Bir neçə gündür ki, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur. Bəzi günlərdə tozun miqdarı hətta 5 dəfəyə qədər yüksəlib.
İlk növbədə havadakı tozun mənşəyi bilinməlidir
Havada müşahidə olunan, transsərhəd xarakterli toz Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Aparılan təhlillərə görə, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarımadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan toz kütlələri cənub və şərq istiqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz dumanının yaranmasına səbəb olur. Son illər iqlim dəyişmələrinin təsiri nəticəsində bu prosesin daha tez-tez təkrarlanmasının şahidi oluruq. Hazırda müşahidə edilən durğun, küləksiz hava şəraiti isə cənub-şərq axınları vasitəsilə ölkəmizin ərazisinə gələn toz hissəciklərinin havada daha çox qalmasına səbəb olur.
Tozun nə vaxtadək davametmə müddəti onun kütləsindən asılı olaraq dəyişir. Hazırda tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur. Bunun səbəbi cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədardır.
Mütəxəssislərin fikrincə, bu tozların tərkibi diqqət yetirilməli məsələlərdəndir. Onların tərkibində radioaktiv maddələrin olub-olmaması və ya hansısa tikinti prosesi zamanı havaya atılması aydınlaşdırılmalıdır. İlk olaraq havadakı toz hissələrinin mənşəyi bilinməli, daha sonra ona uyğun tədbirlər görülməlidir. Tozlu hava şəraiti bir sıra ekoloji fəsadlarla yanaşı, insanların sağlamlığına da təsir göstərir.
Toz hissəcikləri qan təzyiqini artırır
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən terapevt Aygün Əliyevanın sözlərinə görə, havada tozun miqdarının artıq olması bir çox sağlamlıq problemlərinə səbəb olur: "Tozlu hava şəraiti ilk olaraq ağciyərlərə təsir edir. Bu zaman nəfəsalma çətinləşir və tənəffüs yollarında qıcıqlanmalar yaranır. Bu, xüsusilə astma, bronxit və xroniki obstruktiv ağciyər xəstəliyi olan insanlarda simptomları ağırlaşdırır. Havada olan toz hissəcikləri, xüsusilə polen və digər allergenlərlə zəngindirsə, allergik reaksiyalara səbəb ola bilər. Bu, burun axması, gözlərdə qaşınma və qızartı, öskürək kimi simptomlarla özünü göstərir. Tozlu havaya uzun müddət məruz qalmaq ürək-damar sisteminə də mənfi təsir edir. Toz hissəcikləri qan dövranına daxil olaraq qan təzyiqini artırır və infarkt riskini yüksəldir. Eyni zamanda toz hissəcikləri dəridə qıcıqlanmaya, quruluğa və hətta iltihaba səbəb olması ilə yanaşı, gözlərdə qıcıqlanmaya, qızartıya və qaşınmaya da gətirib çıxarır".
A.Əliyevanın sözlərinə görə, tozla müşahidə olunan hava şəraiti daha çox allergik problemləri üzə çıxarır: "Buna görə meteohəssas, kardioloji problemi və allergik riniti olan insanlar hava proqnozunu mütləq şəkildə izləməlidirlər. Bu səbəbdən çox vacib olmadığı halda meteohəssas insanlar bu cür hava şəraitində çölə çıxmamalıdırlar. Narahatlıqları artdıqda isə mütləq həkimə müraciət etməlidirlər. Xroniki və yanaşı xəstəliyi olmayan insanların da tozlu havaya uzun müddət məruz qalmaları tövsiyə edilmir. Lakin bu mümkün olmadıqda mütləq tibbi maskadan istifadə edilməlidir".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"