04 Oktyabr 2024 08:05
358
SİYASƏT
A- A+
Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma

Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma


2021-ci ilə qədər Türk Şurası adlandırılan Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlərin başçılarının siyasi iradəsi, türk birliyinin formalaşması üzrə verdikləri mühüm qərarlar sayəsində ötən 15 ildə mühüm təşəkkül dövrü keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr genişlənib.


Türk dünyasının həmrəyliyinə və türk dövlətlərinin siyasi-iqtisadi inteqrasiyasına xidmət edən 10 Zirvə görüşü


Dost və qardaş türk dövlətlərinin dil, tarix və mədəniyyətindən güc alan TDT Avrasiyada sülh, sabitlik və rifaha önəmli töhfələr verərək regionun nüfuzlu təşkilatlarından birinə çevrilmişdir. Bu dövrdə TDT bir çox nüfuzlu təşkilatla əməkdaşlıq qurmuşdur.

Yarandıqdan sonra TDT-nın 10 Zirvə görüşü keçirilmişdir. Birinci Zirvə görüşü "İqtisadi əməkdaşlıq" mövzusu adı altında 20-21 oktyabr 2011-ci ildə Almatı şəhərində baş tutmuşdur. İkinci Zirvə görüşü 22-23 avqust 2012-ci Bişkek şəhərində keçirilmişdir və mövzusu "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq" olmuşdur. Üçüncü Zirvə görüşü 15-16 avqust 2013-cü ildə Azərbaycanın Qəbələ  şəhərində keçirilmişdir. Bu dəfə isə mövzu "Nəqliyyat və bağlantı" idi. Dördüncü  Zirvə görüşü "Turizm sahəsində əməkdaşlıq" mövzusu adı altında  4-5 iyun 2014-cü ildə Bodrum şəhərində baş tutmuşdur. Beşinci Zirvə görüşü 10-11 sentyabr 2015-ci ildə "Media və informasiya sahəsində əməkdaşlıq" mövzusu adı altında Qazaxıstanın Astana şəhərində, VI Zirvə görüşü 1-3 sentyabr 2018-ci ildə "Gənclik və milli idmanlar" mövzusunda Qırğızıstanın paytaxtı Bişkekdə, VII Zirvə görüşü "Kiçik və orta sahibkarlığın dəstəklənməsi" mövzusunda 2019-cu ildə Bakıda, VIII Zirvə görüşü 15 oktyabr 2021-ci ildə "Rəqəmsal çağda "yaşıl texnalogiyalar" və "ağıllı şəhərlər" mövzusunda İstanbulda, IX Zirvə görüşü isə 2022-ci ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilmişdir. 

2023-cü il noyabrın 3-də isə Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü olmuşdur. Bu Zirvə görüşündəki nitqində Prezident İlham Əliyev türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bəyan etmişdir: "Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir". 

Hələlik sonuncu olan Astana görüşündə əldə olunan razılaşmaların türk dövlətlərinin münasibətlərinə yeni töhfələr verəcəyi şübhəsizdir.

Bu zirvə görüşlərinin bəziləri təşkilatın inkişafı və genişlənməsi baxımından xüsusilə əlamətdar olmuşdur. Məsələn, VI Zirvə görüşündən sonra təşkilatın ən mühüm nailiyyətlərindən biri Macarıstanın paytaxtı Budapeşt şəhərində TDT-nin ofisinin açılmasıdır. Budapeştdə ofisin açılması təklifi Macarıstanın Baş naziri Viktor Orban tərəfindən irəli sürülmüşdü. Ofis türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli rol oynayır, təşkilatın fəaliyyətinə töhfə verir, inkişafına müsbət təsir göstərir.

2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşü isə təşkilatın yaranmasının 10 illiyinə təsadüf edirdi. 10 illik yubileyin və Bakı görüşünün başqa əsas özəlliyi Özbəkistanın təşkilata tamhüquqlu üzv olması idi. Beləliklə, 2009-cu ildə Naxçıvan sazişi ilə əsası qoyulan və 2019-cu ilə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu təşkilata həmin il daha bir türk dövləti  - Özbəkistan qoşuldu. Təbii ki, bu ölkənin TDT-də təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı müasir dövrün tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. 


