindən vasitə kimi istifadə etməyə başlayıb
Hayastanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir.
Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin bu ölkənin müəyyən bir qismi tərəfindən etirazla qarşılanması, bununla yanaşı, aksiyalarda daha çox erməni din adamlarının adının hallanması əslində, iki ölkə arasında aparılan danışıqları hərbi-siyasi, diplomatik kontekstdən çıxarıb dini aspektlərə yönəltmək cəhdidir.
Göründüyü kimi xalq arasında nüfuzunu itirən keçmiş hərbi xunta təmsilçilərinin din xadimlərindən vasitə kimi istifadə etmələri açıq-aydın ortadadır. Burada əsas məqam da bu yürüşə erməni keşişin başçılıq etməsidir.
Hayastan hakimiyyəti bəyan edib ki, sərhədlərin delimitasiyası ölkənin təhlükəsizliyinin təmin edilməsinin yeganə çıxış yoludur. Buna qarşı çıxan erməni radikallar isə hazırda Ermənistanı növbəti dağıdıcı müharibə təhlükəsi ilə üzləşdirməyə cəhd göstərirlər. Çünki sərhədlərin delimitasiyasından imtina məhz növbəti müharibəyə legitim səbəblər yaratmaq deməkdir. Onlar kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə təzyiq göstərərək, sərhədlərin delimitasiya prosesinin dayandırılmasını tələb ediblər. Halbuki, indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz. Erməni radikallar hələ ötən əsrin 90-cı illərində olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə çata biləcəklərinə ümid bəsləyirlər.
"Hraparak" nəşri yazıb ki, siyasi meydan diskomfort vəziyyətdədir, bu ana qədər Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) müxtəlif siyasi qüvvələrə öz dəstək və təkliflərini təqdim etməyə çalışsa da, öz oyununu oynayır. Nəşr qeyd edib ki, o, sadəcə dinləyir və hərəkatın təşəbbüskarları ilə müzakirə edəcəyi məsələləri çatdırır: "Keşiş "Vətən naminə Tavuş" fəalı ilə yanaşı, Abraham Qasparyana, Avetik Çalabyana da müəyyən yer verir, titul sahibi müxalifətçiləri kölgədə saxlayır. Yeri gəlmişkən, onlar da zərər verməmək prinsipi ilə müdaxilə etməməyə çalışırlar. Məsələn, Ermənistanın ikinci və üçüncü prezidentləri prosesə müdaxilə etməməyə çalışırlar. Yeri gəlmişkən, Serj Sarkisyan bir həftədən artıqdır ki, ölkədə deyil, Almaniyadadır, sabah qayıdacaq".
Mayın 21-dən Ermənistan parlamentində növbəti sessiya başlayacaq. Hayastan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatları sessiyalar başlamadan öncə hərəkatın sönməsi üçün dua edirlər. "4rd.am" nəşri yazır ki, hakim fraksiyada narahatdırlar ki, keşiş həmin günlərdə xalqı parlament binasını mühasirəyə almağa çağıra bilər və əgər böyük izdihamı təmin etmək mümkün olsa, o zaman xalqın tələbinə qarşı çıxmaq onlar üçün çətin olacaq: "Yeri gəlmişkən, ötən gün "Hayastan" fraksiyasının deputatları Artur Sarkisyan və Qarnik Danielyan keşişi parlamentə dəvət etmək qərarına gəliblər və gəliş sənədini verəndə, parlamentdə olan hakim fraksiya deputatları arasında əsl çaşqınlıq və ajiotaj başlayıb. Fikirləşiblər ki, keşiş binanı gəzəcək, onunla qarşılaşmamaq üçün nə etmək lazımdır?".
Göründüyü kimi, revanşistlər kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Nəzərə alaq ki, Ermənistan kilsəsi kifayət qədər nüfuza və gücə sahibdir. Bu, həm də o anlama gəlir ki, keçmiş hərbi xunta və onların xarici havadarları sonuncu kartdan - kilsə faktorundan yararlanmaq istəyirlər.
Elçin CƏFƏROV,
"Azərbaycan"