Müasir dövrdə qlobal enerji siyasətləri sürətlə şaxələnir və enerji resurslarına sahiblik dövlətlərin geosiyasi mövqeyini müəyyən edən əsas amillərdən biri olaraq qalır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökçe deyib.
Onun sözlərinə görə, Birinci Dünya müharibəsinin əsasən kömür enerji mənbələrinə nəzarət uğrunda aparılması, İkinci Dünya müharibəsinin isə hidrokarbon enerji resurslarına sahib olmaq mübarizəsi fonunda baş verdiyi nəzərə alınarsa, enerji qaynaqlarının strateji əhəmiyyəti aydın şəkildə görünür.
“Hazırda dünya yeni mərhələyə qədəm qoyub və bu mərhələdə kritik minerallar və nadir torpaq elementlərinə sahiblik uğrunda rəqabət aparıcı güclər arasında qarşıdurmanı dərinləşdirir. Kritik minerallar və nadir torpaq elementlərinin sənaye məhsullarına çevrilməsi üçün yüksək texnologiyalı avadanlıqlara, həmin avadanlıqların işləməsi üçün isə məhz neft və təbii qaz kimi hidrokarbon enerji mənbələrinə ehtiyac var. Bu baxımdan hidrokarbon enerji hələ də qlobal enerji sisteminin əsas dayaqlarından biri olaraq qalır”, - deyə A.F.Gökçe qeyd edib.
Ekspert bildirib ki, Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik olması ölkəni strateji baxımdan son dərəcə mühüm mövqeyə yüksəldir: “Avropada müşahidə olunan enerji çatışmazlığı qitə ölkələrini asılı vəziyyətə salır. Maliyyə imkanlarının mövcudluğuna baxmayaraq, enerji resurslarının məhdudluğu Avropa dövlətlərinin müstəqil və çevik strateji qərarlar qəbul etməsini çətinləşdirir. Məhz bu səbəbdən Avropa uzunmüddətli perspektivdə enerji ehtiyaclarını təmin edə biləcək etibarlı, hidrokarbon baxımından zəngin tərəfdaşlar axtarır və Azərbaycan bu tələblərə tam cavab verir”, - deyə professor vurğulayıb.
Ali Fuat Gökçe sonda əlavə edib ki, Azərbaycan qazının Türkiyə üzərindən Avropa bazarlarına çatdırılması iki qardaş ölkənin koordinasiyalı şəkildə hərəkət etməklə Avropa üçün mühüm enerji və təhlükəsizlik aktorlarına çevrildiyini nümayiş etdirir.