TDT-nin fəaliyyətinin gücləndirilməsinə xidmət edən təşəbbüslər


2009-2019-cu illərdə TDT çoxprofilli beynəlxalq təşkilat kimi formalaşma dövrü keçmişdir. Son illər isə təşkilatın fəaliyyətində qarşılıqlı fəaliyyətin daha keyfiyyətli mərhələsinə və infrastruktur, sərmayələr, qanunvericilik sahələrində, həmçinin iqtisadiyyatın real sektorunda birgə layihələrin həyata keçirilməsini ehtiva edən sıx inteqrasiyaya keçmə mərhələsi olmuşdur. Məhz bu mərhələnin ilk iki ilində  - 2019-2021-ci illərdə Azərbaycan quruma sədrlik etmişdir. 

Azərbaycanın 2019-2021-ci illərdə TDT-yə sədrliyi dünyada koronavirus pandemiyasının şiddətlə tüğyan etdiyi dövrə təsadüf etdi. Məlum olduğu kimi, pandemiyanın pik dövründə Prezident İlham Əliyev bu bəla ilə mübarizədə qlobal liderlik missiyasını öz üzərinə götürdü. Dövlət başçısı  bu vəziyyətin heç kimə xeyir gətirməyəcəyini və koronavirusla mübarizədə qlobal həmrəyliyin vacib olduğunu nəzərə alaraq, dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da TDT-nin videokonfrans vasitəsilə "COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq" mövzusunda fövqəladə Zirvə görüşünün keçirilməsi koronavirusla mübarizədə ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Azərbaycan Prezidenti bu həssas durumda böyük siyasi qətiyyət nümayiş etdirərək Türk Şurasının sədri kimi bu qurumun səmərəli fəaliyyətinə nail oldu, eyni zamanda qardaş və tərəfdaş ölkələrlə həmrəylik nümayiş etdirdi.

Beləliklə, TDT dünya miqyasında ilk beynəlxalq təşkilat oldu ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş tədbir keçirdi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında bununla bağlı demişdir: "Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır".

Azərbaycan Prezidenti həmin həssas durumda belə böyük siyasi qətiyyət nümayiş etdirərək TDT-nin sədri kimi bu qurumun səmərəli fəaliyyətinə nail oldu, eyni zamanda qardaş və tərəfdaş ölkələrlə həmrəylik nümayiş etdirdi. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan prezidentləri və Macarıstanın Baş naziri ilə yanaşı, ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesusun konfransda iştirakı İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin təsdiqi kimi tarixə düşdü. Təsadüfi deyil ki, konfrans iştirakçısı olan bütün dövlət rəhbərləri, o cümlədən ÜST-ün Baş direktoru Prezident İlham Əliyevə təşəkkürlərini ifadə etdilər. Çıxışlarda tədbirin koronavirus pandemiyası ilə mübarizədə türkdilli dövlətlərin həmrəyliyini daha da möhkəmləndirəcəyi birmənalı bəyan olundu. 

Fövqəladə Zirvə görüşünün keçirilməsi və səslənən təkliflərin həyata keçirilməsi koronavirus təhlükəsinin səngimədiyi çətin dövrdə türkdilli dövlətlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. Ən əsası isə odur ki, Azərbaycan Prezidentinin təşəbbüsünün dəstəklənməsi və təqdir olunması türkdilli dövlətlər arasındakı həmrəyliyin möhkəm olduğunu və  İlham Əliyevin qeyd etdiyi kimi, onların yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanında olduğunu göstərdi. 

Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, respublikamız türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Ümumiyyətlə isə, sürətlə dəyişən dünya nizamı da göstərirdi ki, türk dövlətlərinin bütün məsələlərdə həmrəylik nümayiş etdirməsi həmişə olduğundan daha çox vacibdir. Bunları nəzərə alan Azərbaycan sədrliyi dövründə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsi istiqamətində mühüm işlər gördü. Məsələn, 2019-2021-ci illərdə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.  

2021-ci il martın 31-də videokonfrans vasitəsilə TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi və bu, respublikamızın təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində keçirilən sayca ikinci tədbir oldu. Tədbir zamanı Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş "Mənəvi paytaxt" statusu verildi. 

Bu dövrdə təşkilata üzv olan dövlətlərin iqtisadiyyat, səhiyyə, nəqliyyat, xarici işlər nazirlərinin videokonfrans formatında da görüşləri keçirildi. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları maraq göstərirlər. 2021-ci il sentyabrın 10-da Bakıda "Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş" biznes-forumun keçirilməsi də marağın nəticəsi idi. Həmçinin Bakıda Türkdilli Dövlətlərin Baş Prokurorlarının 1-ci iclası keçirilib və Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olunub.

