Gələcəkdə turizm və beynəlxalq tədbirlərin uğurla təşkili üçün otellərdə stabil və yüksəksürətli internet bağlantısının təmin olunması həlledici əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Ookla” şirkətinin baş icraçı direktoru (CEO) Stiven Bay Azərbaycanın region üzrə “Wi-Fi” performansına dair aparılan genişmiqyaslı təhlillərə münasibət bildirərkən deyib.
Stiven Bay əvvəlcə Azərbaycan hökumətini, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyini (İKTA) və sənaye nümayəndələrini ölkədə fiber-optik infrastrukturun sürətli inkişafı münasibətilə təbrik edib.
“Fiber bağlantı çox güclüdür və sürətlər yüksəkdir. Lakin istifadəçilərin real təcrübəsi çox vaxt otellər daxilindəki “Wi-Fi” şəbəkəsinin imkanları ilə məhdudlaşır. Bu sahədə təkmilləşdirmələr aparmaq üçün ciddi potensial mövcuddur. Aparılan sorğular və monitorinqlər göstərir ki, bəzi otellərdə “Wi-Fi” performansı yüksək səviyyədə olsa da, digərlərində infrastrukturun modernləşdirilməsinə ehtiyac var. Bu boşluqların aradan qaldırılması turist məmnunluğunu artırmaqla yanaşı, ölkəyə gələn turist axınının və ümumilikdə ÜDM-in artımına töhfə verə bilər”, - deyə baş icraçı direktor vurğulayıb.
Stiven Bay, həmçinin “Speedtest Certified” proqramının milli səviyyədə tətbiqinin iqtisadi və rəqabət üstünlüklərindən danışıb. O qeyd edib ki, “Speedtest” brendi həm turistlər, həm də biznes səyahətçiləri üçün etibarlı göstərici hesab olunur: “Bir hotel və ya məkan “Speedtest Certified” statusu aldıqda, bu, istifadəçilərə təqdim olunan xidmətin keyfiyyətinə dair açıq mesajdır. Beynəlxalq tədbirlərin keçirilməsi və ya istirahət üçün məkan seçimi zamanı bu sertifikat performansla bağlı gözləntiləri formalaşdırır və etimad yaradır. Müasir dövrdə həm turistlər, həm də işgüzar səfərdə olan şəxslər yüksəkkeyfiyyətli interneti əsas xidmət kimi qəbul edir və “Speedtest” sertifikatı bu gözləntilərin real şəkildə qarşılandığını təsdiqləyir”.