Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan Ramazan Filiyevin nəşi bu gün doğulduğu Balakənin Şərif kəndinə gətirilərək dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərif kəndində dünyaya gələn Ramazan ailənin sonbeşiyi olub. 27 yaşlı gənc üç bacının bir qardaşıdır.
Mərhumun qayınatası Kamil Süleymanov bildirib ki, hadisə baş verən gündən yerli qurumlar ailənin yanında olub, bütün qayğıları ilə maraqlanıb. Kamil Süleymanov onu da əlavə edib ki, dəfn mərasimindən sonra bir çox dövlət təşkilatlarının nümayəndələri başsağlığına gələrək, onların qayğıları ilə maraqlanır.
Ramazan Filiyevin qohumu, həm də yaxın dostu olan Ramazan Bicilov bu itkinin ağır olduğunu, onun mərd və cəsarətli insan kimi hər zaman qəlblərdə yaşayacağını vurğulayıb.
Dəfn mərasimində kənd sakinləri və rayon rəhbərliyi iştirak edib.
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Nəticədə 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salıb, təcili ölkəyə qayıdaraq qəzanın nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirib. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılıb, ölkədə birgünlük matəm elan olunub.