Göründüyü kimi, Azərbaycanın təşkilata sədrliyi dövründə Türk Şurasının səmərəli, məhsuldar və uğurlu fəaliyyəti təmin olunub, üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində mühüm addımlar atılıb. Ən əsası, Azərbaycanın sədrliyi dövründə görülən işlər təsdiqləyib ki, qloballaşan və dünya nizamının dəyişdiyi indiki dövrdə türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. 


Azərbaycanın qələbəsi türk dünyasının zəfəridir


Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etdi. Bu dövrdə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı, ərazi bütövlüyümüz təmin olundu. 

Müharibə dövründə Türk Şurası ilk gündən Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi və əlbəttə ki, bu  həm də hər bir türk dövlətinin savaşla bağlı mövqeyinin ifadəsi idi. Vətən müharibəsinin ilk günlərində  təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edildi. 

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Türk Şurasının 2021-ci il martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə də xüsusi qeyd olundu. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Türk Şurasının keçmiş baş katibi Bağdad Amreyevin təbrikləri göstərdi ki, Azərbaycanın qələbəsini bütün türk dünyası öz zəfəri kimi qəbul edir. 

Bütövlükdə Azərbaycanın  Vətən müharibəsində qələbəsi bütün türk dünyasının zəfərinə çevrildi. Bu hadisə türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə görüşü Azərbaycanın qələbəsinin türk dövlətləri tərəfindən qeyd olunması baxımından mühüm siyasi hadisə oldu. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra keçirilən ilk Zirvə görüşü olduğundan 44 günlük müharibədə qazanılan Zəfər bütün türk dünyasının uğuru kimi, tədbirin yüksək ovqatını müəyyən edən amil kimi özünü göstərdi. "Rəqəmsal dövrdə "yaşıl texnologiyalar" və "ağıllı şəhərlər" mövzusunda görüş həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında keçirilən sonuncu zirvə toplantısı oldu.

İstanbulda mühüm qərarlar qəbul olundu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, "Türk dünyasına baxış - 2040" sənədinin qəbulu ilə bağlı qərarların qəbul olunması bütövlükdə təşkilatın fəaliyyətini yeni mərhələyə yüksəldən addımlar oldu. Zirvə görüşünün bizim üçün əsas hadisəsi isə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu.

Prezident İlham Əliyev bu mükafata Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Vətən savaşındakı qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Ermənistanın işğal siyasətinə son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar və yeni əməkdaşlıq imkanları yaratdı. 

Türk Dünyasının Ali Ordenini təltif edərkən "Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev" deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, dövlətmizin başçısı "qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən 30 il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoydu: "Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır". Türkiyə Prezidenti xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmiş, Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın  nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür. Türk Dünyasının Ali Ordeninə görə dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev  bunun bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirmişdir: "Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".

Ümumiyyətlə, TDT hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. Təşkilatın katibliyi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabrdan başlayaraq Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermiş, təşkilatından keçmiş baş katibi Bağdad Amreyev 2020-ci il 20 oktyabr tarixdə Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. 

Azərbaycanın zəfərinin türk dünyasının qələbəsi olması 2022-ci ilin noyabr ayında keçirilən IX Səmərqənd Zirvə görüşündə də bəyan olundu.  Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın yanında olduqlarını bir daha bəyan etdi: "Cənubi Qafqazda sülh prosesi can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq". 

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də Azərbaycanın zəfərinin bütün Türk dünyasının böyük uğuru kimi qarşılanmasının təcəssümü idi. Eyni zamanda Şuşanın 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi şəhərin türk dünyası üçün böyük mədəni əhəmiyyətə malik olduğunun göstəricisi oldu. 

Memarlıq və şəhərsalma sənətinin 272 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Ötən il bu istiqamətdə ölkədə çoxsaylı tədbirlər təşkil olundu ki, bunlar həm Şuşanın, həm bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oynadı. 

Türk dünyasının birliyinin möhkəmlənməsi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də görünür. Belə ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür".


Şuşada imzalanan Qarabağ Bəyannaməsi türk dövlətlərinin həmrəyliyinin növbəti təntənəsi oldu


TDT-nin indiyədək 4 qeyri-rəsmi Zirvə görüşü keçirilib. COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş fövqəladə Zirvə görüşü və 2021-ci il martın 31-də keçirilən qeyri-rəsmi Zirvə görüşü barədə bəhs etdik. Daha sonra 2023-cü il martın 16-da Ankarada, 2024-cü il iyulun 5-6-da Şuşada qeyri-rəsmi zirvə görüşləri keçirildi. Ankarada keçirilən Zirvə görüşü Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş dövlətə dəstək məqsədi daşıyıb. Türk dövlətlərinin rəhbərləri Ankarada bir araya gələrək Türkiyənin yanında olduqlarını bir daha göstərdilər. İmzalanan Ankara Bəyannaməsində də türk dövlətlərinin Türkiyənin dərdinə şərik olduğu vurğulandı, təbii fəlakətlərin idarə olunması sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edildi. Bu qeyri-rəsmi Zirvə görüşünün digər mühüm cəhəti iclasda müşahidəçi üzv olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının  üzv dövlətlərlə yanaşı, ən yüksək səviyyədə təmsil olunması idi. Bütün bunlardan belə anlaşıldı ki, tərəfsizliyini qoruyan Türkmənistan türk dövlətləri ilə əməkdaşlığını getdikcə artıracaq və ona üzv olan dövlətlər Kiprlə yaxınlaşmağa davam edəcək. 

Üzv dövlətlər Azərbaycanın Tehrandakı səfirliyinə hücumu və Avropa ölkələrində "Qurani-Kərim"ə qarşı edilən təhqirləri də pislədilər. Bu Zirvə görüşü bir daha göstərdi ki, üzv ölkələr regional və qlobal problemlərə və hadisələrə qarşı birgə hərəkət edir və həmfikirdirlər. 

2024-cü il iyulun 5-6-da Şuşa şəhərində TDT-nin növbəti qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bir daha dünyaya "Qarabağ Azərbaycandır!" reallığının bəyan edilməsi idi. Bu Zirvə görüşü həm beynəlxalq aləmə, həm də Ermənistanın havadarlarına ciddi mesaj oldu. Çünki bu tədbir dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya, Qarabağa yönəltdi. 

Prezident İlham Əliyev də 2024-cü il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulayıb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: "Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".

Beləliklə, 2024-cü il iyulun 5-6-da türk dünyasının diqqəti Şuşada oldu. Regional və beynəlxalq güc mərkəzinə çevrilən TDT-yə daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal Zirvə görüşü keçirildi. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Şuşaya səfər etdilər.

Zirvə görüşü mühüm qərarların qəbulu ilə başa çatdı və tarixi sammit kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə tarixidir ki, azad olunmuş ərazilərdə keçirilən ilk ən yüksək beynəlxalq səviyyəli tədbirdir.

TDT-yə üzv ölkələrin liderləri türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərə söykənən ailə olduğunu hesab edərək, bəşəriyyət tarixində türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzaladılar. Bu sənəd türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarixboyu oynadığı rolunun ən yüksək dəyərini özündə əks etdirir.

Şuşa müqəddəs şəhər  kimi tarixi zəfərimizin parlaq rəmzidir. Bu şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Şuşa görüşündən ortaya çıxan mühüm mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevrilib. Bu baxımdan qeyri-rəsmi Zirvə görüşü türk dünyasının mənəvi bağlantısı istiqamətində mühüm hadisə kimi tarixə düşüb. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar isə türk dünyasının həmrəyliyini və eyni zamanda TDT-nin beynəlxalq nüfuzunu daha da gücləndirib.


(ardı var)  


Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş prezident insan alverində günahlandırılır - Nazirdən açıqlama 

17:12
04 Oktyabr

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub  

16:42
04 Oktyabr

Elmi çağırışların həllində qlobal və regional əməkdaşlığın roluna dair müzakirə aparılıb 

16:42
04 Oktyabr

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

16:40
04 Oktyabr

Azərbaycanın və Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

16:16
04 Oktyabr

Parlamentin İnsan hüquqları komitəsinin ilk iclasında iki məsələ müzakirə edilib

16:15
04 Oktyabr

Azərbaycan və Əfqanıstan “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edib

16:13
04 Oktyabr

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək

16:12
04 Oktyabr

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki məsələyə baxılıb

16:10
04 Oktyabr

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

16:09
04 Oktyabr

Qafqazın sabitlik ünvanı  

16:02
04 Oktyabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

15:51
04 Oktyabr

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşüb

15:30
04 Oktyabr

Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub 

15:26
04 Oktyabr

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

15:21
04 Oktyabr

“İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans panel iclasları ilə davam edir

15:13
04 Oktyabr

Fernandu Santuş: “Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram”

15:11
04 Oktyabr

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

14:55
04 Oktyabr

Kemi Seba Bakıda keçirilən konfransla bağlı təəssüratlarını bölüşüb

14:54
04 Oktyabr

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

14:49
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB-3 

14:48
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!